📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AXCP-də daha bir istefanın pərdəarxası

2023-06-19 13:33:00

AXCP-də daha bir istefanın pərdəarxası

Qurultaya hazırlaşan AXCP daxilində münasibətlər yenidən gərginləşib. 

Vəziyyət o həddə çatıb ki, tanınmış iqtisadçı, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli partiyadan və Milli Şuradan istefa verib. Təkcə partiya daxilindəki vəzifəsindən yox, ümumilikdə üzvlükdən imtina edən Vahid Məhərrəmlinin qurultaydan öncə bu addım atmasının səbəbləri partiya daxilində uzun illərdən bəri gərgin münasiblərin, fikir ayrılığının pik həddə çatmasıdır.

Əli Kərimlinin partiya daxilində idarəetmədə diktator kimi davranması AXCP-nin ötən müddət ərzində böyük parçalanmalarla üz-üzə qoyub. Hazırda Əli Kərimlinin ətrafında siyasi fəaliyyəti ilə tanınmış kimsə qalmayıb. Milli Hərəkatın üzvü olaraq da sonra fəaliyyətini AXCP-də davam etdirən nüfuzlu şəxslərdən kimsə Əli Kərimlinin yanında deyil. Çünki Kərimlinin partiya daxilindəki avtoritarizmi, müxalifətin məğlub duruma salınmasındakı birbaşa və maraqlı rolu özünü hərəkata həsr edənlərin AXCP-dən uzaqlaşmasına səbəb olub və indi bu siyahıya daha biri əlavə olundu.

Vahid Məhərrəmlinin Əli Kərimlinin partiyanı idarəetmə qaydalarından narazı olduğu bəlli idi. Hətta məlumata görə, Əli Kərimli V.Məhərrəmlinin təkcə siyasi fəaliyyətini yox (zatən bu, özünü o qədər də biruzə vermirdi), həm də peşəkar fəaliyyətini nəzarətdə saxlamağa, diqtə etməyə cəhd göstərirdi. Məsələn, digər partiya üzvləri və rəhbərlikdə təmsil olunan şəxslər kimi, V.Məhərrəmli də hətta mətbuata açıqlamalarını əvvəlcə Əli Kərimli ilə razılaşdırmalı idi.

Yəni kənd təsərrüfatı ekspeti olan V.Məhərrəmli bu sahədə danışmaq üçün bu sahədən heç bir məlumatı olmayan Əli Kərimlidən icazə almalı idi və təbii ki, Əli Kərimli bu razılığı öz maraqlarına uyğun verirdi. 

Bundan başqa, V.Məhərrəmlinin Fuad Qəhrəmanlı, Təzəxan Mirələmli, Məmməd İbrahimlə də problemləri olub. Məlumata görə, V.Məhərrəmli növbəti qurultayda İdarə Heyətinə üzv seçilə bilməyəcəyini görüb və bəribaşdan üzvlükdən gedib. Başqa sözlə, Əli Kərimlinin partiyanı daxildən dağıtmağa yönəlik fəaliyyəti öz “bəhrəsini” verib.

Əli Kərimli hələlik bu istefaya səssiz qalır, bu da onun məsələni sanki partiya və özü üçün önəmsizləşirmək cəhdidir. 

İndi başı yeni qurultayın hazırlığına, daha doğrusu növbəti “deyinmə sezonuna” qarışıb.

“Hakimiyyət AXCP-nin bir böyük zalda qurultay keçirməsini belə özünə təhlükə sayırmış ki. Hətta əvvəlki illərdə qurultay keçirdiyimiz zallarda da indi qurultay keçirməyə imkan verilmir. Qurultayımız isə belə maneələrə görə illərlə yubanır. Ona görə də qərara gəldik ki, hakimiyyətin razılaşdığı Maştağa mədəniyyət evinin zalı kiçik olsa da, qurultayımızı birtəhər keçirək.

24 iyun 2023-cü il saat 10-da AXCP növbəti qurultayı işinə başlayacaq. Zal kiçik olduğu üçün qonaq dəvət edə bilməyəcəyik. Potensial qonaqlarımız üzrlü bilsinlər”,-deyə yazmaqla özünü bəribaşdan sığortalamağa çalışıb. Əgər bir patiya üçün qurultay vacibdirsə, onun böyük və ya kiçik zalda olmasının, yaxın və ya uzaqda yer ayrılmasının heç bir əhəmiyyəti yoxdur. 

Yəqin Əli Kəriminin də yadında olar. 90-cı illərin sonunda AXCP-nin bir çağırışı ilə on minlərlə insan şəhərdən uzaqdakı meydanlara axışırdı. Bu, o vaxt idi ki, nə sosial şəbəkələr, nə inernet televiziyaları, nə saytlar vardı, müraciətin xalqa çatdırılması ancaq qəzet səhifələri ilə mümkün idi.

İndi isə Əli Kərimlinin evindən belə çıxmadan bütün ölkəyə xitab etmək üçün hər cür şəraiti var, ancaq ona inanıb arxasınca gedən yoxdur. Əli Kərimli özünü hakimiyyət üçün “təhlükə” elan etməksənsə, yaxşı olar ki, ətrafının niyə bu qədər boşaldığını düşünsün. 

Cebhe.info