📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AYNA-nın "uçurum"a aparan dayanacaqları... "Şans" oyunları yaş fərqinə baxmadan cəmiyyəti "dağıdır"

2024-10-28 14:35:40

AYNA-nın

Avtobus dayanacaqları və metro çıxışlarında hər gün göbələk kimi artan səyyar şans oyunları məntəqələri məktəbdən gələn şagirdlərin "yolüstü əyləncə mərkəzi"nə çevrilib. Son dərs saatı bitdikdən sonra metro və avtobuslardan enən uşaqların birbaşa yaxınlaşdığı məkanlar şans-lotereya oyunlarının keçirildiyi səyyar məkanlar olur. Bu hala xüsusilə "20 Yanvar" və "Şamaxinka" ərazilərində tez-tez rast gəlinir. Axşamüstü böyüklər avtobus dayanacaqlarında marşrut gözləyərkən, məktəblilər həmin vaxtı lotereya pozaraq "dəyərləndirir". Hansı ki, bu məntəqələr 18 yaşından yuxarı şəxslər üçün nəzərdə tutulub və məktəblilərin belə yerlərə yaxınlaşması, oradan lotereya bileti alması qadağandır. Valideynlərinin günlük xərclik kimi verdiyi pulu "səyyar qumarxana"larda xərcləyən uşaqlar "cəmiyyətin gələcək qumarbazı" istiqamətində "inkişaf edirlər".

Lotoreya və ya şans oyunları məntəqələrinin belə sürətlə yayılmasının digər bir səbəbi işsizlik, bazarda artan qiymətlərin qarşısında yetərsiz qalan əməkhaqqı və "asan əldə edilən" qazancdır. İnsanların günlük maddi tələbatını qarşılaya bilməməsi, iş yerlərinin yüksək şərtlərlə işçi qəbul etməsi və ya sahibkarların, məmurların ən yaxın qohum-əqrəbalarını işə düzəltməsi, bacarığa və işin əhli olan insanlara yox, qohumluğa və qan bağına üstünlük verilməsi belə tarazı pozulmuş cəmiyyətin yaranmasına gətirib çıxarır. Təbii ki, bu da qumar şirkətlərinin daha rahat qol-budaq salmasına münbit şərait yaradır.

İndi elə bir metro çıxışı yoxdur ki, üzərində "şans" oyunlarının aparıldığı səyyar məntəqələr olmasın. Hətta bu məntəqələr AYNA-nın bərbad gündə olan, çürüməyə tərk edilmiş "kondisionerli" dayanacaqlarında ən lüks yerləri tutur, dayanacaq kimi istifadəyə verilən pavilyonların sərnişinlər üçün olan oturacaq hissəsi küçə heyvanlarının "istifadə"sinə verilib, digər bir hissəsi lotereya məntəqəsi olaraq fəaliyyət göstərir. Ancaq bu məntəqələrə nəzarət yox dərəcəsindədir. Azyaşlıların lotereya almamaları, oradan uzaq durmaları barədə nə məntəqə nəzarətçisi, nə də aidiyyəti qurumlar tərəfindən heç bir maarifləndirici tədbirlərin aparıldığına rast gəlmirik.

Bir ara metrostansiyalarda narkotik vasitələrinin zərərləri barədə geniş məlumatlar paylaşılırdı. Lakin şans oyunları və onun fəsadları barədə hər hansı maarifləndirici paylaşımlar edilmir, tədbirlər keçirilmir. Hansı ki, artıq məktəblilərin də dadandığı bu "mənəvi narkotik dünyası" cəmiyyətin gələcək qumarbazlarını yetişdirir.

Bizimyol.info