AZ TV-nin İran böhtanına cavabı davamlı olacaqmı?
Artıq İranda Məhsa Əmininin öldürülməsi ilə alovlanan etirazlar bir aydan çoxdur ki, davam edir. Bu etirazlar dünyanın bir sıra media resurslarında əksini tapmaqdadır.
Hazırda bir insan ölümüylə alovlanan etirazlar inqilaba çevrilməkdədir və İran hakimiyyəti etirazların səbəbini özündə görmür. Günahı fərqli ölkələrdə, daha çox Türkiyə ilə Azərbaycanda axtarır. Əslində İranın Azərbaycana bu qərəzli, zəhərli münasibəti birinci dəfə deyil. Amma hər zaman Azərbaycana qarşı qərəzli münasibətə, atılan iftiralara, şər-böhtanlara dözümlü yanaşan dövlət mediası bu dəfə İrana qarşı layiqli cavabı verdi. Azərbaycan Dövlət Televiziyasında canlı yayınlanan "Əsas Məsələ" verilişində Azərbaycan və İran arasında yaşanan gərginlik, Rusiyada gözlənən üçtərəfli görüş və digər gündəm məsələləri müzakirə edildi. Doğru olanı da bu idi.
Amma bu İran tərəfinə dərs olmadı. Belə ki, Azərbaycan əleyhinə fikirləri ilə məşhurlaşan və Azərbaycanı qərəzli şəkildə “Bakı Respublikası” adlandıran bədnam iranlı “ekspert” Ehsan Movəhhediyan özünün “Tvitter” hesabında növbəti cəfəngiyatını səsləndirib:
“Bakı mediasının İran və Rusiyaya qarşı koordinasiyalı hücumu: “Rusiya işğalçı və təcavüzkardır. İranda 30 milyon azərbaycanlı yaşayır və onlar öz yeni hökumətlərini qura bilməlidirlər”.
Ekspert daha sonra Azərbaycan Prezidentinə qarşı da həyasızcasına sərsəmləyib: “Əliyevin yalançı qürurundan qaynaqlanan “axmaqlıq” tamamilə bizim xeyrimizədir. Ümid edirəm ki, belə də davam edəcək ki, Rusiya İranla daha çox əməkdaşlıq etsin”.
Görünür, Az Tv və dövlət maraqlarını güdməli olan digər media resurslarının işi bundan sonra nəinki yüngülləşməyə doğru gedir, əksinə sözü, fikri, mövqeyi öz maraqlarına uyğun yozan, təhrif edən "İran mediası"na söz qandırmaq doğrudan da çətin olacaq.
Ülviyyə, Hurriyyet.az