📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azad edilən ərazilərimizə terror təhlükəsi: separatçılar “qanun” hazırlayır

2022-02-05 11:13:00

Azad edilən ərazilərimizə terror təhlükəsi: separatçılar “qanun” hazırlayır

“Şeytan yuvası” Xankəndindən Azərbaycana qarşı növbəti təxribat; antiterror əməliyyatlarının zamanı çatmadımı?..

Separatçıların uydurma “parlamenti” “artsax ərazilərinin işğalı haqda qanun”u müzakirəyə çıxarmağa hazırlaşır. “Yeni Müsavat” bildirir ki, qondarma rejim “işğal olunmuş ərazi” deyəndə təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini nəzərdə tutmur, həmçinin keçmiş Şaumyan, Laçın, Kəlbəcər və heç vaxt ermənilərin yaşamadığı daha bir neçə rayonumuzu ehtiva edir.

Əlbəttə ki, bu növbəti kağız parçasından və əsəblərimizlə oynamaq cəhdindən başqa bir şey olmayacaq. Ancaq bir nüans var - separatçılar öz aləmlərində bununla azad olunmuş ərazilərimizdə çalışan xarici şirkətlərə, insanlara terror təhdidi yaratmaq üçün “hüquqi əsas” qazana biləcəklərini zənn edirlər. Yəni hədəf həm də bərpa-quruculuq işlərinin getdiyi ərazilərdə çalışan xarici şirkətləri, sadəcə, insanları hədəf almaq üçün “hüquqi zəmin” yaratmaqdır.

Çünki “qanun” layihəsində deyilir ki, xarici şirkətlər Xankəndindən “icazə” almalıdır. Üstəlik, elə bir zamanda ki, Qarabağ anklavına, Xankəndinə xaricdən erməni terrorçu dəstələrinin - “VoMA” qruplaşmasının yığışması prosesi gedir. Maraqlıdır ki, məhz bu fonda Qarabağda Azərbaycan maşınlarını ruslarla birgə “artsax polisi” də yoxlamağa başlayıb. Yəni artıq özlərini tam cəzasız hiss eləməyə başlayıblar.

Azərbaycanın bütün bu təxribatlara cavabı, ön tədbirləri nələr olmalıdır? Bu məsələdə gecikmirikmi? Belə görünür ki, söz artıq kar eləmir. Üstəgəl, sülhməramlılar da onlara qalxan çıxıblar və tamamilə arxayınlaşıblar. Ancaq Azərbaycan ərazilərində bu cür separatçı davranışların bir sərt cavabı olmalıdır. Qondarma rejim cəzasızlıq olduğunu gördükcə, azğınlaşır. Halbuki nəzarətimiz olmayan bu ərazilərdə suverenliyimiz təmin edilməlidir. Baxmayaraq ki, üçtərəfli sazişdə sülhməramlı qoşunların yerləşməsi ilə paralel erməni silahlı dəstələrinin evakuasiyası göstərilib, indiyə qədər 4-cü bənd nəinki icra olunmur, getdikcə arxayınlaşırlar.

Ona görə Azərbaycan tərəfi Qarabağın dağlıq hissəsində separatizmin məhv edilməsi, mülki erməni əhalisinin inteqrasiyası üçün konkret proqramlar irəli sürməlidir. Bəs, rəsmi Bakı hansı siyasəti seçməlidir? Hazırkı reallıq nə qədər davam edə bilər?

Surət Hüseynov zamanın milli qəhrəmanı idi... –

Mirmahmud Mirəlioğlu 

KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a bildirdi ki, separatçıların bu addımlarına görə Rusiya ilə yanaşı Azərbaycanın da günahı var. Onun sözlərinə görə, artıq Dumada separatçı bölgələrin tanınması ilə bağlı məsələlər qaldırılır: “Qarabağı, Dnestryanı əraziləri tanımaq təşəbbüsləri səslənir. Müharibəni axıra qədər etmədik və indi əziyyətini çəkirik. Laçın dəhlizində işğalçı sülhməramlılarla birgə separatçılar bizim maşınları yoxlayır. Bunun məsuliyyəti bizim üzərimizdədir. Ona görə Azərbaycan Ordusu antiterror əməliyyatı keçirməlidir”.

Partiya sədrinin fikrincə, 44 günlük müharibə dövründə situasiya diktə edirdi ki, sona qədər gedək: “İlanın başını əzib quyruğunu saxlamaq olmaz. Ona görə mütləq antiterror əməliyyatı keçirməliyik və dünyaya da bəyan olunmalıdır. Çünki bu, bizim daxili işimizdir onların nazı ilə oynamaq olmaz”.

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, ciddi addımlar atılmalıdır: “Təəssüf ki, hökumət tərəfindən sərt addımlar görmürük. İlk növbədə Laçın dəhlizinə kontrolumuzu tamamilə götürməliyik. Çünki qanunsuz səfərlər erməniləri ruhlandırır. Eyni zamanda, ermənilər yumşaq münasibətdən anlamırlar, onlar güc dilindən başa düşürlər. Bunu tarix boyu görmüşük. O baxımdan antiterror əməliyyatlarının zamanı yetişib və Laçın dəhlizinə nəzarət də güclənməlidir”.

AMİP sədrinin fikrincə, əgər biz yumşaq rəftar etsək, üçüncü Qarabağ müharibəsinə gəlib çıxa bilərik: “Odur ki, ilanın başını əzmək lazımdır. Artıq getdikcə qudururlar, azğınlaşırlar, xarici dəstək onları həvəsləndirir və sözdən keçib, bəyanat verməklə iş olmur, real addımlar atılmalıdır”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev hesab edir ki, hakimiyyətin planları mövcuddur. Partiya sədri güman edir ki, sözügedən ərazilərdə suverenliyin təmin edilməsi üçün təmkinli siyasət yürüdülür. F.Əliyev separatizmin uzunömürlü olacağını düşünmür: “Bu, hara qədər davam edə bilər? Xankəndi və ətraf ərazilərdə cəmi 27 min erməni yaşayır. Onların qəbul etdiyi qondarma qərarlar, müzakirəyə çıxardığı ”qanun"lar cəmi 27 min yoxsul, gələcəyə ümidi olmayan ermənini əhatə edə bilər. Onlar sabah nə olacağını bilmirlər. Erməni əhalisi anlayır ki, ya Ermənistana, ya Rusiyaya köçməlidir, ya da bizim vətəndaşımız olmalıdır. Bu seçimi Böyük Qayıdış baş verəndə etməli olacaqlar. İndi quruculuq gedir, 800 min köçkün yurd-yuvasına dönsün, bu çoxluğun içində 27 min erməni tab gətirə bilməyəcək, ya bizim qanunlarla yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Ona görə hökumət səbrli siyasət aparır".

ALDP sədrinin sözlərinə görə, ermənilərin Xankəndi və ətraf ərazilərdə qalması, saylarının artırılması üçün dəridən-qabıqdan çıxırlar: “Sülhməramlı qüvvələrin də bu məsələdə ”əməyi" az deyil. Prezident dedi ki, gələnlərin 91 faizi yoxlanılmır, çıxanların isə 46 faizi yoxlanılır. Deməli, onların bölgədən getməməsi üçün çalışırlar. Yəni, bəli, bu gün separatizm problemi mövcuddur, ancaq biz 2025-ci ilə qədər sənəddə göstərilən müddəaların icrasını gözləyəcəyik. Sonra qayıdış olacaq, addımlar atılacaq, erməni əhalisi üçün əski parçası olan həmin “qanun”lar da sabun köpüyünə çevriləcək, heç bir hüquqi əsası yoxdur. Çünki qondarma respublikanın müstəqilliyini heç Ermənistan tanımır, biz mərhələli şəkildə bu məsələləri yoluna qoyacağıq".

ALDP sədri deyir ki, Azərbaycan antiterror əməliyyatını keçirmək hüququnu özündə həmişə saxlayır: “Ancaq biz sülhməramlılar qarşısında tələblər qoymuşuq, 10 noyabr sənədində Rusiya prezidentinin imzası var, götürülən öhdəliklər icra ediməlidir. İndi əməliyyatlara başlasaq, haqlı ikən bizə qarşı qərəzli münasibət sərgilənəcək, beynəlxalq aləm ermənilərin müdafiəsinə qalxacaq, yalandan deyəcəklər ki, mülki əhalini öldürürük, etnik təmizləmə siyasəti aparırıq. Odur ki, asan görünməsin. Biz çalışmalıyıq ki, keçmiş Dağlıq Qarabağ ərazisinə köçkünlərin qayıdışına nail ola bilək, buna da zaman lazımdır”.

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” -  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi ekspert Asif Nərimanlı son günlər Qarabağdan xoşagələməz xəbərlər gəldiyini qeyd etdi: “Separatçı rejim qondarma ”konstitusiya islahatları"na başlayır, “ərazilərin işğaldan azad edilməsi haqqında” qanun qəbul edir, sülhməramlılarla birlikdə separatçılar da bizim maşınları yoxlayır və s. Araikin qondarma “konstitusiya islahatı” öz mövqelərini gücləndirməyə hesablanıb. Ötən ilin sonunda Paşinyanın “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra separatçılarla İrəvan arasında fikir ayrılığı dərinləşib və Araik “Qarabağ klanı”nın üzvləri ilə yaxınlaşmaq xəttini tutub. “Ərazilərin azad edilməsi” qanunu da keçmiş “DQMV”nin ərazisinə daxil edilən Şuşa, Hadrut və digər ərazilərə iddia edilməsi məqsədi daşıyır".

Siyasi şərhçinin fikrincə, separatçı rejim bunun mümkün olmadığını anlayır: “Lakin bu iddianın ”rəsmiləşdirdirilməsi" “Qarabağ klanı” ilə həmrəylik nümayiş etdirməyə hesablanıb. Bunun fonunda Azərbaycanın maşın karvanının sülhməramlılarla birlikdə separatçıların da yoxlaması “əzələ nümayişi”dir. Ruslar terrorçu rejimin mövcudluğunu nümayiş etdirirlər və bu həm də Prezidentin “Laçın dəhlizinə faktiki biz nəzarət edirik” açıqlamasına praktiki formada cavab verilməyə hesablanıb. Rusların və separatçıların ərazilərimizdə olduğu müddətdə belə təxribatların bu və ya digər formada davam edəcəyi bəllidir. Lakin cari dövrdə buna qarşı cavab tədbirlərinin görülməsi zərurəti var. Rəsmi Bakı siyasi kanallarla etirazını ruslara bildirə bilər, hərçənd, praktiki addımlara daha çox ehtiyac var. Çünki Qarabağda sakitlik separatçıların möhkəmlənməsinə, oradakı ermənilərin “təhlükəsiz şəraitdə” yaşamasına şərait yaradır. Ermənilər anlamalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəcəkləri təqdirdə onların nə rahat həyatı, nə də gələcəyi olacaq".

“Yeni Müsavat”