📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azad edilmiş ərazilərdə yeni 25 mina insidentinin yeri müəyyənləşdirilib - AMZA-nın layihəsi başa çatdı

2026-11-17 20:51:33

Azad edilmiş ərazilərdə yeni 25 mina insidentinin yeri müəyyənləşdirilib - AMZA-nın layihəsi başa çatdı

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) İctimai Birliyi “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsi başa çatıb.

Hurriyyet.net  Qaziler.az-a istinadən xəbər verir ki, bu barədə AMZA-nın sədri, layihə rəhbəri Rey Kərimoğlu məlumat verib:

“Dörd ay icra etdiyimiz layihə başa çatıb. Layihənin əsas məqsədi əhalinin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışını təmin etməyə dəstək verməkdir. Bildiyiniz kimi, işğalçı ermənilər Qarabağda böyük sayda mina basdırıb. Eyni zamanda, ərazidə xeyli sayda partlamamış hərbi sursat var. Təşkilatımız Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2024-2025-ci illərdə 19 şəhər və rayonda minadan zərərçəkənlərlə (beynəlxalq forma olan İMİSMA agentləri ilə) sorğular keçirib. 1360 minadan zərərçəkənin mina hadisəsi, onların ehtiyacları öyrənilib. Bu il biz “Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə mina insidentinin yerlərini müəyyənləşdirdik. Gördüyümüz işi daha konkret izah edim: işğaldan azad edilmiş ərazilərdə kim harada minaya düşübsə həmin şəxsi minaya düşdüyü əraziyə apardıq, birbaşa minaya düşdüyü yerin koordinatlarını elə oradanca götürdük. Mina insidenti yerlərinin koordinatları götürülərək hesabatlar hazırladıq. Bu hesabat həm QHT Agentliyinə, həm də ANAMA-ya təqdim ediləcək. Yeri gəlmişkən, qeyd edim ki, həmişə olduğu kimi, ANAMA rəhbərliyi bizə dəstək verib. Əsasən Ağdam, Ağdərə istiqamətlərində minadan zərərçəkənlərin köməyi ilə işlərimizi apardıq. ANAMA-nın təqdim etdiyi proqram əsasında çox ərazidə hadisə yerinə elə də yaxınlaşmadan, yəni tam təhlükəsiz şəkildə koordinatları götürürük. Götürdüyümüz koordinatlara uyğun hər mina hadisəsi və ya partlamamış sursat yerinə uyğun hesabat hazırlamışıq”.

R.Kərimoğlu qeyd edib ki, bu bir pilot layihə kimi Ağdam, Ağdərə və Tərtər rayonlarının ərazisində icra edilib:

“Layihə çərçivəsində işğaldan azad edilmiş qeyd edilən rayonlarda yeni 25 mina insidenti yeri müəyyənləşdirilib. Onlardan 21 haqqında müvafiq hesabat hazırlanmaq mümkün olub. Digərlərinin də təxmini yeri müəyyənləşsə də, təhlükəsizlik qaydalarına uyğun olaraq əraziyə tam yaxınlaşa, dəqiq koordinatlar götürülə bilmədik. Amma o yerlər haqqında da müvafiq qurumlara məlumatlar verilib. Bu işin gələcəkdə işğaldan azad edilmiş digər ərazilərdə də görülməsi vacibdir”.