Azad edilmiş ərazilərin bərpa büdcəsinin 8 MİLYARDLIQ KƏSİRİ...
Rövşən Ağayev: "Qarşıdakı 3 ildə əlavə təxminən, 18,6 mlrd. manat da xərclənməlidir, amma bücədən cəmi 10,6 mlrd. manat xərclənəcəyi göstərilir, bununla da yerdə qalan 8,1 mlrd. manatın hansı mənbədən cəlb olunacağı sualı açıq qalır"
"Açıqlanan büdcə sənədlərinə görə, 5 il ərzində (2022-2026) işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin köçürülməsi üçün 30,5 mlrd. manat tələb olunur. Açıqlamaya görə, 2023-cü ili də nəzərə alsaq, artıq bu vəsaitin təxminən, 11,9 mlrd. manatı xərclənib. Yəni, qarşıdakı 3 ildə əlavə təxminən, 18,6 mlrd. manat da xərclənməlidir, amma bücədən növbəti 3 ildə cəmi 10,6 mlrd. manat xərclənəcəyi göstərilir. Sənəddən aydın olur ki, dövrün sonuna (2026-cı il) qayıdış proqramının icrası üçün dövlət büdcəsindən tələb olunandan 8,1 mlrd. manat az, ümumilikdə 22,4 mlrd. manat xərclənəcək". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
İqtisadçı ekspertin sözlərinə görə, yerdə qalan 8,1 mlrd. manatın hansı mənbədən cəlb olunacağı sualı açıq qalır: "Bu açıqlamada diqqəti çəkən bir məqam da qayıdış üçün bərpa xərclərinin gözləntilərin çox üzərində olmasıdır. Müharibənin yenicə bitdiyi dövrdə ekspert müzakirələrində tam bərpanın 20-25 mlrd. dollara (cari məzənnə ilə 35-40 mlrd. manat) başa gəlməsinin mümkünlüyü səsləndirilirdi. Doğrudur, ilk mərhələdə əsas xərc aparan infrastruktur layihələrinin əhəmiyyətli hissəsinin icra olunacağı gözlənilir. Amma nəzərə alaq ki, 2026-cı ilin sonuna qədər köçürüləcək potensial əhalinin cəmi 20 faizinin qaytarılacağı, bərpa olunacaq yayayış məntəqələrinin isə təxminən, dörddə birinin qurulacağı planlanır. Yəni, 2-ci mərhələ üçün daha böyük həcmdə sərmayə tələb olunacaq. Neft-qaz gəlirləri yüksək olduqca, ölkə bu yükün ağırlığını hiss etməyəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az