📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZADLIQ GÜNƏŞİNİN ŞƏFƏQLƏRİ

2022-04-02 22:14:00

AZADLIQ GÜNƏŞİNİN ŞƏFƏQLƏRİ

(APREL DÖYÜŞLƏRİNİN QƏHRƏMANLARINA HƏSR OLUNUR)

Azərbaycanın göz oxşayan dilbər guşələri illərlə düşmən tapdağında əzilir, azərbaycanlıların ürəyi vətən həsrətindən üzülürdü. İllər illərə calandıqca Qarabağ həsrəti ürəyə daha ağır gəlirdi. Hər bir vətəndaş düşmən addımını öz ürəyində hiss edirdi. Axı bu acı ilə nə qədər yaşanılacaqdı? Vətən həsrəti ilə yaşayan kim, yaşlanan kim, həyata başlayan kim. Hər kəsi eyni acı, eyni həsrət, eyni amal birləşdirirdi. Qarabağın azadlığı...

Qarabağdan didərgin salındığımız daha illərlə deyil on illərlə hesablanırdı. Bu on illərdə Azərbaycan ordusu kifayət qədər qüdrətə və gücə sahib olmuşdu. Daha 1990-cı illərdə pərakəndə mübarizə aparan dəstələr deyil bir yumruq kimi birləşən Azərbaycan ordusu var idi. Xalq orduya və ordunun başçısı Ali Baş Komandan İlham Əliyevə güvənirdi. Ən əsası da elə güvən idi. Güvəndən güc, gücdən zəfər doğar. Azərbaycan ordusu Azərbaycan xalqına ilk zəfər sevincini 2016 - cı ildə Aprel döyüşlərində yaşatdı.

1994-cü ildə "Atəşkəs rejimi" elan olunduqdan sonra işğal olunmuş torpaqlarımızın bir qarışını da azad etmək mümkün olmamışdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecəyə kimi. O gecə Azərbaycan ordusu nəinki düşməni, dünyanı lərzəyə gətirdi. Körpəlikdən nağıl yerinə Qarabağın işğal tarixini, "20 Yanvar" faciəsini, "Xocalı Soyqırımını" dinləyən vətən oğulları düşmənin növbəti dəfə "Atəşkəsi" pozma cəhdini əks-hücum əməliyyatı ilə cavablandırdı. Bu əməliyyat düşmənə çox ağır zərbələr vurdu. Cəbhə boyu ərazilərdə Azərbaycan ordusu irəliləməyə başladı. Strateji baxımdan böyük əhəmiyyət kəsb edən Cəbrayıl rayonunda yerləşən Lələtəpə yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçdi. Bu Ermənistan ordusu üçün böyük məğlubiyyətin başlanğıcı idi. Azərbaycan ordusu anbaan irəliləyir, azad olan ərazilərin miqyası genişlənirdi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də illərdən sonra azadlığa qovuşdu. Bu azadlıq neçə-neçə qəhrəmanın canı bahasına əldə olundu. Ən ağır döyüşlərin getdiyi yerlərdən biri də Talış kəndi idi. Talış kəndinin azad olunması ilə Talış yüksəkliyi də Azərbaycan ordusunun nəzarətinə keçdi. Bu da yaxınlıqda olan kəndlərə nəzarət etmək imkanı yaratdı. İllərdən sonra Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olundu. 4 gündə illərlə düşmənin bərkitdiyi sədlər aşıldı. "Ohanyan səddi" açıldığı an artıq Ermənistan və havadarları qorxuya düşdülər. Yenidən "Atəşkəs" elan olunması üçün Ermənistan tərəfi yalvardı. Hər zaman Qarabağ məsələsinin sülh yolu ilə həllinə çalışan tərəf olduğumuz üçün "Atəşkəsin" bərpa olunmasına razı olduq. Ancaq düşmənin sadəcə rəng dəyişdiyini, xislətinin dəyişmədiyini yaxşı bilirdik.

Tarixdə Aprel döyüşləri kimi, silinməz qəhrəmanlıq salnaməsi kimi iz qoyan dörd günlük müharibədə Azərbaycan ordusunun hərbçiləri Vüqar Nurəddin oğlu Yusifov, Raquf  Cahangir oğlu Orucov, Murad Telman oğlu Mirzəyev, Sənan Tahir oğlu Axundov , Təbriz Tariyel oğlu Musazadə, Urfan Üzeyir oğlu Vəlizadə, Rasim Əbdül oğlu Məmmədov, Elnur Adil oğlu Əliyev, Samid Gülağa oğlu İmanov, İnqilab Çingiz oğlu Quliyev, Mühid Qurban oğlu Orucov, Vaqif Dilqəm oğlu Bayramov, Nəcməddin Akif oğlu Savalanov, Əbu Bəkir Vüqar oğlu İsmayılov, Mirzə Sərvər oğlu Novruzov, Rəşid Rövşən oğlu Mehdiyev, Ziya Niyazi oğlu Həsənov, Elvin Məmməd oğlu Namazov, Cavid Gülbala oğlu Dədəkişiyev, Elnur İsgəndər oğlu İsgəndərov, Sahil Həsrət oğlu Şirinov, Qabil İsa oğlu Orucəliyev, Dilsuz Məmmədağa oğlu Qarayev, Elimdar Səlimxan oğlu Səfərov, Orxan Kazım oğlu Hümbətov, Əlvan Qafar oğlu Hüseynov, Orxan Ələsgər oğlu Müstəcəbov, Məhəbbət Zaman oğlu Mirzəyev, Nurlan Rasim oğlu Abdullayev, Ravil Elman oğlu Novruzov, Rusif İbrahim oğlu Ağayev, Teymur Sabir oğlu Qasımov, Murad Vaqif oğlu Məmmədov, Bəxtiyar Rəfael oğlu Hüseynov, Toğrul Habil oğlu Fərəczadə, Şahin Yaşar oğlu Cavadzadə, Pəncəli Nurməmməd oğlu Teymurov, Tural Gülşad oğlu Qurbanov, Mirsalam Təvəkkül oğlu Cəfərov, Seymur Qulamhüseyn oğlu Baxışov, Babək Vəfadar oğlu Abidov, Təbriz Hamlet oğlu Əsgərov, Elvin Sədrəddin oğlu Qayıbov, Ruhin Əşrəf oğlu Qəhrəmanov, Nurlan Bayram oğlu Əsgərov, Rahim Qara oğlu Tağıyev, Nicat Bəhruz oğlu İsgəndərov, Səbuhi Rəfayıl oğlu Musayev, Adil Kamran oğlu Adilzadə, Rəvan İsmayıl oğlu Nurayev, Orxan Məhəmməd oğlu Əliyev, Orxan Həmidov Ənvər oğlu, Səyyar Quliyev Knyaz oğlu, Sarvan Natiq oğlu Mehrəliyev, Samir Ziyəddin oğlu Qaçayev, Fərahim Adışirin oğlu Novruzov, Nurəddin Etimad oğlu Mirzəyev, Sərxan Azər oğlu Bağırov, Hüseyn Zeynal oğlu Dəmirli, Ömər Məzahir oğlu Cəbrayılov, Vüqar Natiq oğlu Süleymanov, Teymur Mikayıl oğlu Qasımov, Rizvan Telman oğlu Muradov, Müşviq Arif oğlu Orucov, Cabbarxan İlham oğlu Hacıağayev, Nurlan Cəmil oğlu Qasımov, Xaliq Həsən oğlu Əzizzadə, Tural Sabir oğlu Dadaşov, Emin İmran oğlu Bağırov, Kamran Faiq oğlu Şirəliyev, Əlizaman Fərrux oğlu İslamov, Ülvin Cəmaləddin oğlu Məmmədov, Şulan Bayram oğlu Bayramov, Fəxrəddin Seyfəddin oğlu Qurbanlı, Firdovsi Əliş oğlu Bağırzadə, Mahir Sabir oğlu Mirzəyev, Röyal İmran oğlu Nəsirov, Altun Fərman oğlu Dəmirli, Elşən Səlim oğlu Səmədov, Vüsal İlham oğlu Alıyev, Mikayıl Yaqub oğlu Vahabzadə, Mahir Qədir oğlu Quliyev, Nazim Nadir oğlu Zəkarayev, Əmiraslan Xəlil oğlu Xeyirbəyov, Rəşad Şakir oğlu Niftalıyev, Elvin Azadxan oğlu Mirzəyev, Əbdülməcid Nadirşah oğlu Axundov, Mahmud Azər oğlu İbrahimov, Sərxan Oqtay oğlu Bayramov, Ayaz Ələkbər oğlu Hüseynov şəhid olublar.

Şəhidlərdən ikisi Nəcməddin Akif oğlu Savalanov və Rahim Qara oğlu Tağıyev Aprel döyüşlərində ağır yaralanıb, aylar sonra şəhid olublar. Daha iki şəhidimiz Sənan Tahir oğlu Axundov və Rüstəm Oruc oğlu Əhmədov döyüşlər bitdikdən sonra azad olunan ərazilərdə bərkitmə işləri aparan zaman şəhid olublar. Hərbçilərlə yanaşı dinc sakinlər arasında da düşmənin açdığı atəşə tuş gəlib, şəhid olan vətəndaşlarımız olub.

Aprel döyüşlərində vətən torpağına qan ilə yazılan bir çox qəhrəmanlıqlara şahid olduq. İki dostun bərabər şəhid olması, iki qardaşın birinin nəşini digərinin çiyinlərində çıxarmasını və daha nələrə-nələrə... Ancaq Aprel döyüşlərində azadlıq yolu sona qədər gedilmədi. Tamamlanmamış Azadlıq yolunu Azərbaycan ordusu 2020-ci ilin 27 sentyabrında yenidən addımlamağa başladı. 44 gün ərzində Azərbaycan ordusu düşmən tapdağında qalan torpaqları işğaldan azad etdi. Bütün dünya Azərbaycan xalqının gücünə, qüdrətinə və qalibiyyətinə şahid oldu. Aprel döyüşlərinin neçə-neçə canlı şahidləri Vətən müharibəsində şəhadətə ucaldılar. Beləcə şəhid qanlı Qarabağa şəhid qanları ilə yol açıldı.

AZADLIQ YOLÇULARI

"Ana, hardan başlayır,
Duyduğumuz Qarabağ?
Niyə adın çəkəndə,
Hey çəkirsən nalə, ah?

Gözlərinə baxanda,
Hiss olunur kədərin.
Bəxti də qara idi,
Görmədiyim o yerin?" 

"Oğul, bir gün böyüyüb,
Həsrətimi duyarsan.
Qarabağı düşmənin,
Əlindən qurtararsan." 

Ötdü neçə həsrəti,
Gününə sığmaz illər.
Xocalı sazağı tək,
Soyuq oldu fəsillər.

Bir bahar elə bil ki,
Surun səsi duyuldu.
İgidlər qılıncını,
Öz qınından sıyırdı.

Nəfəs-nəfəs cücərdi,
Azadlıq toxumları.
Sipər oldu vətənə,
Vətənin oğulları.

"İrəli" sözü oldu,
Ərənlərin son sözü.
Şəhid verən ananın,
Zəfərlə güldü gözü.

Anaların öyüdü,
Dağa, daşa dəymədi.
Ərənlər şux qamətin,
Bir an belə əymədi.

Lələtəpə boylanıb,
Salam verdi mərdlərə.
Qan ilə məlhəm oldu,
Şəhidlərim dərdlərə.

Seysulan, Talış kəndə,
Hopdu şəhidlər qanı.
Zəfər səsi bürüdü,
Bütün Azərbaycanı.

Aprel döyüşlərində, 
Xalqın başı ucaldı. 
Qarabağ yollarına, 
Qəhrəmanlar yol saldı. 

İllər sonra o yolun, 
Yolçuları çox oldu. 
Ərənlər azad etdi, 
Qarabağ adlı yurdu. 


Manya SƏXAVƏTQIZI