Azər Həsrət: “Ölün, yerə girin! Bu qədərmi vicdanınızı satdınız?”
Xəbər verdiyimiz kimi, son günlər Azərbaycan ad-soyadına uyğun gələn şəxslərin adını tirajlayaraq, qaniçən, işğalçı Rusiya hakimiyyəti və ordusu özünü ikinci plana ataraq, həmin cinayətlərin birbaşa məsul şəxsləri bu siyahıda olan "azərbaycanlılar"mış kimi təqdim edir. Çox təəssüf ki, həmin şəxslərin adları da kütləvi informasiya vasitələrində geniş şəkildə tirajlanmağa başlayıb.
Məsələyə münasibət bildirən siyasi-şərhçi Azər Həsrət Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın belə bir çirkin təbliğata cəhd etməsi həm təsadüfi, həm də səbəbsiz deyil.
“Qeyd edim ki, Ukraynada həlak olan Rusiya hərbiçilərinin əksəriyyəti qeyri ruslardır. Yəni, Rusiya dövləti öz ərazisindəki qeyri rusları haqsız, ədalətsiz olan Ukraynadakı müharibəyə bir qurbanlıq olaraq göndərib. Diqqət yetirdikdə, Ukraynada ölənlər və əsir düşənlər arasında rusların sayı çox azdır. Diqqət çəkən əsas məqam isə ölənlər arasında türk və müsəlman xalqlarının sayının daha üstünlük təşkil etməsidir. Düşünürəm ki, Rusiya bununla çirkin təbliğat aparır və azərbaycanlıları da bir növ ön plana çıxarmağa çalışır. Yəni, öz çirkin əməllərini ört-basdır etməyə, azərbaycanlıların üstünə atmağa cəhd göstərir. Əlbəttə ki, ukraynalı qardaşlarımız belə iyrənc təbliğata alət olası deyillər”.
Siyasi-şərhçi qeyd edib ki, Rusiya müharibəyə daha çox türkləri göndərir: “Bilirik ki, Rusiya deyilən dövlətin ərazisinin çox böyük kəsimi əslində rus torpağı deyil. Orada yaşayanlar ruslar olmasa da, gəlmə insanlar da deyillər. Yanı başımızda Dağıstan, Şimali Qafqazın bütün ərazisi, Sibir özü belə başdan-başa qeyri-rus torpağıdır. Tatarıstan, Başqırdıstan və s. bunlar rus torpaqları deyil. Xatırlayırısnızsa, bir vaxtlar ruslar küçələrə çıxıb, “Rusiya ruslarındır” deyə bağırırdılar. Yəni, bir növ cəngavərlik edirdilər. İndi müharibə başlayıb, Rusiya haqlı-haqsız Ukraynaya təcavüz edib. Həmin o bar bar bağıran, “Rusiya ruslarındır” deyən ruslar müharibədən yayınırlar. Həmin müharibəyə də rus olmayanları, əsasən də türkləri göndərirlər”.
A.Həsrət vurğuladı ki, bir neçə gündür ki, onun diqqətini Azərbaycanda özünə milliyyətçi deyən ünsürlər çəkir:
“Rusiya Federasiyasının əhali tərkibinə uyğun olaraq fərqli etnik mənsubiyyəti olanlardan formalaşıb. Yəni, istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndələri olsun, əgər Rusiya dövlətinin vətəndaşıdırsa, dövlət onu orduya çağırıbsa, hərbi mükəlləfiyyətlidirsə, onun həmin çağırışdan imtina etməyə imkanı yoxdur. Hərbi elə bir sahədir ki, sən orada müzakirə aça bilməzsən. Dövlət çağırdısa, getməlisən və hərbidə əmr verilirsə, öldürməlisən. Bunun başqa yolu yoxdur, haqlı-haqsız olmasından asılı olmayaraq. Yəni, müharobədə təbiidir ki, ölənlər arasında azərbayvcanlılar da olacaq. Ancaq indi o şərəfsiz təbliğat aparanlar siyahı yayımlayaraq, gözümüzə azərbaycanlıların adlarını soxurlar. Məgər Azərbaycan Ukraynaya təcavüz edib? Ukraynaya təcavüz edən Rusiya dövlətidir. Rusiya dövləti öz ərazisindəki əsir xalqların övladlarını aparıb, boş yerə orada həlak etdirir. Dünya da bunların iyrənc, düşük təbliğatına heç vaxt inanan deyil. Dünyanın gözü kor deyil ki? Hamı bilir ki, Rusiyadır təcavüzkar və təbiidir ki, orada ordunun tərkibində azərbaycanlı da ola bilər. Yəni, sadəcə bizim vətəndaşlarımız bir qədər diqqətli olsunlar. Bu qədər ucuz təbliğata alət olmasınlar. Orada Rusiya səfirliyindən biriləri informasiyanı ötürür. Burada da kimlərsə götürüb, informasiyanı tirajlayırlar”.
Ekspert Azərbaycan əleyhinə təbliğat aparanlara da səsləndi: “Mənə Azərbaycan əleyhinə təbliğat aparanlar maraqlıdır. Onlara səslənirəm: “Ölün, yerə girin! Azərbaycanın əleyhinə təbliğatda niyə könüllü şəkildə iştirak edirsiniz? Bu qədərmi vicdanınızı satdınız? Bu qədərmi vətəninizə arxa çevirdiniz? Rusiya özünün iyrənc təbliğatını aparır və bunun üçün sizi alət edir. Üstəlik də azərbaycanlıları hədəfə gətirir, buna da alət olursunuz. Ölüb, yerə girmirsinizmi?”. Hesab edirəm ki, bu çirkin təbliğat dayandırılmalıdır və kimlərsə bunda iştirak edirsə, bu adamlar bir-bir müəyyənləşdirilməlidir. Çünki bu adamlar Azərbaycan vətəndaşı kimliyi gəzdirsə də, əslində Rusiyanın qullarıdır. Rusiya ilə dövlətlərarası münasibətlərimiz normal ola bilər, amma bu cür ünsürlər çox təhlükəlidir. Onların hamısının siyahısı tutulmalıdır”.
Aynurə Pənahqızı