📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb”

2026-10-02 13:48:13

“Azərbaycan ABŞ ilə münasibətləri yeni strateji səviyyəyə çıxarıb”

“Azərbaycanın qonşu ölkələrlə münasibətləri sabitdir və mehriban qonşuluq ruhunda inkişaf edir”.

Hurriyyet.net APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda çıxışı zamanı bildirib.

O, qonşu ölkələrlə münasibətlərin Azərbaycanın coğrafi reallığının bir hissəsi olduğunu vurğulayıb.

Rusiya ilə münasibətlərə dair danışarkən Hikmət Hacıyev Bakı ilə Moskva arasında münasibətlərin hazırda sabit və normal olduğunu, mehriban qonşuluq çərçivəsində inkişaf etdiyini deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə çıxarıb. Onun sözlərinə görə, 2025-ci il 8 avqustda Vaşinqtonda keçirilən sammitdən münasibətlərin inkişafı üçün istifadə edilib və Bakı ABŞ-ın regiona strateji diqqətinin davam etdirilməsini gözləyir.

Hikmət Hacıyev Azərbaycanın İsraillə yaxşı münasibətlərinin olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın Fələstin dövlətinin yaradılmasını, iki dövlətli həlli və Şərqi Qüdsün Fələstinin paytaxtı olmasını dəstəklədiyini vurğulayıb.

Prezidentin köməkçisi Azərbaycanın İranla mehriban qonşuluq və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət etdiyini deyib. O bildirib ki, Azərbaycanın suveren ərazisindən qonşu dövlətlərdən hər hansı birinə qarşı fəaliyyət həyata keçirilməsi mümkün deyil. Həmçinin, İrana qarşı sanksiyaların Azərbaycan və digər qonşu ölkələrə iqtisadi və işgüzar baxımdan mənfi təsir göstərdiyini qeyd edib.

Prezidentin köməkçisi Azərbaycan və Çin arasında regional səviyyədə hərtərəfli strateji tərəfdaşlıq qurulduğunu və bunun praktiki baxımdan həyata keçirilməsi üzərində iş aparıldığını bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın digər dövlətlərlə münasibətləri şəffaflıq, qarşılıqlı hörmət, suverenlik prinsiplərinə əsaslanır.