Azərbaycan bayrağı altında üzən “Xocalı” ABŞ limanında
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) donanmasına daxil olan “Xocalı” handsize tipli gəmi ilk səfərini uğurla başa vurub.
ASCO-nun məlumatına görə, gəmi Cənubi Koreyanın Bukpyunq limanından ABŞ-ın Portlend limanına 30,8 min ton sement çatdırıb, gəmi boşaldılıb.
20 günlük səyahət zamanı “Xocalı” 8390 kilometr yol qət edib.
“Xocalı” müstəqil dövlət bayrağı altında Amerika limanına daxil olaraq Azərbaycan gəmiçiliyi tarixində pioner oldu.
“Xocalı” bu ilin may ayında Çində istifadəyə verilib. Detveyt tutumu 38 593 ton olan gəminin uzunluğu 180, eni 30, yan tərəfinin hündürlüyü 15, su çəkmə qabiliyyəti 10,47 metr, maksimal sürəti 15,7 düyün təşkil edir. Maksimum yükgötürmə qabiliyyəti sayəsində su xətti bir çox dayaz limanlara asanlıqla daxil olmağa imkan verir.
“Xocalı” Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında alınmış və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınmış ilk “Handysize” tipli gəmidir.