"Azərbaycan bu il ölkəmizdə Türkiyə hərbi bazasının açılmasına getməlidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Əgər Nikol Paşinyan Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlayarsa, region Rusiya təhlükəsindən azad ola bilər"
"Rusiya MDB məkanında təsir dairəsini genişləndirmək planını reallaşdırmağa çalışır. Rusiyanın ABŞ və NATO-ya verdiyi bir neçə bənddən ibarət nota məhz bu regionda Vaşinqtonun siyasi-hərbi fəaliyyətinə son qoymasını, bu regionu Rusiyanin təsir dairəsi kimi tanınmasını tələb edir. Təbii ki, bu Azərbaycan daxil olmaqla, MDB ölkələrini, Ukrayna və Gürcüstanın müstəqilliyini təhdid edir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq hesab edir ki, 2022-ci il Cənubi Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya regionları üçün siyasi nizamın formalaşması istiqamətində həlledici mərhələ olacaq: "Rusiya Qazaxıstan vasitəsilə Mərkəzi Asiyada ABŞ-ın fəaliyyətinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər almağa çalışacaq, Özbəkistan və Türkmənistana təzyiqlər edəcək. Rusiyanın Cənubi Qafqaz ölkələrinə qarşı siysətinə gəldikdə isə Azərbaycanı KTMT-yə üzv olmağa dəvət edəcək. Həmçinin, Ermənistanda "Qarabağ klanı"nı aktivləşdirməyə çalışacaq. Əgər Ermənistanın bas naziri Nikol Paşinyan Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlayarsa, region Rusiya təhlükəsindən azad ola bilər. Amma Ermənistan rəhbərliyinin hazırkı şübhəli davranışları Paşinyanın öz hakimiyyətinin itirilməsinə gətirib çıxara bilər. Çünki Ermənistan rəhbərliyinin KTMT-də aktiv rolu, Azərbaycana qarşı növbəti təxribat xarakterli çıxışları Moskvanın əlini gücləndirir. Bu da Ermənistanin əleyhinə yönəlmiş olacaq".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Rusiya Qazaxıstan olaylarından sonra geniş "iştaha" malik olub: "Moskvanın bu təhdidlərinə qarşı Azərbaycan bu il ərzində hərbi doktrinasında dəyişiklik edib, ölkəmizdə Türkiyə hərbi bazasının açılmasına getməlidir. Gözləməməliyik ki, Rusiya təhlükəsi qapımızda olsun və Qarabağda separatizmi alovlandırsın. Qeyd edim ki, Rusiya dumasında Ukraynanın iki separatçı bölgəsinin müstəqil dövlət kimi taninmasi üçün qətnamə hazırlanır. Göründüyü kimi, Rusiya açıq hücum taktikasına keçib. Sabah Qarabağda etnik ermənilərin yaşadığı kiçik bir ərazidə belə bir qətnamə layihəsinin müzakirəsinə də gedə bilər. Ona görə də Türkiyə ilə hərbi müttəfiqliyi inkişaf etdirməli, Türkiyə hərbi bazasının ölkəmizdə olması, Rusiyanın ölkəmizə qarşı siysətində təzyiq siyasətini neytrallaşdırar. Qeyd edim ki, prezident İlham Əliyevin hazırkı siyasəti ölkənin Rusiyanin orbitində olmasını istisna edir. Bu istiqamətdə dövlət başçısının siyasəti ölkənin müstəqilliyinin gücləndirilməsi və Türkiyə ilə hərtərəfli əməkdaşlığın aparılması ən düzgün strateji xəttdir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az