📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan Cənubi Qafqazda Fransa ilə Almaniyanı üz-üzə gətirir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-02-27 12:07:35

"Xarici işlər nazirlərinin Berlin görüşündə sülh müqaviləsinin detalları müzakirə ediləcək"

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 28-29-da Berlində görüşəcək. Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündə xarici işlər nazirlərinin bir araya gəlməsi razılaşdırılmışdı. Nazirlərin Berlində görüşü Almaniyanın vasitəçiliyini önə çıxartdı. Bununla Azərbaycan Almaniyaya etimad etməklə, Fransanın vasitəçiliyinə son qoymuş oldu. Çünki Fransanın Ermənistanı silahlandırması, birtərəfli şəkildə Emmanuel Makronun İrəvanı dəstəkləməsi ilə paralel vasitəçi ola bilməzdi". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, bu, Azərbaycanın diplomatik qələbəsi ilə yanaşı, Almaniyanın da Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməsinə yaşıl işıq yandırıb: "Bununla da Azərbaycan Cənubi Qafqazda Fransa ilə Almaniyanı üz-üzə gətirir. Ümumiyyətlə, Azərbaycan daim Berlinin vasitəçiliyinə etimad edib. Hətta keçmiş Minsk qrupunun həmsədri kimi Fransanın yerinə Almaniyanın vasitəçiliyini irəli sürürdü. Almaniya vasitəçi kimi ədalətli mövqe ortaya qoyur".

Milli Cəbhə Partiyasının sədr müavini əlavə edib ki, xarici işlər nazirlərinin Berlin görüşündə sülh müqaviləsinin detalları müzakirə ediləcək: "Azərbaycan Almaniya ilə əlaqələri inkişaf etdirməklə, Avropa Şurasında nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməsinə nail ola bilər. Azərbaycanın Almaniya ilə hərbi-texniki əməkdaşlıq istiqamətində də danışıqlar aparması mümkündür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az