Azərbaycan çətin seçim qarşısında qala bilər: TÜRKİYƏ, YOXSA İSRAİL?
Xaqani Cəfərli: "Yaxın Şərqdə müharibənin miqyası böyüdükcə bitərəf qalmaq tərəf olmaqdan daha təhlükəli olacaq"
"HƏMAS-ın İsrailə qarşı qanlı terror hücumu Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi ilə ikiyə bölünmüş dünyada cəbhələşməni daha da dərinləşdirib. Türkiyə istisna olmaqla, NATO-ya üzv 30 dövlət və üzv olmaq istəyən bütün dövlətlər, Avropa İttifaqına üzv bütün dövlətlər və Türkiyə istisna olmaqla, İttifaqa üzv olmaq istəyən ölkələr İsraili dəstəkləyirlər. Hindistan, Cənubi Koreya, Yaponiya da İsraili dəstəkləyən ölkələrin sırasında yer alır. İran, Şimali Koreya və Ərəb dövlətləri HƏMAS-ı dəstəkləyir. Çin bitərəflik nümayiş etdirməyə çalışır". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq bildirib ki, postsovet respublikalarından Estoniya, Latviya, Litva, Ukrayna, Gürcüstan və Moldova birmənalı şəkildə İsraili dəstəkləyir: "Rusiya və Belarus isə HƏMAS-ı dəstəkləyir. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Taçikistan bitərəf kimi görünməyə, aydın mövqe nümayiş etirməməyə çalışırlar. Yaxın Şərqdə müharibənin miqyası böyüdükcə bitərəf qalmaq tərəf olmaqdan daha təhlükəli olacaq. Çünki bitərəf olmaq iki tərəf arasında qalmaq demək olacaq".
Xaqani Cəfərlinin sözlərinə görə, Türkiyə üzvü olduğu NATO dövlətləri kimi İsraili dəstəkləmədiyi kimi, anti-İsrail cəbhəsinə yuvarlanır: "Türkiyənin siyasi dairələrində sağçısından solçusuna, islamçısından millətçisinə, kommunistinə qədər hər kəs İsrailə qarşı mövqe nümayiş etdirir. Türkiyənin təhsil nazirinin müavini Nazif Yılmazın İsrailin baş naziri Benyamin Netanyahuya sosial şəbəkə üzərindən ünvanladığı "Bir gün səni də vuracaqlar. Gəbərəcəksən..." mesajı Türkiyənin ictimai-siyasi dairələrində hökm sürən əhval-ruhiyyəni görmək üçün bariz nümunədir. Benyamin Netanyahu "Yaxın Şərqin xəritəsini dəyişdirəcəyik" vədini gerçəkləşdirməyə çalışdıqca İsrailə Türkiyə arsında münasibətlər daha ziddiyyətli xarakter alacaq. Bu proses dünyadakı cəbhələşməni də dərinləşdirəcək. Azərbaycan çox çətin seçim qarşısında qala bilər. Azərbaycan xalqının həyati maraqları bizi məğlub olacağı aydın olan və Güney Azərbaycanın öz müqəddəratını təyin etmə hüququnu tanımayan tərəfdə yer almağı istisna edir. Yalnış seçimin cəzasını yalnız bugünkü nəsillər deyil, gələcək nəsillər də ödəyəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az