📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan çoxşaxəli regional əməkdaşlığın inkişaf etməsi üçün “3+3” platformasını irəli sürdü”

2021-12-14 13:05:00

“Azərbaycan çoxşaxəli regional əməkdaşlığın inkişaf etməsi üçün “3+3” platformasını irəli sürdü”

Turan Rzayev: “Rəsmi Bakı “3+3” platforması vasitəsilə Ermənistan ilə davam edən gərginliyin sonlanmasına, regionda kommunikasiya əlaqələrinin bərpa edilməsinə və Zəngəzur dəhliznin açılmasına nail ola bilər”

“Hesab edirəm ki, Gürcüstanın gələcəkdə bu formata qoşulması həm onun özü, həm də region üçün olduqca vacibdir”

Xəbər verildiyi kimi, Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan "3+3" formatında görüş keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan xarici nazirlərinin müavinləri və İran XİN-in baş direktoru iştirak ediblər. Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildiriblər. Vurğulanıb ki, iclasa Gürcüstan nümayəndələri də dəvət olunub. Lakin onlar iclasda iştirakdan imtina ediblər. İclasda aidiyyəti nazirlik və qurumların mümkün iştirakı ilə gələcək addımlar və gələcək üçün iş planları müzakirə edilib.

Maraqlıdır, "3+3" formatında iştirak Azərbaycana nə vəd edir? Mövzu ilə bağlı politoloq Turan Rzayev ilə həmsöhbət olduq:

- Turan bəy, ilk olaraq "3+3" formatı ilə bağlı fikirləriniz bilmək istərdik.

- Bildiyiniz kimi, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Ermənistan, Türkiyə, İran və Rusiyanın iştirakı ilə Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuş “3+3” formatında keçirilən regional platformanın ilk toplantısı baş tutub. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Söhbət tərəflər arasında qarşılıqlı etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirlərindən gedir. Göründüyü kimi, format region və region ölkələrini narahat edən, həllini gözləyən bütün məsələləri özündə ehtiva edir.

- Konkret olaraq Azərbaycan üçün “3+3” formatı nə vəd edir?

 - Əvvəla, onu qeyd etmək lazımdır ki, bu formatın təşəbbüskarı Azərbaycan və Türkiyə prezidentləridir. Bu təşəbbüs, eyni zamanda Rusiya prezidenti tərəfindən də böyük dəstək alıb. Öz növbəsində İran da təşəbbüsü açıq surətdə dəstəkləyir. İndiki halda regionun 4 aparıcı ölkəsi “3+3” formatında iştirak edir. Bu, həm də ondan xəbər verir ki, regionun bütün problemlərini yenə region ölkələri həll etməlidir. Məsələ ondadır ki, bu gün Cənubi Qafqaz defraqmentasiya olunmuş məkandır. Yəni regionda iqtisadi, nəqliyyat və logistika əlaqələri bu və ya başqa formada məhv edilib. Region beynəlxalq ticarət və nəqliyyat kommunikasiyaları şəbəkəsindən kənarda qalıb. Bu məsələ regionumuzun başlıca problemlərindəndir. Azərbaycan hələ ötən əsrin sonlarından bu problemləri görüb və ardıcıl beynəlxalq layihələr ilə mövcud problemi aradan qaldırmağa çalışıb. Rəsmi Bakının bu təşəbbüsü bu gün də davam edir. Lakin regionu defraqmentasiyadan xilas etmək üçün tək Azərbaycanın fəaliyyəti kifayət etmir. Buna görə də Azərbaycan çoxşaxəli regional əməkdaşlığın inkişaf etməsi üçün “3+3” platformasını irəli sürdü.

- Belə aydın oolur ki, “3+3” platformasının məqsədi Cənubi Qafqazı münaqişələr regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına çevirməkdir.

- Tamamilə doğrudur. İndiki halda regionumuz Avrasiyanın nəqliyyat mərkəzinə çevrilə bilər. Bunun üçün isə regionun bütün ölkələrinin prosesdə istirakı zəruridir. Misal üçün, ATƏT-in Minsk Qrupu nümunəsi də göstərdi ki, regiona daxil olmayan ölkələrin (Fransa, ABŞ) siyasi gündəliyində Qarabağ münaqişəsinin həlli axırıncı yerdə dayanmışdı. İstənilən halda regionun gələcəyini yenə region ölkələri təyin etməlidir.

- Sizcə, Gürcüstan yaxın gələcəkdə “3+3” formatında təmsil olunacaq?

- Gözlənildiyi kimi, “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında Gürcüstan iştirak etmədi. Görüşdən bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyi ölkələrinin platformasının ilk iclasında iştirak etməyəcəyini bildirmişdi. Aydın məsələdir ki, rəsmi Tiflis Rusiya faktoruna görə “3+3” platformasında işitrak etmək istəmir. Mövcud Abxaziya və Cənubi Osetiya problemlərinə Kremlin müdaxilə etməsi və iki ölkə arasında yaxın keçmişdə yaşanan qısamüddətli müharibəni nəzərə alaraq hesab edirəm ki, rəsmi Tiflisin platformada iştirak etməməsini anlayışla qarşılamaq olar.

- Sizcə, Bakının Tiflisin bu qərarına reaksiyası necə olacaq?

- İstənilən halda Bakı Tiflisin bu qərarına hörmətlə yanaşır. Lakin yaxın gələcəkdə Gürcüstan “3+3” formatına yenidən qayıtmalıdır. Məsələ ondadır ki, “3+3 formatı” Tiflislə Moskva arasında mövcud problemlərin, o cümlədən Abxaziya və Cənubi Osetiya münaqişələrinin müzakirəsi və həlli üçün effektiv platformaya çevrilə bilər. Gürcüstan onu da nəzərə almalıdır ki, formatda Türkiyə və Azərbaycan da təmsil olunur. Yəni rəsmi Bakı və Ankara bu məsələdə konstruktiv yanaşma sərgiləyərək, Moskva və Tiflis arasında vasitəçi ola bilər.

Beş ölkənin nümayəndələrinin Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildirməsi də rəsmi Tiflisin format üçün nə qədər vacib olduğunu göstərir. Hesab edirəm ki, Gürcüstanın gələcəkdə bu formata qoşulması həm onun özü, həm də region üçün olduqca vacibdir.

- Necə düşünürsüz, bəzilərinin iddia etdiyi kimi, “3+3” platforması “Astana formatı”nın plagiatıdır?

- “3+3” platforması artıq bir çox ölkələri narahat etməyə başlayıb. Təsadüfi deyil ki, həmin ölkələr bu platformanı gözdən salmaq üçün Rusiya, Türkiyə və İranın Suriya ilə bağlı məsələləri həll etdiyi “Astana formatı” ilə paralellər aparır. Hesab edirəm ki, bu müqayisə kökündən yanlışdır və Cənubi Qafqaz reallıqlarını dərk etməkdən uzaqdır. Cənubi Qafqaz ilə Yaxın Şərq regionları arasında paralellər aparmaq siyasi savadsızlıqdan irəli gəlir. Məsələ ondadır ki, hər iki regionun xalqları, mədəniyyəti eyni olmadığı kimi, mövzu və tarixi problemləri də eyni deyil. Dolayı yolla hər iki regionda fərqli konteksdə baş verən proseslərinə oxşar baxış sərgiləmək məntiqsiz olardı. “Astana formatı” Suriya ilə bağlı məsələləri həll etdiyi halda “3+3” platforması bütöv bir regionun problemlərini və inkişaf perspektivlərini özündə ehtiva edir. Dar və geniş mənada fərqlər bariz şəkildə göz qabağındadır.

“3+3” platforması qarşısına hədəf kimi Benilüks və ya Skandinaviya ölkələrinin nümunələrini qoyub. Nəzərə almaq lazımdır ki, bu ölkələr regional platformalar çərçivəsində də uğurla birgə fəaliyyət göstərirlər. Sizin də qeyd etdiyiniz kimi, “3+3” platformasının məqsədi Cənubi Qafqazı ziddiyyətlər regionundan ticari-iqtisadi əməkdaşlıq məkanına, Avrasiyada nəqliyyat mərkəzinə çevirməkdir. Bu, həmçinin regionumuza revanşizmə və yeni müharibələrə qarşı müəyyən immunitet verəcək.

- Bəs, Gürcüstan niyə bu formatdan imtina edib? Burada yalnz Rusiya faktarı mövcuddur, yoxsa…

- Gürcüstan Abxaziya və Cənubi Osetiya separatçılarına Rusiyanın dəstək verməsi və daxili işlərinə müdaxilə səbəbindən formata qoşulmaqdan imtina etdi. Hətta Gürcüstanın xarici işlər naziri açıqca qeyd etdi ki, biz ərazilərimizi işğal edən Rusiya ilə birlikdə bir platformada olmaq istəmirik. Lakin düşünürəm, Türkiyə və Azərbaycan bu məsələ Gürcüstan və Rusiya arasında vasitəçi ola bilər. Rəsmi Tiflis başa düşməlidir ki, format Azərbaycan və Türkiyənin təşəbbüsü ilə reallaşır. Və burada iştirak edən ölkələrin də həssasiyyətini nəzərə alır. Gələcəkdə Abxaziya və Cənubi Osetiya məsələsində rəsmi Bakı və Ankara Gürcüstana yardım edə, Kremllə bu məsələ ətrafında danışıqlar apara bilər. Buna görə də rəsmi Tiflisin gələcək görüşlərdə iştirak etməsi vacibdir. Hesab edirəm ki, Ankara və Bakı bu və ya başqa formada Tiflisin gələcək formatda iştirak etməsi üçün razı salacaq.

- Azərbaycan və Ermənistan arasın sülh sazişinin bağlanması ərəfəsində “3+3” platforması tərəflərin işini yüngülləşdirə bilər?

 - Nəzərə almaq lazımdır ki, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Ermənistan, Türkiyə, İran və Rusiyanın iştirakı ilə keçirilən “3+3” platforması Cənubi Qafqazda “sülhün və sabitliyin təmin edilməsi” məsələlərinə həsr olunmuşdu. Burdan da anlamaq olar ki, format ilk növbədə regionda baş verən münaqişələrin bitməsi, sonrakı mərhələdə də iqtisadi inkişafa nail olmağı özünə hədəf seçib. Hesab edirəm ki, rəsmi Bakı “3+3” platforması vasitəsilə Ermənistan ilə davam edən gərginliyin sonlanmasına, regionda kommunikasiya əlaqələrinin bərpa edilməsinə və Zəngəzur dəhliznin açılmasına nail ola bilər. Bu o demək deyil ki, format rəsmi Bakıya bunu verəcək. Əlbəttə ki, xeyr. Məsələ ondadır ki, formatda Ermənistan da iştirak edir və regionun bütün problemlərini yenə region ölkələri özü həll etməlidir. İrəvan və Bakı arasındakı həllini gözləyən problemlər yenə region ölkələrinin iştirakı ilə bu formatda həll edilə bilər.

- Sizcə, burada aparıcı missiya Rusiyanın yoxsa, Türkiyənin üzərinə düşür?

 - Qeyd etdiyim kimi, Türkiyə və Azərbaycan formatın yaranmasında təşəbbüskar ölkədir. Təmsil edilən ölkələr fərqli məzihətlərinə, iqtisadi və hərbi imkanlarına görə eyni cür qiymətləndirilə bilməz. Lakin nəzərə alsaq ki, formatın ilkin hədəfi regionda münaqişələri sonlandırmaq və daha sonra iqtisadi inkişafa nail olmaqdır, deyə biləm ki, Ankara və Kremlin missiyası eynidir. Hər halda belə olmasaydı, tərəflərdən biri burada iştirak etməyə də bilərdi.

YƏHYA