"Azərbaycan daxil olmaqla, region ölkələri üçün idxal inflyasiyası qaçılmazdır" - VÜQAR BAYRAMOV
"Yeni düzən fonunda regionun geosiyasi və geoiqtisadi xəritəsində dəyişikliklər olur, bu isə ölkəmizin geosiyasi mövqeyinin daha da güclənməsi ilə müşahidə edilməkdədir"
"Rusiya Ukrayna müharibəsi başladıqdan sonra artıq üçüncü dəfədir ki, Ukrayna prezidenti humanitar dəstəyinə görə Azərbaycana təşəkkür edir. Dünən Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında prezident Volodimir Zelenski tibbi ləvazimatlar daxil olmaqla, Ukraynaya göstərilən humanitar yardıma görə prezident İlham Əliyevə təşəkkürünü bildirib". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan regionda yeganə ölkələrdəndir ki, savaş başladıqdan bəri Ukrayna prezidenti 3 dəfə öz sosial media hesabında paylaşım edərək təşəkkürünü bildirib: "Bu, Azərbaycanın çoxsahəli, müstəqil xarici siyasətinin nəticəsi kimi xarakterizə olunur. Volodimir Zelenski həmçinin, Azərbaycana əkin üçün yanacaqla təmin etməyə hazır olduğuna görə təşəkkür edib. Ukrayna regionda ərzaq təminatı baxımdan vacib ölkələrdən hesab olunur. Savaş dünya bazarında ərzaq məhsullarının qiymətinin növündən asılı olaraq 8-22 faiz artırıb. Avropada inflyasiya səviyyəsi son 30 ildə ən yüksək səviyyədədir. Təbii ki, bu Azərbaycan daxil olmaqla region ölkələri üçün də idxal inflyasiyası qaçılmazdır. Bu baxımdan, Azərbaycanın Ukraynada əkin üçün yanacaq təminatı həyata keçirməyə hazır olması həmçinin, ərzaq istehsalı baxımdan da vacibdir".
CESD sədri hesab edir ki, Ukraynada əkinin bərpa edilməsi və aparılması sözügedən ölkənin yenidən region bazarına öz məhsullarını çıxarmasına imkan yarada bilər: "Bütövlükdə, yeni düzən fonunda regionun geosiyasi və geoiqtisadi xəritəsində dəyişikliklər olur. Bu isə Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsi ilə müşahidə edilməkdədir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az