Azərbaycan deputatlarının İrəvan səfəri...
Bu səfərə qarşı çıxanlar haqlıdır, yoxsa artıq Ermənistana “ayaq açmağı” normal qəbul etməliyik?
Taliyət Əliyev: “Bundan sonra bu tipli danışıqların, səfərlərin keçirilməsinə təbii baxmalıyıq”
Qabil Hüseynli: “Zənnimcə, millət vəkillərimizin İrəvana səfəri əhəmiyyətlidir...”
Fəzail Ağamalı: “Təhlükəsizlik təmin olunursa, əlbəttə, ora getmək lazımdır”
Dünən Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün İrəvana səfər ediblər. Deputatlar iclaslarda müzakirə olunan məsələlər dair Azərbaycan tərəfinin mövqeyini ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan deputatlarının İrəvana səfəri cəmiyyətdə birmənalı qarşılanmayıb. İstər sosial şəbəkələrdə, istər də müxtəlif saytlarda bu səfərin əleyhinə olan fikirlər öz əksinə tapıb. Maraqlıdır, deputatlarımızın Ermənistana səfəri haqda siyasilər, politoloqlar nə düşünür?
ADP sədrinin Seçki və hüquq məsələləri üzrə müavini Taliyət Əliyev hesab edir ki, əbədi ədavət nə Ermənistan, nə də Azərbaycan xalqına yaxşı heç nə vəd etmir: “Əslində, 44 günlük müharibədən əvvəl də, yəni 30 illik işğal dövründə də ermənilərlə bu və ya digər şəkildə diplomatik danışıqlarımız olub. Yəni prezidentlər, xarici işlər nazirləri səviyyəsində, eləcə də ATƏT-in Mİnsk qrupu çərçivəsində, həmçinin “xalq diplomatiyası” adı altında bir sıra görüşlər keçirilib. Düzdür, o zaman bu görüşlər cəmiyyətdə müəyyən qıcıqlar yaradırdı, bunu da təbii qarşılamaq lazımdır. Çünki həmin dövrdə ölkəmizin əraziləri işğal altında idi və Azərbaycan cəmiyyəti hesab edirdi ki, torpaqlarımız azad olunanadək Ermənistanla hər hansı diplomatik danışıqların, təmasların, o cümlədən də “xalq diplomatiyası” adı altında müxtəlif görüşlərin həyata keçirilməsi yolverilməzdir. Yadınızdadırsa, hətta ölkəmizə gələn ermənini hava limanında döymüşdülər.
Amma artıq işğal faktoru demək olar ki, 90 faiz aradan qaldırılıb. Qarabağda qalan separatçı tör-töküntünün oradan təmizlənməsi də zaman məsələsidir. Bilirsiniz ki, hazırkı dönəmdə Azərbaycan Ermənistanla diplomatik münasibətlər qurmaqda, sülh sazişi imzalamaqda, qonşu dövlətlə sərhəd xətlərinin müəyyən edilməsində maraqlıdır. Hesab edirəm ki, bundan sonra bu tipli danışıqların, səfərlərin keçirilməsinə təbii baxmalıyıq. Bu baxımdan, AVRONEST çərçivəsində baş tutan səfərə normal yanaşıram. Düşünürəm ki, bu cür səfərlər həyata keçirilməli, iki dövlət arasında münasibətlər normallaşdırılmalıdır.
Ermənistan cəmiyyəti Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibədən sonra regionda formalaşan yeni geosiyasi vəziyyətlə hesablaşmalıdır. Buna isə təkcə mətbuat vasitəsilə nail olmaq mümkün deyil, ikitərəfli görüşlər, diplomatik danışıqlar vasitəsilə də qarşı tərəfi sülh sazişinin imzalanmasının vacibliyinə inandırmalıyıq. Amma sözsüz ki, Azərbaycan öz prinsipial mövqeyindən çəkinməməli və Qarabağ torpaqlarında suverenliyinin tam bərpa olunması məsələsində sonadək heç bir güzəştə getməməlidir”. 
Politoloq Qabil Hüseynli azərbaycanlı deputatların İrəvanda keçiriləcək AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirakı haqda “Hürriyyət”ə danışarkən bildirib ki, bu cür səfərlərə müsbət yanaşır: “Mən bu səfəri müsbət qiymətləndirirəm. Çünki biz Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə başlamışıq. AVRONEST, yəni postsovet məkanındakı ölkələrin parlament nümayəndələrinin təmsil olunduğu təşkilat da bu prosesdə iştirak edir.
Qeyd edim ki, AVRONEST Avropa Şurasına bənzər bir qurumdur. Bu qurum İrəvanda iclas keçirir, AVRONEST-in üzvü olan Azərbaycan da dəvətlilər sırasındadır. Zənnimcə, millət vəkillərimizin İrəvana səfəri əhəmiyyətlidir. Çünki sözügedən toplantıda həm postsovet məkanının Avropaya inteqrasiya məsələləri müzakirə ediləcək, həm də ermənilər yüksək tribunadan istifadə edərək müəyyən hadisələri saxtalaşdırmağa, öz xeyirlərinə yozmağa cəhd edə bilərlər, bu mənada Azərbaycan tərəfrinin orada iştirakı vacibdir. Çox guman ki, bu səfərin iki ölkə arasında münasibətlərin qaydaya düşməsində az da olsa, rolu ola bilər”.

Mİllət vəkili Fəzail Ağamalı “Hürriyyət”ə açıqlamasında bildirib ki, təhlükəsizliyə zəmanət olduğu halda, bu cür səfərlər həyata keçirilməlidir: “AVRONEST beynəlxalq səviyyəli bir platformadır. Təbii ki, bizim hörmətli həmkarlarımızın orada təhlükəsizliyi təmin olunursa, onlara qarşı təxribat xarakterli hadisələr törədilmirsə, əlbəttə ora getmək lazımdır. O platformada öz iradəmizi ifadə etməli, qarşı tərəfin ölkəmizə qarşı ədalətsiz, revanşist münasibətinə elə onun öz evindəcə tutarlı cavab verməliyik”.
Politoloq Elxan Şahinoğlu da deputatların İrəvana getməsini təqdir etsə də, sözügedən səfərin çox da şişirdilməsinin tərəfdarı olmadığını söylədi: “Bu, sadəcə AVRONEST-ə üzv olan ölkələrdə keçirilən ənənəvi toplantıdır və növbəlilik əsasında bu dəfə Ermənistanda keçirilir. Azərbaycan haqlı olaraq bu toplantıda iştirakdan imtina etmədi. Çünki biz müharibədə qələbə qazanmışıq, deməyə sözümüz də var. Bu üzdən İrəvana səfər etmək qərarı doğrudur. Əgər əvvəllər, Azərbaycanın ərazilərinin işğal altında olduğu dönəmdə Ermənistanda gerçəkləşdirilən tədbirlərə qatılmırdıqsa, bu gün, qalib tərəf kimi AVRONEST-in iclasında iştirakımız mühüm əhəmiyyət kəsb edir. Amma, qeyd etdiyim kimi, bu olayın şişirdilməsinin tərəfdarı deyiləm. Bu rəsmi səfər deyil, sadəcə toplantıda iştirakdır. Erməni tərəfi orada Azərbaycana qarşı təxribatçı çıxışlar edə bilər. Bu üzdən toplantıda iştirak edəcək millət vəkillərimiz çox fəal olmalı və təxribatçı çıxışlara anındaca cavab verməlidirlər”.
Politoloq Məhəmməd Əsədullayevin fikrincə, Azərbaycan nümayəndə heyətinin AVRONEST-in İrəvanda keçirilən toplantısına qatılması iki ölkə arasındakı münasibətlərin müəyyən qədər yumşalmasına səbəb ola bilər: “Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat, Soçi bəyənnaməsi, 11 yanvar razılaşması, Fransa prezidenti Emmanuel Makronun vasitəsçiliyi ilə Brüsseldə Azərbaycanla Ermənistan liderləri arasında keçirilən qeyri-formal görüş iki ölkə arasında siyasi təmasların qurulmasına təkan verməlidir. Amma Ermənistan müxalifətinin siyasəti buna mane olur. Buna baxmayaraq, Ermənistanın baş naziri müəyyən müsbət açıqlamalar, mesajlar verir. Həmçinin Avropa İttifaqının vaitəçiliyi ilə fevralın 5-də keçirilən onlayn görüşlər də tərəflər arasında münasibətlərin normallaşma prosesinə müəyyən müsbət impuls verir. Təbii ki, bu məsələdə Ermənistanın siyasi iradəsi böyük rol ynayır. Çünki Ermənistan tərəfi delimitasiya və demarkasiya prosesini qəbul etməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu nöqteyi-nəzərdən deputatlarımızın İrəvana, Erməsistan deputatlarının isə Azərbaycana səfərləri normal qarşılanmalıdır. Bu, iki ölkə arasında aparılan sülh prosesinə töhfə verə biləcək müsbət məqamdır. Avropa İttifaqı da regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Zənnimcə, bu prosesdə Azərbaycan nümayəndə heyətinin sözügedən toplantıda iştiraskı Brüsselin vasitəçiliyi və birbaşa təklifi ilə həyata keçirilir”.
Hazırladı: RUNA