Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərini GERİ QAYTARACAQ
Məhəmməd Əsədullazadə: "Bu il ərzində Azərbaycanla Ermənistan arasında həm sülh müqaviləsinin bağlanması, həm də hərbi əməliyyatların başlaması gözlənilmir"
Elxan Şahinoğlu: "Paşinyan məsələni gecikdirməkdə davam edərsə Azərbaycan ordusunun həmin kəndlərə daxil olmaqdan başqa alternativi qalmayacaq"
Fuad Qəhrəmanlı: "Qərb Ukraynadakı savaşın sonunu gözləmədən Cənubi Qafqazı Rusiyanın nəzarətindən çıxarmağa qərar verib"
Zeynal Əmrəliyev: "ABŞ və Türkiyə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün birgə çalışmaq barədə öhdəlik götürüb"
Erməni hüquq müdafiəçisi Karapet Poqosyan iddia edir ki, Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib. Bununla bağlı publika.az-da yer alan informasiyaya görə, Poqosyan Türkiyənin sərhədə yerləşdirdiyi hərbi texnikanın 155 mm-lik təkərli artilleriya və 120 mm-lik minaatanlar olduğunu qeyd edib: "Onları sərhəddən gözlə görmək mümkündür. Son 100 ildə belə bir hadisə baş verməyib. Orada sərhədçilər həmişə olur, indi artilleriya sistemləri də yerləşdiriblər. Bura Canfida istiqamətidir. Sərhəd qoşunlarında artilleriya yoxdur, çünki onların funksiyası sərhəd pozucularını həbs etməkdir, artilleriya isə hücum silahıdır. Türkiyə qeyri-sabitliyin olduğu sərhədyanı ölkələr istiqamətində hücum silahları yerləşdirir. Fikrimcə, bütün bunlar Ermənistan hakimiyyətinin antirusiya siyasətindən qaynaqlanır. Böyük ehtimalla, bu hakimiyyət rusları təxribata çəkməyə çalışacaq, bundan sonra Türkiyə Ermənistana müdaxilə edəcək". O əlavə edib ki, Rusiya sərhədçiləri Zvartnots hava limanından çıxarıldıqdan sonra Türkiyə-Ermənistan sərhədindən də çıxarılacaq.
Nəzərinizə çatdıraq ki, sözügedən xəbərə münasibət bildirən Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz Karapet Poqosyan tərəfindən yayılan məlumatın yalan, dezinformasiya olduğunu bildirib. General-leytenantın sözlərinə görə, Türkiyə Ermənistanla sərhəddə hər hansı problem görmür və hazırda heç bir hərəkətlənmədən söhbət gedə bilməz: "Türkiyə niyə sərhədə ağır texnika toplamalıdır? Ermənistan hara, Türkiyə hara? Türkiyənin 85 milyona yaxın əhalisi var, dünyanın 8-ci, NATO-nun isə ikinci güclü ordusuna malik bir ölkə Ermənistanla eyni ola bilərmi? Ermənistanla sərhəddə heç bir təhlükə və hərəkətlənmə yoxdur. Olsa da bu, Türkiyə Silahlı Qüvvələrinin zaman-zaman müxtəlif təlimlər keçməsi və bu məqsədlə həyata keçirilən bir hərəkətlər ola bilər. Əks halda, heç bir təhlükə və başqa heç nə olmadığı halda Ermənistan sərhədində hər hansı hərəkətləndən söhbət gedə bilməz və bu dezinformasiyadır. Təhlükə hiss etsə də, Türkiyə hazırda sahib olduğu hava vasitələri, digər qabaqcıl müasir müdafiə sənayesi texnikaları və güclü ordusu ilə ehtiyat tədbirləri ala bilər". Yücel Karauz hesab edir ki, bu dezinformasiyalar Qafqazı qarışdırmaq məqsədi ilə ortaya atılıb: "Bu, Azərbaycan və Türkiyənin birlikdə Ermənistanı çətin vəziyyətə saldığı, guya Ermənistana qarşı riskin olduğu təəssüratı yaratmaqla Qərbdən kömək istəyənlərin oyun və yalançı qışqırıqlarından başqa bir şey deyil. Qafqazı qızışdırmaq məqsədi ilə ortaya atılıb".
Bu arada, Böyük Britaniyanın silahlı qüvvələrlə iş üzrə naziri Ceyms Hippi parlamentarilərin "Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının Londonun müdafiə sənayesi üçün potensial faydaları" haqda sualını cavablandırarkən, Böyük Britaniyanın bu qərarı Ermənistanın suveren hüququ kimi tanıdığını və Rusiyanın cavab təhdidləri qarşısında Ermənistanı dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə işləyəcəyini qeyd edib. Ceyms Hippinin fkkrincə, Ermənistanın KTMT üzvlüyünün dondurulması qurumdan rəsmi çıxış demək deyil: "Böyük Britaniya ATƏT-in silah embarqosunu imzalayan ölkədir və buna görə də Londonun müdafiə sənayesi üçün hər hansı fayda müəyyən edilmiş limitlər daxilində olmalıdır. Biz daha sıx əməkdaşlıq imkanlarını araşdırmaq üçün Ermənistanla işləməyə davam edəcəyik".
"Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı aşağı səviyyədədir"
Söz yox ki, bütün bunlar, yəni həm Ermənistan, həm də bir sıra Qərb dairələri tərəfindən ortaya atılan dezinformasiya xarakterli məlumatlar Cənubi Qafqazda sabitliyi pozmağa, Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanmasına hesablanmış addımlardır. Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bu qənaətdədir ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı aşağı səviyyədədir: "Hesab edirəm ki, bu il ərzində Azərbaycanla Ermənistan arasında həm sülh müqaviləsinin bağlanması, həm də hərbi əməliyyatların başlaması gözlənilmir. Bəzi dövlətlər Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlar keçirməsində maraqlı olsalar da, bu, rəsmi Bakı üçün maraq kəsb etmir. Çünki Azərbaycan Ermənistanla sülh danışıqlarında maraqlıdır. Rəsmi Bakı sərhədlərin delimitasiyası və demarkasiyasında İrəvanın irəli sürdüyü şərtləri danışıqlar yolu ilə həll etməyə çalışır. Amma Ermənistan Cermux istiqamətində Azərbaycana qarşı əlavə iddialar irəli sürür və 31 kəndin nəzarətdə olduğunu bildirir". Rəsmi İrəvanın daha çox təxribatlarda meyilli olduğunu vurğulayan politoloqun sözlərinə görə, Ermənistan ordusu döyüş qabiliyyətində deyil və şərti sərhəddə hər iki tərəf eskalasiyadan yayınacaq.
"Həmin kəndlərə görə Ermənistanın Azərbaycanla müharibəyə başlayacağının ehtimalı azdır"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycanın Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb etməsi Rusiya və Ermənistanın xəbər agentliklərində əsas xəbər kimi yayılıb. Politoloq qeyd edib ki, bu, rəsmi Bakının İrəvana ultimatumu kimi qiymətləndirilib: "Doğru təsbitdir. İki variant mümkündür. Birinci variant odur ki, baş nazir Nikol Paşinyan durumu doğru qiymətləndirərək Azərbaycanın digər rayonlarına bitişik 4 kəndin geri qaytarılmasına razılaşacaq və bunun vacibliyini ermənilərə anladacaq. Onsuz da həmin kəndlərdə ermənilər yaşamır. İkinci variant isə odur ki, Paşinyan məsələni əvvəlkitək gecikdirməkdə davam edəcək. Bu halda Azərbaycan ordusunun həmin kəndlərə daxil olmaqdan başqa alternativi qalmayacaq". Politoloq hesab edir ki, həmin kəndlərə görə Ermənistanın Azərbaycanla müharibəyə başlayacağının ehtimalı azdır: "Məlum xarici mərkəzlərin Azərbaycana qarşı bəyanatları olacaq, ancaq ölkəmizə qarşı sistemli beynəlxalq təzyiqin olacağı istisnadır. Azərbaycan öz kəndlərini geri qaytaracaq".
"ABŞ-la Türkiyə arasındakı müzakirə edilmiş məsələlər və əldə olunmuş razılaşmalar Orta Şərqdə və Cənubi Qafqazda proseslərin gələcək inkişafına mühüm təsir göstərəcək, Qərbin bu regionlarda Türkiyə vasitəsi ilə maraqlarını təmin etmək imkanlarını artıracaq"
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-a iki günlük səfərinə toxunan siyasi şərhçi Fuad Qəhrəmanlının fikrincə, gözlənilir ki, bu təmaslar nəticəsində müzakirə edilmiş məsələlər və əldə olunmuş razılaşmalar Orta Şərqdə və Cənubi Qafqazda proseslərin gələcək inkişafına mühüm təsir göstərəcək, Qərbin bu regionlarda Türkiyə vasitəsi ilə maraqlarını təmin etmək imkanlarını artıracaq: "Səfər zamanı Hakan Fidan həmkarı Blinkenlə və milli təhlükəsizlik məsələləri üzrə müşavir Çek Salivanla görüşüb, 2001-ci ildən fəaliyyət göstərən ABŞ-Türkiyə strateji məsləhətləşmə qurumunun geniş tərkibli müzakirələrində iştirak edib. Xatırladım ki, bu son üç ay ərzində Hakan Fidanın Blinkenlə üçüncü görüşüdür və ondan əvvəl də Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın Vaşinqtona səfər etmişdi. Bu cür sıx təmaslar onu göstərir ki, iki ölkə arasında uzun müddətdən bəri mövcud olan bəzi fikir ayrılıqlarının yerini dərin strateji işbirliyinin tutması istiqamətində ciddi müzakirələr gedir. Gözlənilir ki, bu təmaslar nəticəsində müzakirə edilmiş məsələlər və əldə olunmuş razılaşmalar Orta Şərqdə və Cənubi Qafqazda proseslərin gələcək inkişafına mühüm təsir göstərəcək, Qərbin bu regionlarda Türkiyə vasitəsi ilə maraqlarını təmin etmək imkanlarını artıracaq. Eyni zamanda, bu əməkdaşlıq nəticəsində Türkiyənin regional güc kimi iddaları və sahədə üstünlüyü təmin olunacaq. ABŞ-Türkiyə strateji məsləhətləşmə qurumunun toplantısının yekununa dair yayılmış birgə bəyanatda bildirilir ki, "ABŞ və Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün birgə səy göstərəcəklər. Dövlət katibi Blinken və xarici işlər naziri Fidan Azərbaycanla Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürürlər. Onlar bəyan ediblər ki, bu saziş regional sabitliyə, əməkdaşlığa və rifahın əldə olunmasına yardım edəcək". Bu bəyanat birmənalı şəkildə onu göstərir ki, iki ölkə Cənubi Qafqazda eyni mövqedən çıxış etməklə bağlı ciddi strateji qərar veriblər və bundan sonra həm ABŞ, həm də Türkiyə birgə şəkildə Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə edilməsinə çalışacaqlar. Buradan o nəticə çıxır ki, onlar həm də bu sülh prosesini pozmağa çalışan Rusiyayanın desturiktiv cəhdlərinin qarşısını almaqdan ötrü müttəfiq kimi hərəkət edəcəklər. Bu mövqeyi İlham Əliyevin Türkiyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğan çox açıq şəkildə belə ifadə etdi ki, üçüncü tərəf sülh prosesini zəhərləməməlidir".
"Rusiyanın Azərbaycandan Ermənistana qarşı istifadə cəhdləri bu gün bizi beynəlxalq birliklə qarşı-qarşıya qoyur"
Fuad Qəhrəmanlının sözlərinə görə, Azərbaycan hakimiyyətini gərginləşdirən bu geosiyasi gəlişmə qarşıdakı mərhələdə Rusiyadan uzaqlasmaqla bağlı qəti qərarlar verməyi tələb edəcək: "Əgər hakimiyyət bundan sonra da anti-Qərb ritorikasını davam etdirəcəksə, bu həm də anti-Türkiyə çaları daşıyan bir mövqe olacaq. Bu qədər sadə və aydın. Çünki Qərblə Türkiyənin eyni mövqedən çıxış edəcəyi şəraitdə Qərbə qarşı olub eyni vaxtda Türkiyə ilə yaxın görünmək mümkün olmayacaq. Türkiyə Moskvanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla onun yerini tutmağa iddia edir. Bu haqqında danışdığımız məsələlər həm də onu göstərir ki, Qərb Ukraynadakı savaşın sonunu gözləmədən Cənubi Qafqazı Rusiyanın nəzarətindən çıxarmağa qərar verib. Sadəcə, Azərbaycan hakimiyyəti ölkə daxilində getdikcə artan aqressiv davranışları ilə bu dəyişən reallığı qəbul etməməyə çalışır. Bu baxımdan, İngiltərənin son vaxtlar Ermənistanla bağlı sərgilədiyi mövqe onu göstərir ki, bu gün Cənubi Qafqazda planlaşdırılan geosiyasi dəyişikliklər anqlosaksların yeni dünya düzəni layihəsinin tərkib hissəsidir və çox təəssüf ki, Azərbaycan özünü belə bir qlobal plana qarşı qoyur. Türkiyə kimi bir ölkəyə rəhbərlik edən güclü və mahir oyunçu Ərdoğan bu qlobal layihə ilə razılaşdığı halda, Azərbaycanın bugünkü anti-Qərb davranışlarının məntiqi izahını tapmaq çətindir. Diqqət edin, Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi parlamentin sorğusuna cavabında bildirib ki, ölkəsi Rusiyadan uzaqlaşan Ermənistanla təhlükəsizlik sahəsində "əməkdaşlığı dərinləşdirmək" üçün İrəvanla yaxından işləyəcək. O, həmçinin bəyan edib ki, "Böyük Britaniya Ermənistan hakimiyyətinin KTMT üzvlüyünü dondurmaq qərarını tanıyır və Rusiyadan gələn təhdidlər qarşısında dəstək verməyə hazırdır. Böyük Britaniya bu qərarı Ermənistanın suveren hüququnun həyata keçirilməsi kimi tanıyır və Rusiyadan gələn cavab tədbirləri təhdidləri qarşısında onu dəstəkləmək üçün Avro-Atlantik müttəfiqləri ilə əməkdaşlıq edəcək". Bu o deməkdir ki, Paşinyanın son günlər artan anti-Rusiya bəyanatları təsadüfi deyil və həm də Qərbin mövqeyini əks etdirir. Ermənistan indi Qərbin Cənubi Qafqazda Rusiyanı sıxışdırmaq planının baş icraçısıdır və onunla sülhdən imtina etmək hazırkı situasiyada Qərbin və nə qədər paradoksal görünsə də Türkiyənin maraqlarına qarşı gəlmək anlamına gəlir. Azərbaycan Rusiya ilə mütəffiqliyə başı qarışdığı vaxtlarda Ermənistan da öz xeyrinə bu geosiyasi reallığı yaratmaqla məşğul olub. Ona görə də Rusiyanın Azərbaycandan Ermənistana qarşı istifadə cəhdləri bu gün bizi beynəlxalq birliklə qarşı-qarşıya qoyur. Fransanı bildik, bəs bundan sonra hakimiyyət İngiltərənin Ermənistanla bağlı bu mövqeyinə qarşı nə deyib təbliğat kampaniyası quracaq? Bu o deməkdir ki, Azərbaycan hakimiyyətinin qarşısında geosiyasi seçim tələbi getdikcə daha sərt şəkildə qoyulur və istər Qərb ölkələri, istərsə də Türkiyə ilə müttəfiqlik münasibətllərinin gələcəyi Rusiyadan uzaqlaşmağa bağlıdır".
"Ehtimal ki, görüşlər Vaşinqtonda keçiriləcək və burda Entoni Blinklinlə Hakan Fidan da iştirak edəcək"
Siyasi şərhçi Zeynal Əmrəliyev də hesab edir ki, ABŞ və Türkiyə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi üçün birgə çalışmaq barədə öhdəlik götürüb. O bildirib ki, bu haqda razılaşma Vaşinqtonda keçirilən Türkiyə-ABŞ Strateji Mexanizminin iclasında ABŞ dövlət katibi Entoni Blinklen və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında keçirilən görüşdə əldə edilib: "Görünür ki, ABŞ prosesə daxil olmaq istəyir. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra sülh danışıqlarında vasitəçilik etmək üçün xeyli sayda təşəbbüsçülər meydana çıxır. İlk öncə Rusiya, ardınca Avropa İttifaqı, bir qədər öncə də Almaniya. Fransa, İran və Gürcüstan da bu məsələdə niyyətlidir. ABŞ-ın məsələ ilə bağlı yanaşması çox doğrudur. ABŞ bölgəyə birbaşa daxil olmaq istəmir. Regionu ən yaxşı tanıyan ölkənin - Türkiyənin vasitəsi ilə prossesi idarə etmək istəyir".
Zeynal Əmrəliyevin fikrincə, bu məsələ ilə bağlı Vaşinqton və Ankaranın necə əməkdaşlıq edəcəyi tam məlum deyil: "Ehtimal ki, görüşlər Vaşinqtonda keçiriləcək və burda Entoni Blinklinlə Hakan Fidan da iştirak edəcək. Bu Azərbaycan üçün yaxşıdır. ABŞ ümumilikdə bir çox məsələdə regionda Türkiyəyə dəstək verməklə kifayətlənir. Bu ən çox bizim üçün xeyirdir. Zamanla regionda Qərbi Türkiyə təmsil edəcək. Rusiyanın özü də ABŞ və Avropadan fərqli olaraq Türkiyə ilə danışıb anlaşmağı daha məqsədə uyğun hesab edir. Türkiyə region ölkəsidir, prosesləri gözəl idarə edə bilir. Odur ki, regionda Qərbin maraqlarını təmin edəcək, istədiyini ala biləcək tək ölkə məhz Türkiyədir".
Vazeh BƏHRAMOĞLU