📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan gələn il Şimali Kipr Türk Cümhuriyyətini tanıya bilər" - POLİTOLOQ

2023-09-26 13:07:36

"Rəsmi Bakı Şimali Kiprlə yanaşı, Kosovanı da tanıyarsa, Qərbin müəyyən siyasi bəyanatlarını neytrallaşdırmaq mümkün olacaq"

"Azərbaycanın Şimali Kiprin və Kosovanın rəsmən müstəqilliyini tanımasında problem yoxdur. Azərbaycan öz suverenliyini bərpa edib. Xankəndi və ətrafına nəzarət edir. Erməni silahlı birləşmələri silahlarını təhvil verib. Azərbaycan Cənubi Qafqazda yeni bir reallıq ortaya qoydu". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Məhz bu səbəbdən də politoloq hesab edir ki, artıq rəsmi Bakının Şimali Kipr Türk Cümhuriyyətini rəsmən tanımasında heç bir əngəl qalmayıb: "Şimali Kiprin Türk Dövlətləri Birliyində təmsilçiyi var. Prezident İlham Əliyev Şimal Kipr Türk Cümhuriyyətinin bayrağının bu təşkilatda olması vacibliyini qeyd edib. Təbii ki, Türkiyə də Azərbaycanın Şimali Kipri tanımasında maraqlıdır. Gələn il Azərbaycan Şimali Kipri tanıya bilər. Bundan əlavə, Kosovanın da müstəqilliyinin tanınmasında hər hansı bir problem yoxdur. Albaniya Azərbaycanın yaxın strateji tərəfdaşıdır. Albaniya BMT Təhlükəsizlik Şurasının son iclasında Azərbaycanı qətiyyətli şəkildə müdafiə edib. Serbiyaya görə Kosovanı tanımamaq olmaz. BMT və 100 ölkə Kosovanı tanıyıb".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Serbiyaya etibar yoxdur: "Serbiya ilə əlaqələr yalnız oradakı hakimiyyətlərin tutduğu xətdən aslıdır. Rəsmi Bakı Şimali Kiprlə yanaşı, Kosovanı da tanıyarsa, Qərbin müəyyən siyasi bəyanatlarını neytrallaşdırmaq mümkün olacaq. Çünki Qərb Şimali Kipri tanımır. Azərbaycan tanıyarsa, buna sərt reaksiya verə bilər. Amma paralel olaraq Kosovanı da tanıyarsa, münasibətlər normal olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az