📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan hakimiyyəti jurnalist Vüqar Məmmədovu azad etməlidir" - JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİNDƏN BƏYANAT

2023-07-31 11:12:00

"Jurnalistləri Müdafiə Komitəsi" cümə günü bildirib ki, Azərbaycan hakimiyyəti jurnalist Vüqar Məmmədovu azad etməli və ictimaiyyətin maraqlarına cavab verən məsələlər barədə məlumat yaydıqlarına görə jurnalistlərdən qisas almağa son verməlidir.

KİV-lər və “Jurnalistlərin Müdafiə Komitəsi” (CPJ)  ilə danışan vəkil Bəhruz Bayramov bildirib ki, bazar ertəsi iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi “Hürriyyət” müstəqil xəbər agentliyinin baş redaktoru Məmmədovu hərbçilərlə bağlı qadağan olunmuş məlumatları yaydığına görə 30 sutka həbs edib.

“Jurnalistlərin Müdafiəsi Komitəsi”nin tanış olduğu məhkəmə hökmündə Vüqar Məmmədovun keçmiş polkovnik Elnur Məmmədovla ən azı üç müsahibəsinə istinad edilib ki, iyulun 19-da baş tutan bu müsahibələrin sonuncusunda sabiq hərbçi ölkə ordusunun vəziyyətini tənqid edib və müdafiə naziri Zakir Həsənovu yarıtmaz idarəetmədə və korrupsiyada ittiham edib. Jurnalistlə qohumluğu olmayan Elnur Məmmədov da eyni ittihamla 30 sutka həbs edilib.

“Jurnalist Vüqar Məmmədovun Azərbaycan hərbi rəsmiləri haqqında tənqidi fikirlər səsləndirdiyinə görə həbs edilməsi tamamilə qəbuledilməzdir və dərhal ləğv edilməlidir”, deyə “Jurnalistlərin Müdafiə Komitəsi”nin Nyu Yorkdakı Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Səid bildirib. “Hakimiyyətlər söz azadlığı ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməli və sadəcə öz işlərini gördükləri üçün jurnalistlərdən qisas almağı dayandırmalıdırlar”, deyə Gülnoza Səid əlavə edib.

Bayramov bildirib ki, məhkəmə zalından həbs edilən Məmmədov hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır. O, müsahibələr zamanı Azərbaycan qanunvericiliyinə əsasən dövlət sirrini ehtiva edə bilən qadağan olunmuş məlumatların yayılmadığını və Məmmədovun qonağının tənqidi fikirlərini səsləndirdiyinə görə cəzalandırıldığını bildirib.

Media hüquqşünası Xalid Ağalı JMK-yə mesajlaşma proqramı vasitəsilə bildirib ki, Azərbaycan qanunlarına görə, jurnalistlər müsahiblərinin ifadələrinə görə təqib oluna bilirlər, lakin o, bu işdə hakimiyyətin məqsədinin “jurnalistləri və sadə insanları qorxutmaqla tənqid etməkdən çəkindirmək” olduğuna inanır.

Elnur Məmmədov 2022-ci ilin oktyabrında 6 aylıq həbs cəzası ilə nəticələnən Müdafiə Nazirliyinin rəsmilərini tənqid etməsi ilə tanınır.

“Hürriyyet”in verdiyi xəbərə görə, Baş Prokurorluğun əməkdaşları bazar ertəsi Vüqar Məmmədovu çağıraraq dindirib və məhkəməyə veriblər. “Hürriyyet”in əməkdaşları yerli və regional mediaya bildiriblər ki, hakimiyyət bir neçə saat ərzində jurnalistin həmkarlarına və ya ailəsinə onun harada olması barədə məlumat verməyib və ona vəkil seçməsinə icazə verilməyib.

Məhkəmə qərarında deyilir ki, Məmmədov “silahlı qüvvələrin vəziyyətini sistemli, ardıcıl və davamlı olaraq” müzakirə edib və bununla da “ölkənin müdafiə qabiliyyətinin zəifləməsi ilə bağlı qadağan olunmuş məlumatlar yayıb”. Nə hökmdə, nə də baş prokurorun bəyanatında qadağan olunduğu iddia edilən məlumatla bağlı əlavə təfərrüatlar göstərilməyib.

JMK şərh üçün Azərbaycan Baş Prokurorluğu və Ədliyyə Nazirliyinə e-poçtla müraciət etsə də, heç bir cavab almayıb. JMK-nin 1 dekabr 2022-ci il tarixli həbsxana siyahıyaalınması zamanı ən azı iki jurnalist, Abid Qafarov və Polad Aslanov Azərbaycanda həbsdə idi.

Hurriyyet.az