"Azərbaycan həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xətlərini daha ciddi qorumalıdır" - NATİQ CƏFƏRLİ
"Nə qədər ki, Rusiya Ermənistanda həlledici söz sahibidir, Ermənistan-Azərbaycan sərhədinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xəttlərimizə həmişə təhlükə olacaq"
"Dünyanın tam çivisi çıxıb, artıq heç bir məsələdə “qırmızı xəttlər” qalmayıb, hətta “soyuq müharibə” zamanı belə, kritik enerji infrastrukturları, kommunikasiya xəttləri toxunulmaz idi. Hətta Rusiyanın Ukraynaya təcavücü və apardığı işğalçı müharibə zamanı belə, hər iki tərəf Ukraynadan keçən kommunikasiya xəttlərinə ziyan vuracaq addımlardan çəkinirdilər. Amma Rusiya Zaparojye AES-ni işğal edib atom təhdidi yaradan gündən bu “qırmızı xətlər” silinməyə başladı". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.
Politoloq qeyd edib ki, Baltik Dənizində “Şimal Axını-1” və “Şimal Axını-2” boru kəmərlərinin partladılması dünyada yeni, çox təhlükəli, heç bir tapu tanımaz şərait yaradır: "Partlayışın kimlər, hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq bu çox təhlükəli presidentdir. Əgər dünyada indi həm də “infrastruktur müharibələri” başlasa, zatən xaotik durumda olan vəziyyət daha da mürəkkəbləşəcək, zatən “kovidlə” mübarizənin axmaqcasına aparılmasından başlayan iqtisadi böhran daha da dərinləşəcək. Görünən odur ki, hər bir ölkə öz başının çarəsinə özü qalmalıdır. Azərbaycan öz həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xətlərinin daha da ciddi qorunması məsələsini həll etməli, bunun üçün Türkiyə, Britaniya və İsrail ilə (Türkiyə xəttlərin davamı olan ölkə kimi, Britaniya Bp şirkətinin neft-qaz layihələrinin əsas operatoru olduğu, İsrail isə öz neft ehtiyacının yarıdan çoxunun Azərbaycandan təmin etdiyi üçün) hava məkanımızın tamamən xarici müdaxilələrə bağlanması, yerüstü təhlükəsizlik tədbirlərinin artırılması (məsələn, boru xəttləri boyu Türkiyə ilə birgə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, boru xəttləri boyu birgə nəzarət məntəqələrinin yaradılması) ilə bağlı qərarlar alınmalıdır".
REAL-ın icra katibinin fikrincə, nə qədər ki, Rusiya Ermənistanda həlledici söz sahibidir, Ermənistan-Azərbaycan sərhədinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xəttlərimizə həmişə təhlükə olacaq: "2020-ci ilin yayında Tovuz təxribatı bunun əyani sübutudur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az