"Azərbaycan ilin sonuna qədər Xankəndidə de-yure nəzarəti bərpa edə bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Erməni silahlı birləşmələrinin ləğvi və Ruben Vardanyanın Qarabağdan çıxarılması üçün mütləq sərt gücdən istifadə edilməlidir"
"Qarabağda Rusiyanın göndərdiyi Ruben Vardanyan qaldıqca, Azərbaycanın reinteqrasiya siyasətinə mane olacaq və təxribatçı dəstələri vasitəsilə bunu davam etdirəcək. Həmçinin, Qarabağda 10 min silahlı erməni birləşmələri və onların ağır texnikası qalmaqdadır". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun qənaətincə, Azərbaycan bu ilin sonuna qədər Xankəndidə de-yure nəzarəti bərpa edə bilər: "Azərbaycan siyasi və yumuşaq güc yolu ilə Qarabağda reinteqrasiya prosesini aparmağa çalışır. Amma erməni silahlı birləşmələrinin ləğvi və Ruben Vardanyanın Qarabağdan çıxarılması üçün mütləq sərt gücdən istifadə etməlidir. Onu da qeyd edim ki, Azərbaycanın Xankəndinə göndərdiyi humanitar yükün qarşısını alan Rusiyadır. Kreml məhz Ruben Vardanyan vasitəsilə prosesi idarə edir".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Qarabağdakı separatçıların çıxış yolu yoxdur, çünki beynəlxalq birlik də Azərbaycan qanunlarının Xankəndidə bərpa edilməsinə dəstək verir.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az