📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan-İran münasibətlərinin gələcəyi üçün strateji yanaşma dəyişməlidir" - ARAZ ASLANLI

2021-10-22 11:28:00

"Problemləri sadəcə 1992-1993-cü illərdə Elçibəy hakimiyyətinin xarici siyasət anlayışındakı müəyyən ideoloji nüanslarla əlaqələndirmək də doğru deyil"

"İran və Rusiyanın Azərbaycanla münasibətlərindəki problemlərin əksəriyyəti bu dövlətlərin Azərbaycanla bağlı yanlış strategiyalarından qaynaqlanır. Xüsusilə, İranın Azərbaycan adı, Azərbaycanın müstəqil varlığı, tarixi, dəyərləri və s. ilə bağlı qüsurlu yanaşması problemləri dərinləşdirib". Hurriyyet.az xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı deyib.

Azərbaycan-İran münasibətlərinin kəskinləşməsində maraqlı olan xarici qüvvələrin olduğunu qeyd edən QAFSAM rəhbərinin sözlərinə görə, onların maraqlarına uyğun hərəkət edən də məhz İrandır: "İran tərəfinin NATO-nun Zəngəzur koridoru vasitəsiylə Azərbaycanda hərbi cəhətdən güclənəcəyi, İsrailin Qara dəniz, Gürcüstan və Azərbaycan üzərindən İrana hərbi zərbələr endirəcəyi və s. iddiaları xeyli dərəcədə qüsurludur. NATO üçün mövcud Gürcüstan yolu daha rahatdır, nəinki Rusiya kəşfiyyatının nəzarətində olacaq Zəngəzur koridoru. İsrail üçün də İrana daha qısa yoldan zərbə endirmək imkanları mövcuddur. Bu iddialar bəzən İsrail və Qərb mənbələrində məhz Azərbaycan-İran münasibətlərinin gərginləşdirilməsi üçün ortaya atılır. Amma guya dövlətçilik tarixi və təcrübəsi olan İran dərhal bu iddialara "qıcıqlandırılan uşaq" reaksiyası göstərir".

Siyasi ekspert hesab edir ki, problemləri sadəcə 1992-1993-cü illərdə Elçibəy hakimiyyətinin xarici siyasət anlayışındakı müəyyən ideoloji nüanslarla əlaqələndirmək də doğru deyil: "Təbii ki, xarici siyasət ideoloji əsaslarda deyil, praqmatik maraqlar üzərində qurulmalıdır və xarici siyasətdə ideoloji yanaşmalar tənqid edilə bilər. Amma həm Rusiya, həm də İran 1992-ci ildən öncə də, 1993-cü ildən sonra da Azərbaycanla bağlı kifayət qədər uğursuz və problem yaradıcı kurs seçiblər. Nə Xocalı soyqırımı, nə də İran hərbi gəmilərinin və hərbi təyyarələrinin Azərbaycan sərhəddini pozması (2001-ci ilin iyulu) həmin hakimiyyət dövründə olmayıb. İranın öz "TIR"larının Azərbaycan ərazisinə icazəsiz daxil olmasını qadağan etməsi nəhayət ki, qismən müsbət addım kimi dəyərləndirilə bilər. Amma münasibətlərin gələcəyi üçün strateji yanaşma dəyişməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az