Azərbaycan komandası “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurdu - Fotolar
Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri başa çatıb.
Hurriyyet.media xəbər verir ki, reqatanın son günündə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar.
Azərbaycan komandasında qızıl medalları 2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2010-2011) Mustafa Vəlizadə və 1 nəfərlik kayakda 500 metr məsafədə (2008-2009) Əlimurad Hacızadə qazanıblar.
Gümüş medala akademik avarçəkmə üzrə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) Azər İlyasov – İsabala Dadaşzadə layiq görülüblər. Qiyas Əhmədov (2008-2009) 1 nəfərlik kayak qayığında 500 metr məsafədə ikinci olub. Elmir Tarverdiyev – Mustafa Vəlizadə (2010-2011) 2 nəfərlik kayak qayığında 500 metr məsafədə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.
2 nəfərlik kayak qayığında 200 metr məsafədə (2010-2011) Maqsud Mantaşev – Nizami Kərimov, eyni növdə fərqli yaş kateqoriyasında (2008-2009) Mikayıl Vəliyev – Sabir Ağayev, 1 nəfərlik kanoe qayığında 500 metr məsafədə (2008-2009) Hüseyn Səmədli, akademik növdə 2 nəfərlik qayıqda 1500 metr məsafədə (2008-2009) İsmayıl Şirinov – Tunar Məmmədzadə, 1 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze bürünc medal qazanıblar.
Bununla da Azərbaycan komandası reqatanı 7 qızıl, 5 gümüş və 10 bürünc medalla tamamlayıb.
Yekun nəticələrə əsasən kayak və kanoe növündə Özbəkistan 8 qızıl, 4 gümüş, 1 bürünc medalla kubokun sahibi olub. Azərbaycan 6 qızıl, 4 gümüş, 8 bürünclə ikinci, Ukrayna 2 qızıl, 1 gümüş medalla 3-cü yeri tutub.
Akademik avarçəkmədə də kuboku Özbəkistan qazanıb – 2 qızıl, 2 gümüş, 2 bürünc. Azərbaycan 1 qızıl, 1 gümüş, 2 bürünclə bu növdə də ikinci yerdə qərarlaşıb. İlk üçlüyü 1 qızılla Gürcüstan qapayıb.
Xatırladaq ki, “Mingəçevir Reqatası-2026” sentyabrın 29-da Füzulidə yerləşən Köndələn su anbarında start götürüb.





