📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan müttəfiqlərini səfərbər etməlidir, çünki əsas zərbə bizə dəyə bilər" - ƏRƏSTUN ORUCLU

2022-10-20 16:28:00

"Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsinə İran silahlarını cəlb etməklə Tehranın nüvə proqramına dair sazişin hələ mümkün olan təzələnməsinə son qoydu"

"Geosiyasət oyununun ən maraqlı mərhələsi əbədi mehriban düşmənlər olan İranla Rusiya arasında davam edir. Hələlik hesab 1:0 Rusiyanın xeyrinədir. O, Ukraynaya qarşı təcavüzkar müharibəsinə İran silahlarını cəlb etməklə Tehranın nüvə proqramına dair sazişin hələ mümkün olan təzələnməsinə son qoydu". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu qeyd edib.

Siyasi şərhçi bildirib ki, bir qədər əvvəl amerikalıları İranla nüvə sazişinə qaytarmağa çalışan avropalılar indi özləri ona sanksiyalar tətbiq edirlər: "Bunun da davamı Vaşinqtondan gələcək. Ən əsası isə İranla heç bir anlaşmaya getməyin mümkün olmadığını illərdir deyən israillilər haqlı çıxacaqlar. Amma ən maraqlı oyunun davamıdır: Rusiya İranı Cənubi Qafqazda münaqişəyə sövq edib alver predmetinə çevirə biləcək, yoxsa İran Rusiyanı Yaxın Şərqə cəlb etməklə? Hər iki tərəfin yetərincə məkrli olduğunu nəzərə alsaq, "heç-heçə" variantı yoxdur. Ona görə də Azərbaycan müttəfiqlərini səfərbər etməlidir, çünki hər iki halda əsas zərbə bizə dəyə bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az