📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan Ordusu bütün xoşagəlməz əməllərdən, şəxslərdən təmizlənməlidir" - NATİQ CƏFƏRLİ

2022-02-17 12:56:00

""Tərtər" işində, işgəncələrdə adı, əli, əməli olan bütün zabitlər, vəzifəli şəxslər cəzalandırılmalı, son zamanlar korrupsiya əməllərinə görə həbslər ciddi araşdılılaraq bütün şəbəkə çökdürülməlidir"

"Azərbaycan ordusu xalqın ordusudur, bu gün ən güvənilən, ən hörmətəlayiq qurumlardan biridir. 44 günlük Vətən savaşında üzümüzü ağ etdilər, qəddimizi düzəltdilər, bizə qürur yaşatdılar. 2-ci Qarabağ savaşında qələbənin memarı Azərbaycan əsgərləri, Ordumuzun zabitləridir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq qeyd edib ki, ordunun ətrafında bu gün baş verən bəzi hadisələr təəssüf doğurur: "Amma bir ümid də yaranır ki, ordumuzda təmizləmə işləri aparılacaq, "Tərtər" işində, işgəncələrdə adı, əli, əməli olan bütün zabitlər, vəzifəli şəxslər cəzalandırılmalı, son zamanlar korrupsiya əməllərinə görə həbslər ciddi araşdılılaraq bütün şəbəkə çökdürülməlidir. Azərbaycan Ordusu bütün bu xoşagəlməz əməllərdən, şəxslərdən təmizlənməlidir".

REAL-ın icra katibi hesab edir ki, artıq struktur islahatlarının da zamanı yetişib: "Müdafiə naziri postuna mülki şəxs təyin edilməli, orduya vətəndaş nəzarətinin formalarından biri kimi nazir institutundan istifadə edilməlidir. Mülki müdafiə naziri vətəndaş cəmiyyəti və media ilə daha açıq və şəffaf dialoq qura bilər. Ordunun hərbi idarəetməsi isə Baş Qərargaha tapşırılmalıdır. Ölkənin bütün sahələrində artıq institutsional addımların zamanı çoxdan çatıb, hətta keçib. Ölkənin idarəetməsi şəxslərə deyil, institutlara fokuslanmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az