"Azərbaycan ordusunun 1 günlük əməliyyatı ilə bir saxta mif daha dəfn olundu" - ARAZ ASLANLI
"Eyni zamanda, regionda daimi sülhün təmin olunması istiqamətində də bir addım daha atıldı"
"Azərbaycan ordusunun sonuncu 1 günlük əməliyyatı ilə bir saxta mif daha dəfn olundu. Ermənistan və erməni lobbisi özünü, bütün dünyanı illər boyunca inandırmağa çalışırdı ki, guya 1990-cı illərdə Azərbaycan ərazilərini bir neçə xarici dövlətin dəstəyi ilə işğal edən Ermənistan olmayıb. Guya onlar sadəcə mənəvi dəstək veriblər. Guya sadəcə olaraq Xankəndidəki bir qrup silahlı quldur Azərbaycan ordusunu məğlub edib, Azərbaycan ərazilərini işğal edib və s". Hurriyyet.az xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.
Siyasi ekspert qeyd edib ki, 44 günlük Vətən Müharibəsində bu mif əsasən darmadağın edildi: "Ermənistan xarici güclər tərəfindən eyni şəkildə dəstəklənsə də Azərbaycan ordusu uğurlu taktika ilə, qəhrəman əsgərlərimizin şücaəti, dövlətimizin uğurlu siyasəti nəticəsində bu dəfə düşməni darmadağın etdi. Amma qarşı tərəf cığallığına davam etdi: Bu dəfə "Qarabağ Ermənilərinin təkbaşlarına, Azərbaycanın isə bir neçə dövlətlə birlikdə döyüşdüyünü, Azərbaycanın buna görə qalib gəldiyini" iddia etdilər. Artıq heç kim inanmasa da özlərini aldatmağa davam edirdilər. Sonuncu hərbi əməliyyat ilə onların darmadağın edilmiş mifləri də dəfn olundu".
Araz Aslanlının sözlərinə görə, Ermənistanın Xankəndi və ətrafındakı silahlı qrupları özlərini hakimin arxasında gizlənib arada rəqibinə yumruq atmağa çalışan (vəziyyət qəlizləşən kimi də bir yandan özü hakimi qucaqlayan, digər yandan da "məni buraxın, rəqibə həddini bildirim" qışqıran) boksçu kimi aparırdı: "Düşünürdü ki, Azərbaycanla bu şəkildə davam edə biləcək. Amma Azərbaycan ordusu resurslarının sadəcə kiçik bir hissəsi ilə 24 saatdan daha qısa zamanda istədiyi nəticəni əldə etdi. Darmadağın edilmiş erməni mifini də dəfn etdi. Eyni zamanda, regionda daimi sülhün təmin olunması istiqamətində də bir addım daha atıldı. Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Allah dövlətimizi qorusun!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az