📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan öz torpaqlarını işğalçıdan təmizləmək missiyasını davam etdirəcək – Antiterrror əməliyyatı başlayır?

2021-08-26 10:41:00

Azərbaycan öz torpaqlarını işğalçıdan təmizləmək missiyasını davam etdirəcək – Antiterrror əməliyyatı başlayır?

Ermənilərin son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozur və bir qayda olaraq bunu yenə Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərirlər. Təbii ki, Azərbaycan ordusu ermənilərin təxribatlarını cavabsız qoymur və düşməni susdurur.

Politoloq Əlimusa İbrahimov açıqlamasında bildirib ki, qarşı tərəfin indki şəraitdə fəallaşması maraq doğurur və bunu bir neçə istiqamətdə izah edirlər: “Bəzi siyasətçilər hazırkı status-kvodan razı qalmayan və revanşizmə meylli olan qüvvələrin bu hadisələrdə əli olduğu haqda fikir bildirirlər, bəziləri isə Paşinyana müxalif qüvvələrin onun apardığı siyasəti pozmaq cəhdi kimi qiymətləndirirlər. Düşünürəm ki, erməni hərbçilərinin təxribatlarının Fransa prezidenti Emmanuel Makron və Rusiya lideri Vladimir Putinin “fəallaşması” ilə üst-üstə düşməsi əbəs deyil və sərhəddə baş verən hadisələrə birbaşa təsir edir. Hər iki erməni havadarı Azərbaycan-Ermənistan arasında vəziyyətin gərgin olaraq qalmasında maraqlıdır. Rusiya qarışıqlıqdan istifadə edərək Ermənistanı özünə daha çox bağlamaq, öz hərbçiləri və sülhməramlılarının statusunu daha da genişləndirmək məqsədi güdür”.

Ermənistan təklənir”

Politoloq əlavə edib ki, Fransa ATƏT-in Minsk qrupunun donduurulmuş fəaliyyətinin buzunu əritmək istəyir: “Onun bu marağı isə heç də Rusiyanın istəyi ilə üst-üstə düşmür. Çünki ATƏT-in Minsk qrupunun fəallaşması Rusiyanın fəaliyyətinin zəifləməsi ilə müşayiət oluna bilər. Bu da Rusiyanın həzm edə bilməyəcəyi hadisədir. Digər tərəfdən isə hər iki dövlət Əfqanıstanda baş verən hadisələrin əks –sədasının bizim regiona da gəlib çıxmasından narahatdır. Onlar Talibanın hakimiyyətə gəlməsi nəticəsində yaranan hərc-mərclikdən, Pakistan və Türkiyənin mövqelərinin möhkəmlənməsindən ehtiyat edirlər. Çünki, Azərbaycana qardaş və dost olan bu ölkələrin güclənməsi, elə rəsmi Bakının bütün sahələrdə olduğu kimi Azərbaycan-Ermənistan cəbhəsində də möhkəmlənməsinə birbaşa təsir edəcək. Bu şəraitdən istifadə edən Azərbaycan öz torpaqlarını işğalçıdan təmizləmək missiyasını davam etdirə bilər. İstənilən halda, cəbhədə atəşkəsi pozmaqda maraqlı olan qüvvələrin güddükləri məqsədlərdən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünün bundan sonra da ən yüksək səviyyədə qorunması üçün bütün tədbirləri görəcək”.