📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan panturançılığın mərkəzi nöqtəsi kimi tarixi rolunu bərpa etməkdədir" - RƏŞİD HACILI

2024-02-20 15:43:59

"Dünyadakı və bölgədəki geopolitik durum, maraqlar bu məsələdə Bakı üçün əlverişli görünür"

"Son günlərdə İlham Əliyev dönə-dönə Türk Birliyindən danışır. Prezident inaqurasiya törənində "Bizim ailəmiz Türk Birliyidir!" dedi. Bununla Türk Birliyinin Azərbaycan üçün önəmli olduğuna, onun güclənməsi üçün çalışacağına işarə etdi. Türkiyədə də bunu səsləndirdi. Xəbərlərdə deyilir ki, bu ilin iyulunda Şuşa şəhərində Türk Dövlətləri Birliyinin qeyri-rəsmi zirvə toplantısı olacaq. Bu görüşə ilk dəfə Quzey Kıprıs da qatılacaq". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Media Hüququ İnstitutunun yaradıcısı, uzun illərdir Avropada yaşayan azərbaycanlı ictimai-siyasi fəal Rəşid Hacılı qeyd edib.

Rəşid Hacılının sözlərinə görə, beləliklə Turan get-gedə gündəliyi zəbt eləyir: "Nədən məhz Azərbaycan bu işdə ən dinamik və bayraqdar kimi görsənir? Görünür, Azərbaycan (Bakı) panturançılığın mərkəzi nöqtəsi kimi tarixi rolunu bərpa etmək, 20-ci əsrin əvvəlində başladığı işi yenidən ələ almaqdadır. Bu işdə Bakı hətta Ankaranı həvəsləndirən, tələsdirən, yönləndirən rolda görünür. Sanki Azərbaycan bu gün Türk Birliyinin önəmini, güncəlliyini, faydalılığını bütün başqa Türk dövlətlərindən daha çox hiss edir. Dünyadakı və bölgədəki geopolitik durum və maraqlar bu məsələdə Bakı üçün əlverişli görünür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az