“AZƏRBAYCAN PREZİDENTİ BUNU TƏSADÜFƏN DEMƏYİB...” – “Sülh sazişində Qarabağa aid bir kəlimə də yoxdur”
“Bu gün masanın üstündə sülh sazişi adlandırılan sənəd var. Məndə olan məlumata görə, o, kifayət qədər irəli çəkilib və imzalanmağa yaxındır”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyan özünün “Facebook” səhifəsindəki videomüraciətində deyib.
10 il Robert Koçaryan dönəmində Ermənistan XİN-ə rəhbərlik etmiş və təbii ki, Ermənistandakı Rusiya maraqlarının təminatçısı olan hökumətin əsas üzvlərindən olmuş Oskanyan Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişindən ciddi narazılığını bildirib. O, qeyd edib ki, həmin sənəddə keçmiş qondarma quruma aid bir kəlimə də yer almayıb: “Əvvəllər bu sənəddə, səhv etmirəmsə, “artsax xalqı”nın hüquq və müstəqilliyindən bəhs edən 9-cu bənd var idi, bu gün həmin bənd bu sazişdən çıxarılıb, mövcud deyil, ümumiyyətlə, bu barədə heç bir qeyd yoxdur. Müqavilə belə məzmunda imzalansa, o zaman “artsax” səhifəsini bağlayacağıq. Təsadüfi deyil ki, Azərbaycan Prtezidenti ermənilərin “artsax”ı unutmalı olduğunu deyib...”
Bununla yanaşı, revanşist mövqeyindən əl çəkməyən Oskanyan bəyan edib ki, Azərbaycan tərəfi bu müqaviləni erməni xalqı ilə deyil, Nikol Paşinyanla və onun hökuməti ilə imzalayacaq. Oskanyan qeyd edib ki, “əgər bu, həqiqətən də sülh sazişidirsə, “artsax xalqı”nın öz evinə qayıtması bu sazişin bir hissəsi olmalıdır”.
Bundan öncə isə Ermənistan parlamentinin “daşnak” deputatı Geqam Manukyan öz sosial şəbəkə səhifəsində gələcək sülh müaviləsinin mətnilə tanış olduğunu və bu sənədin onda qorxu yaratdığını deyib: “Uzun tələb və sorğulardan sonra bu gün Xarici İşlər Nazirliyinin binasında Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına dair sazişə dair iki ölkənin son təklifləri ilə tanış ola bildik. Sənədin bütün bəndlərini dərc edə bilmərik. O, “tam məxfi” sənəd kimi təsnif edilir. Lakin təkliflərlə tanışlıq onların təhlükəli olduğunu təsdiqlədi və bu məsələ ilə bağlı əvvəllər ifadə etdiyimiz bütün qorxuları gücləndirdi”.
Göründüyü və gözlənildiyi kimi, Ermənistanda Azərbaycanla sülh sazişinin imzalanmasını istəməyən revanşist qüvvələr var. Bunlar Rusiyanın qulbeçələri, eləcə də qatı millətçilər, daşnaklardır. Onlar hər vəchlə bu sənədi əngəlləməyə çalışacaqlar. Lakin həmin qüvvələrin sənəd imzalanacağı təqdirdə buna hüquqi, yaxud siyasi maneə törətmək imkanları kifayət qədər məhduddur.
Bilindiyi kimi, Ermənistan tərəfi bir neçə gün öncə Azərbaycanın bu ilin sentyabrında göndərdiyi sülh sazişi layihəsinin 5-ci variantına cavab verib. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi layihənin altıncı variantı üzərində işləyir. Yaxın həftələrdə rəsmi Bakının ona münasibət bildirəcəyi gözlənilir.
Xatırladaq ki, Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumdakı çıxışı zamanı qeyd edib ki, sülh müqaviləsi layihəsi cəmi 22 bənddən və dörd səhifədən ibarətdir. O da məlumdur ki, bu sənəd Azərbaycanın 2021-ci ilin əvvəlində təqdim etdiyi beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin qurulmasının beş əsas prinsipinə və fundamental normasına əsaslanır.
AzPolitika.info