📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Putinin hazırladığı layihədə bu maddələrin əleyhinə olub

2022-11-02 10:12:00

Azərbaycan Putinin hazırladığı layihədə bu maddələrin əleyhinə olub

Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin iştirak etdiyi 31 oktyabr Soçi görüşündən sonra heç bir sənədin imzalanmaması Ermənistan Milli Məclisinin “Vətəndaş müqaviləsi” fraksiyasının bir çox deputatları üçün təəccüblü olmayıb.

Bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. Erməni nəşri mövzunu belə davam etdirib:

“Məsələ burasındadır ki, Rusiya Federasiyasının hər iki tərəf üçün problem yaradan 15 bənddən ibarət sənəd təqdim etməsindən yalnız hakim komanda xəbərdar idi.

O cümlədən, hakim partiya deputatları bildiriblər ki, 14-cü bənd Rusiyanın “Artsax”dakı sülhməramlı missiyasının uzadılmasından gedir. Ermənistan bunun tərəfdarı, Azərbaycan isə əleyhinədir. 15-ci bənd isə “Artsax”ın öz müqəddəratını təyin etməsi məsələsinə toxunur ki, Azərbaycan buna da qarşı çıxıb.

“Artsax”ın öz müqəddəratını təyinetmə məsələsi Qərb variantı ilə həll olunmasa da, sentyabrdakı hadisələrdən sonra Rusiya tərəfinin neytrallığını nəzərə alaraq, iqtidar Qərb versiyası çərçivəsində münasibətlərin tənzimlənməsinə meylli olaraq qalır. Hər halda, indiyədək sülhməramlılar məsələsi qeyri-müəyyəndir və Paşinyan onların müddətinin uzadılmasına imza atmağa hazır olduğunu desə də, bu, heç vaxt baş verməyəcək.

Biz isə burada “Artsax”ın gələcək “dövlət naziri” Ruben Vardanyanın Ümumerməni Forumu zamanı dediyi sözləri xatırlayırıq:

“Bizim böhranımız var. Bizim 922 günümüz qalıb və əgər heç nə etməsək, onda “Artsax”ı itirəcəyik”.

Vardanyan bu çıxışında sözsüz ki, sülhməramlılara eyham vurub. Çünki bu müddətdən sonra Rusiya sülhməramlıları “Artsax”ı tərk edəcəklər.

Yeri gəlmişkən, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentə gələcək. Mövzu növbəti ilin büdcə planlaşdırması olsa da, bizdə olan məlumata görə, Baş nazir tərəfindən siyasi çıxış da olacaq”.

yenisabah.az