📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərbaycan qazının Avropaya ixracının artırılması ilə bağlı danışıqlar gözlənildiyi kimi getmir” - Pərviz Şahbazov

2024-06-05 14:00:02

“Azərbaycan qazının Avropaya ixracının artırılması ilə bağlı danışıqlar gözlənildiyi kimi getmir” - Pərviz Şahbazov

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən enerji forumunda çıxışında bildirib ki, Azərbaycan qazının Avropaya ixracının artırılması ilə bağlı danışıqlar gözlənildiyi kimi getmir.

Nazir həmçinin açıqlayıb ki, Azərbaycanda 2028-ci ilə qədər 2 GVt bərpa olunan enerji potensialının istismara verilməsi planlaşdırılır. O bildirib ki, 2027-ci ilin sonunadək 2 GVt “yaşıl” gücün istismara verilməsi planlaşdırılır ki, bu da bərpa olunan enerji mənbələrinin payını 33%-ə çatdıracaq. Bu layihələrə investisiyalar 2 milyard dolları keçəcək.

Bu stansiyaların istifadəyə verilməsi ildə 5,3 milyard kilovatsaat elektrik enerjisi istehsal etməyə, 1,2 milyard kubmetr qaza qənaət etməyə, atmosferə atılan tullantıları 2,5 milyon tona qədər azaltmağa imkan verəcək.

Nazir eləcə də məlumat verib ki, bir gün əvvəl Azərbaycanda gücü 1 milyard dollara yaxın olan üç bərpa olunan enerji stansiyasının (iki günəş və bir külək) təməli qoyulub. Bundan əlavə, Şərqi Zəngəzurda BP və “Nobel Energy” tərəfindən tikiləcək iki günəş elektrik stansiyasının təməli qoyulacaq.

2024-cü ildə Azərbaycandan qaz ixracı 24,3 milyard kubmetr təşkil edəcək ki, bunun da yarısı Avropaya tədarük ediləcək.

Bununla belə Pərviz Şahbazov qeyd edib ki, qaz ixracının həcminin artırılması (Avropaya) uzunmüddətli müqavilələr və güclü dəstək tələb edir. Hazırda bu istiqamətdə danışıqlar gözlənildiyi kimi getmir.

Ülviyyə, Hurriyyet.az