📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan regionu geopolitik qarşıdurma meydanına çevirməməyə çalışır" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-01-12 13:14:54

"Nikol Paşinyan isə təlimatı Vaşinqton və Parisdən aldığı üçün prosesi uzatmağa cəhd edir"

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında problemin biri İrəvanın müqavilədə zəmanətçi ölkənin olmasını təklif etməsidir. Amma Azərbaycan rəsmi şəkildə sülh müqaviləsində zəmanətçi ölkənin olmasını qəbul etmir. Çünki bunun yeni problemlərə yol açması mümkündür". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Politoloqun sözlərinə görə, prezident İlham Əliyev Ermənistanın yuxarıdakı şərti ilə bağlı açıqlama verərək, son nöqtəni qoyub: "Əgər, Ermənistan öz mövqeyində israrlı olarsa, sülh müqaviləsi bağalanmaya bilər. Həmçinin, prezident mətbuata açıqlamasında Ermənistana və üç mərkəzə mesajı çatdırdı. Birinci, prezident heç bir vasitəçiyə ehtiyac olmadığı vurğuladı. Bu, həm Rusiya, həm də ABŞ-a aidir. Ermənistanın təklif etdiyi zəmanətçi ölkə ABŞ-dır. Rəsmi İrəvan Vaşinqtonun sülh müqaviləsində zəmanətçi olmasında və müqavilənin də bu ölkədə bağlanmasında israrlıdır. Prezident İlham Əliyev məhz heç bir ölkənin zəmanətinə və üçüncü ölkələrdə sənədin imzalanmasına ehtiyac olmadığını vurğulamaqla, bir növ Rusiyanın da burada iştirakının üstündən xətt çəkmiş oldu".

Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın öz təkliflərinin üstündə qalması real deyil: "İrəvan qeyri-konstruktiv təkliflərindən geri çəkilib, Azərbaycanın şərtlərini qəbul edəcək. Çünki Azərbaycan unikal bir təkliflə çıxış edərək, regionu geopolitik qarşıdurma meydanına çevirməməyə çalışır. Nikol Paşinyan isə təlimatı Vaşinqton və Parisdən aldığı üçün prosesi uzatmağa cəhd edir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az