"Azərbaycan Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasına töhfə verə bilər" - MÜBARİZ GÖYÜŞLÜ
"Bakının bunun üçün imkanları var, indi çatışan tərəflərin də sülh üçün siyasi iradə göstərməsi qalır"
"Azərbaycan və Türkiyə Rusiya ilə Ukrayna arasında barışdırıcılıq missiyasının həyata keçirilməsi üçün aktiv şəkildə çalışırlar. Hər iki dövlətin müharibə edən tərəflərlə normal, hətta isti münasibətlərinin olması bunu mümkün edir". Hurriyyet.az xəbər verir ki, bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Siyasi şərhçi hesab edir ki, bir neçə gün əvvəl Türkiyənin Antalya Diplomatiya Forumunda Rusiya və Ukrayna XİN başçılarını bir araya gətirməsi rəsmi Ankaranın bölgədə fəal diplomatiya yürütməsinin nəticəsi idi: "Düzdür, görüş nəticəsiz başa çatdı. Amma ən azından Türkiyə bu cəhdi etdi və çatışan tərəflərin onun dəvətini qəbul etməsi Türkiyəyə olan etimadın, etibarın göstəricisi də sayıla bilər. İndi isə növbə Azərbaycana çatıb. Nüfuzlu ictimai-siyasi xadimlər prezident İlham Əliyevə müraciət edərək müharibənin dayandırılması, çatışan tərəfləri – Rusiya və Ukrayna liderlərini bir araya gətirməsi üçün cəhd etməsini xahiş ediblər. NATO-Rusiya görüşünə ev sahibliyi edən, nüfuzlu beynəlxalq tədbirlərin təşkilatçısı olan, Qoşulmama Hərəkatı və digər bu kimi beynəlxalq təşkilatlara uğurla başçılıq edən Azərbaycan bu missiyanı da yerinə yetirə bilər".
Mübariz Göyüşlü qeyd edib ki, 44 günlük müharibədən sonra bölgədə və dünyada nüfuzu daha da artan, Türkiyə ilə çox sıx siyasi-diplomatik fəaliyyətlər həyata keçirən Azərbaycan Avropanı, dünyanı silkələyən Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasına da əhəmiyyətli töhfə verə bilər: "Azərbaycanın bunun üçün imkanları var, indi çatışan tərəflərin də sülh üçün siyasi iradə göstərməsi qalır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az