Azərbaycan, Rusiya və Ermənistan liderlərinin NÖVBƏTİ GÖRÜŞÜ...
Bu gün keçiriləcək Sankt-Peterburq danışıqlarından nə gözlənilir?
"Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər"
Məhəmməd Əsədullazadə: "O, Rusiyanın mövqeyini zəiflədir və bu səbəbdən də Moskva Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq"
Elxan Şahinoğlu: "Əgər Paşinyan "Qarabağ Azərbaycana aiddir" deməkdə davam edəcəksə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq"
Nazim Cəfərsoy: "Paşinyanın və Ermənistanın digər rəsmilərinin sonrakı açıqlamalarında Qarabağ erməniləri üçün Naxçıvan nümunəsi vermələri yüksək ehtimaldır"
Natiq Cəfərli: "Rəsmi İrəvanın Xankəndi prosesindən çəkilmə istəyi Azərbaycanla daha tez anlaşma ortamı yarada bilər"
Elçin Mirzəbəyli: "Paşinyanın sülh müqaviləsinin imzalanmasına mane ola biləcək məsələləri yenidən gündəmə gətirməsi, rəsmi İrəvanın köhnə oyunlarından əl çəkmədiyini nümayiş etdirir"
Bugünlərdə özünün "facebook" səhifəsində onlayn rejimdə mətbuat konfransı keçirən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı bir sıra önəmli məqamlara toxunub. Onun bəzi fikirləri isə İrəvanla separatçılar arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb olub. Belə ki, "Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir" deyən Paşinyan bu imkanı onun sələflərinin yaratdığını qeyd edib.
Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin əzəldən erməni tərəfinin "xeyrinə" getmədiyini vurğulayan baş nazirin sözlərinə görə, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün "faciəvi" olub: "Məni torpaqları verməkdə ittiham edirlər. Əslində, bu əsassız ittihamdır. Amma legitim ittiham da var: məni torpaqları verməməkdə ittiham edə bilərlər və bu legitim ittiham olar. Əgər kimsə mənə desəydi ki, "sadəcə olaraq başqa variant yoxdur və sən müharibə olmaması üçün bu torpaqları verməliydin", bu legitim ittiham olardı". Paşinyan həmçinin, Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu da bildirib: "Ermənistan sülh razılaşmasının imzalanmasında və bu razılaşma üzrə danışıqlara başlanmasında maraqlıdır. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar üçün gündəlik təklif etmişdilər və bu gündəliyin bəndlərindən biri də dinc və hərtərəfli tənzimləmə idi. Biz bunda maraqlıyıq, bundan imtina etmirik və bu barədə danışmaqdan imtina etməyəcəyik". O əlavə edib ki, Brüssel danışıqlarından sonra da Ermənistan tərəfi Azərbaycana gömrük nəzarəti olmayan və rüsum alınmayacaq yol verilməsi ilə razılaşmayacağını bir daha təsdiqləyib.
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, bu gün, yəni dekabrın 28-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda MDB ölkələrinin dövlət başçılarının ənənəvi qeyri-formal sammiti keçiriləcək. Verilən məlumata görə, sammit çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək.
"Rəsmi İrəvan status məsələsinin qabardılmasının Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasına mane ola biləcəyinin fərqindədir"
Beləliklə, həm Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirlər, həm də bu gün baş tutacaq görüşlə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın baş naziri Azərbaycanla münasibətlərin formalaşmasında Qarabağ məsələsini gündəlikdən çıxarmaqla ölkəmizin ərazi bütövlüyünü tanıya bilər: "Bu da Türkiyə-Ermənistan əlaqələrinin qurulmasında əsas şərtlərdən biridir. Paşinyanın açıqlamasında "Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir" deməsi onu göstərir ki, İrəvan üçün bu məsələ prioritet olmayacaq. Çünki rəsmi İrəvan bu məsələnin qabardılmasının Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasına mane ola biləcəyinin fərqindədir".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Qarabağdakı erməni separatçılarının rəhbəri Araik Arutunyanın bəyanat verərək Nikol Paşinyanın Qarabağ ermənilərinin adından danışmağa haqqı olmadığını vurğulaması prosesin böhrana yuvarlandığını göstərir: "Arutunyan demək olar ki, Moskvanın təlimatı ilə danışır. Əgər Ermənistan Qarabağ iddiasından əl çəkərsə, o zaman Azərbaycan bu məsələni Rusiya ilə uzlaşdıracaq". Milli Cəbhə Partiyasının sədr müavini bildirib ki, Ermənistan rəhbərliyi hazırkı kursunu praqmatik olaraq yerinə yetirərsə, Azərbaycanla kommunikasiyaların açılması reallaşacaq: "Onu da qeyd edim ki, Paşinyan Rusiyanın da mövqeyini zəiflədir. Bu səbəbdən də Moskva Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməyə çalışacaq. Gedən geosiyasi reallıqlar isə Azərbaycanın maraqlarına cavab verir".
"Ermənistanın hazırki hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır, bundan istifadə edərək, Ermənistanı Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur etmək lazımdır"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Nikol Paşinyan Qarabağın Azərbaycana aid olduğunu deməklə qarşısında müxtəlif gücləri gördü və görəcək: "Bu sıraya Ermənistandakı radikal müxalifəti, o cümlədən "Qarabağ klanı"nı, Qarabağdakı separatçıları və müxtəlif ölkələrdəki erməni lobbisini aid etmək olar. Bu güclər Paşinyana qarşı biləşəcək". "Belə olan təqdirdə Paşinyanı və ona dəstək verənləri nə xilas edə bilər" sualını cavablandıran politoloqun fikrincə, Paşinyan ümid edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla, iki dövlətlə münasibətləri normallaşdıracaq sazişlər imzalamaqla Ermənistanı indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq: "Başqa sözlə, Paşinyanın ümidi Bakı ilə Ankarayadır. Demək, iplər bizim əlimizdədir. Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdəcəksə, o cümlədən "Qarabağ Azərbaycana aiddir" deməkdə davam edəcəksə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq. ABŞ-da konfransda iştirak edən Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da hazırda Cənubi Qafqazda fərqli vəziyyət yarandığını bu sözlərlə izah edib: "Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni, Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır". İbrahim Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq. Ankara Bakı ilə birgə səylərlə Ermənistanı təxribatçı siyasətinə son qoymasına çalışır. Ermənistanın hazırki hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır. Bu dialoqdan istifadə edərək, Ermənistanı Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur etmək lazımdır. Bu reallaşarsa, o biri problemləri də həll etmək mümkün olacaq".
"Həm Rusiyada, həm Qərbdə, həm də İranda Qarabağ erməniləri üçün Naxçıvan nümunəsini iki əlli dəstəkləyəcək və bu ölkələrin xarici siyasətində böyük təsirləri olan güclü dairələr var"
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə hesab edir ki, Nikol Paşinyanın "Qarabağın statusu Azərbaycan Konstitusiyası çərçivəsində dəqiqləşdirməlidir" açıqlamasının həm müsbət, həm də neqativ tərəfləri var: "Müsbət tərəfi odur ki, Ermənistan rəhbərliyi Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmi olaraq qəbul etməyə və bunu ictimai formada da ifadə etməyə başlayıb. Neqativ tərəfi isə odur ki, Ermənistan Qarabağ üçün Azərbaycan Konstitusiyası içində yer alan Naxçıvan Muxtar Respublikası statusu istəmək üçün zəmin yaradır. Odur ki, Paşinyanın və Ermənistanın digər rəsmilərinin sonrakı açıqlamalarında Qarabağ erməniləri üçün Naxçıvan nümunəsi vermələri yüksək ehtimaldır". QAFSAM-ın sədr müavini qeyd edib ki, məhz bu səbəbdən də Laçın yolu ilə Zəngəzur yolunu müqayisə etmə doğru deyil: "Çünki bu tezis strateji, siyasi, diplomatik və hüquqi müstəvilərdə ermənilərin "Qarabağ erməniləri-Naxçıvan Muxtar Respublikası" bərabərliyi qurmasına imkan verir. Unutmayaq ki, həm Rusiyada, həm Qərbdə, həm də İranda bunu iki əlli dəstəkləyəcək və bu ölkələrin xarici siyasətində böyük təsirləri olan güclü dairələr var".
"Rusiya Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların Azərbaycana inteqrasiyasında maraqlı deyil, bunu istəmir"
Ermənistanın Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların problemini öz üzərindən tamamilə atmağı düşündüyünü vurğulayan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərlinin sözlərinə görə, rəsmi İrəvan anlayır ki, Xankədi və ətrafı de-jure Azərbaycan ərazisidir, de-facto Rusiya nəzarət edir, amma Xankəndini və ətrafında yaşayanların maddi təminatını Ermənistan ödəyir: "2022-ci ildə 300 mln. dollara yaxın maddi yardımın göstərilməsi Ermənistan büdcəsində öz əksini tapıb. Paşinyan və komandası onların sözünə baxmayan, daha çox Rusiya və Kremlin Ermənistandakı sözçülərinə bağlı olan qondarma rejimə pul xərcləmək istəmir. 2022-ci ildə Ermənistan büdcəsi 4 mlrd. dollar olacaq, bunun 300 mln. dollarını Araikin dəstəsinə vermək, onların da bu pulu nəzarətsiz xərcləməsini istəmirlər".
Politoloq hesab edir ki, bu vəziyyətin müsbət və mənfi tərəfləri var: "Müsbət tərəfi odur ki, Ermənistan Qarabağ prosesindən çəkilərək Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağı, Gürcüstan üzərindən dolayı Qərbə çıxışdansa, Türkiyə üzərindən birbaşa Qərbə çıxış əldə etməyi düşünür. Bu yolun daha uğurlu olduğuna inanır. Çünki son 200-250 ildə Rusiyanın maşası olmaqla say və nüfuz olaraq həmişə itiriblər. İndi Ermənistan cəmiyyətində anti-Rusiya fikirləri çox güclüdür, Paşinyan və komandası özbaşına Qərbyönümlü deyil, onlar cəmiyyətdə olan münasibətin siyasi "tərcüməçisidirlər". Yəni, rəsmi İrəvanın Xankəndi prosesindən çəkilmə istəyi Azərbaycanla daha tez anlaşma ortamı yarada bilər. Ermənistan Qarabağ məsələsini üzərindən artıb iqtisadi yüksəlişə köklənsə, cəmi 5 ildən sonra ÜDM və büdcəsini 2 dəfə artıra bilər. Mənfi tərəfi isə odur ki, Rusiya Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların Azərbaycana inteqrasiyasında maraqlı deyil, bunu istəmir. Ermənistan prosesdən çəkildikcə Xankəndi və ətrafında yaşayan erməni əslilli azərbaycanlılara daha çox yardım, daha çox iqtisadi fürsətlər, sosial layihələr təqdim etməklə onları özlərinə daha çox bağlayacaq. Bu gün Xankəndidə olan qondarma qurumu de-facto tanıdığı kimi, münasibətləri daha da dərinləşdirəcək, günün birində de-facto tanıdığı rejimi de-jure tanıya, həmin qondarma qurumun geydirmə “parlamentinin” qərarı ilə orada bir ömür qalması ilə bağlı qərar çıxartdıra bilər. Bu, ən böyük təhlükədir və hələ ki, bu təhlükəni aradan qaldırılması üçün Azərbaycan hökumətinin düşünülmüş planının olduğu görünmür". REAL-ın icra katibinin fikrincə, Azərbaycan dövləti tezliklə Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə inteqrasiyası ilə bağlı addım-addım plan açıqlamalıdır: "Ölkə daxilində isə mürəkkəb, effektiv yeni idarəetmə sisteminin yaradılması vacibdir. Bunun üçün isə hərbi qələbəni də özündə ehtiva edən yeni konstitusiya olmalıdır. Yeni konstitusiyada yerli özünüidarə - bələdiyyə insitutlarının yaradılması və gücləndirilməsi, yeni inzibati-ərazi bölgüsü, prezidentin dövlət başçısı rolu artması, hökumətin isə proporsional seçilmiş parlamentdən çıxaraq sosial-iqtisadi məsələlərə köklənməsi vacibdir".
"Paşinyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirsə də, daha sonra dedikləri bunun əksini sübuta yetirir"
Siyasi ekspert Elçin Mirzəbəyli isə bu qənaətdədir ki, Nikol Paşinyan Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirsə də, daha sonra dedikləri bunun əksini sübuta yetirir: "Sitat: "Əlbətdə, biz bu mövzuda danışıqların başlamasına və sülh müqaviləsinin imzalanmasına hazırıq. Bir müddət öncə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların gündəliyini təklif etmişdilər. Müddəalardan biri hərtərəfli sülh müqaviləsi məsələsi ilə bağlı idi. Bəli, biz bunda maraqlıyıq. ...Belə bir təsəvvür yaradılır ki, guya biz sülh müqaviləsinin və "Qarabağ münaqişəsi"nin hərtərəfli həllinin əleyhinəyik. Əlbətdə ki, bu belə deyil. Biz bunda maraqlıyıq". Bu sözlərdən dərhal sonra Nikol ölkəsinin sərhədlərin delimitasiya və demarkasiyasında, həmçinin kommunikasiyaların açılmasında da maraqlı olduğunu iddia edir. Göründüyü kimi, Paşinyan öz çıxışında sülh müqaviləsinin imzalanmasının mümkünsüz edən iki məqamı manipulyativ şəkildə, gəlişigözəl sözlərin içərisində "əritməklə" ictimai rəyə sırımağa cəhd göstərir. Bunlardan biri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi gündəliklə, digəri isə Azərbaycan Ordusunun qələbəsi ilə bütün gündəliklərdən silinmiş "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi ilə bağlıdır. Paşinyan iddia edir ki, ATƏT-in Minsk qrupu danışıqların aparılması üçün gündəlik təqdim edib və bu gündəlikdəki müddəalardan biri sülh müqaviləsi ilə bağlıdır. O zaman tamamilə təbii bir sual çıxır ortalığa: Bəs gündəlikdəki digər müddəalar nə ilə bağlıdır? Və daha sonra Paşinyan "Ermənistanın sülh müqaviləsinin və "Qarabağ münaqişəsi"nin hərtərəfli həllinin əleyhinə olmadığını" vurğulamaqla, dolayısıyla gündəlikdə ordumuzun "dəfn etdiyi ölünün" yenidən xortladılması ehtimalının olduğunu ictimai rəyə sırımağa çalışır".
"Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır" kimi təqdimatların verilməsi kökündən yanlışdır və bu qəbildən olan informasiyaların dövriyyəyə buraxılması yalnız rəsmi İrəvanın təbliğatına xidmət edir"
Siyasi ekspert əlavə edib ki, Paşinyanın ATƏT-in Minsk qrupunun "gündəliyində yer alan məsələlər"lə bağlı mülahizələrinin heç birinin – birbaşa və dolayısıyla təqdim olunan istiqamətlərinin - Azərbaycan tərəfindən qəbul edilmədiyi hər kəsə bəllidir: "Çünki Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi Minsk qrupu həmsədrlərinin fəaliyyətdə olduğu zaman kəsiyində də bu fərsiz təsisatın mandatına daxil olmayıb. Hazırda isə konkret delimitasiya və demarkasiya ilə bağlı məsələlərin yalnız iki dövlətin yaratdığı, Rusiya və Avropa İttifaqının məşvərətçi kimi iştirak etdiyi işçi qrupu çərçivəsində müzakirə ediləcəyi barədə yekun qərarın olduğu hər kəsə bəllidir. Yəni, bu məsələdə "ATƏT-in Minsk qrupu" format olaraq heç "ehtiyat oyunçular" skamyasında da deyil. Kommunikasiyaların açılmasına gəldikdə isə bu məsələnin də Minsk qrupu ilə yaxından uzağa heç bir əlaqəsi yoxdur. Bu məsələ 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il bəyanatlarının prinsplərinə uyğun bir şəkildə gerçəkləşdirilir. "Dağlıq Qarabağ" və "münaqişə" ifadələrini isə cəhənnəmə göndərmişik və son olaraq, həm NATO-nun Şimali Atlantika Şurasının son toplantısının yekun sənədində, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanın dövlət başçısı ilə Ermənistanın baş naziri arasında keçirilən görüşdən sonra yaydığı bəyanatda bu ifadələrin yer almaması, beynəlxalq birliyin rəsmi Bakının mövqeyini qəbul etdiyini göstərir. Belə olduğu təqdirdə, Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmasına mane ola biləcək məsələləri yenidən gündəmə gətirməsi, rəsmi İrəvanın köhnə oyunlarından əl çəkmədiyini nümayiş etdirir. Bu baxımdan, "Ermənistan sülh müqaviləsi imzalamağa hazırdır" kimi təqdimatların verilməsi kökündən yanlışdır və bu qəbildən olan informasiyaların dövriyyəyə buraxılması yalnız rəsmi İrəvanın təbliğatına xidmət edir".
Vazeh BƏHRAMOĞLU