📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Rusiyaya hərbi dəstək verməyə məcbur ola bilər?

2022-03-01 11:42:00

Azərbaycan Rusiyaya hərbi dəstək verməyə məcbur ola bilər?

Qabil Hüseynli: “Rusiya ilə “Müttəfiqlik Deklarasiyası” hələ parlamentdə ratifikasiya olunmayıb…”

“Rusiyanın buna olan münasibətindən asılı olmayaraq, Azərbaycan Ukraynaya yardımı davam etdirəcək, bu onun haqqıdır və ən doğru addımdır”

“Ukrayna ilə normal münasibətlərimiz var. Ukrayna ilə Azərbaycanın vəziyyəti oxşardır, yəni onun da torpaqlarının bir hissəsi işğal edilib, bizim dövlətin də suverenliyinə hələ tam daxil olmayan ərazilər var”

 

“Ruslarla bağlanan müqavilə suya yazılan yazı kimidir”

Çeçenistan ordusunun sabiq ali baş komandanı Cövhər Dudayev

 

Bildiyiniz kimi, cari ilin 22 fevral tarixində Azərbaycan Rusiya ilə müttəfiqlik haqqında Bəyannamə imzaladı. Rusiyanın hökumət saytı bunu Rusiya ilə Azərbaycan arasında münasibətləri "müttəfiqlik səviyyəsinə qaldıran" sənəd kimi xarakterizə etdi.

Yeni sənədlə bağlı maraqlı məqam ondan ibarətdir ki, hər iki ölkənin yerli mətbuatında sənədin mahiyyəti və məqsədi barədə əvvəlcədən heç bir məlumat verilməmişdi.

Həmçinin bu sənədin Ukrayna - Rusiya arasında davam edən gərginlik və Moskvanın separatçı Donetsk və Luqanskın müstəqilliyini tanıması fonunda imzalanması ictimaiyyətdə müzakirələrə səbəb oldu.

43 maddədən ibarət Bəyannamədə deyilir ki, ölkələr tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

Rusiyanın Ukraynaya təcavüzü və hazırkı müharibə şəraitində Azərbaycan dövlətinin Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda iştirak etməməsi (Rusiya qarşısında heç bir rəsmi öhdəliyi olmayan Gürcüstan da eyni mövqedən çıxış edir - red.), münaqişə tərəflərindən heç birini birbaşa dəstəkləməməsinə rəğmən, işğala məruz qalan dost və qardaş Ukraynanın tərəfində olduğu heç kəs üçün sirr deyil. Azərbaycan dövləti hər zaman Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, bu gün də həmin mövqeyinə sadiqdir.

Bundan əlavə, vətəni yadelli işğalçılardan xilas etmək uğrunda ölüm-dirim savaşına girən Ukrayna xalqına hummanitar yardım edir.

Rusiya ilə Ukrayna arasındakı vəziyyət isə getdikcə daha da gərginləşir. Bu arada, Avropa İttifaqı və NATO Ukraynaya hərbi yardım edəcəyini rəsmən bəyan edib. Vladimir Putin isə öz hərbi komandanlığına Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməyi əmr edib.

Bəzi analitiklər bunu 3-cü Dünya Müharibəsinin başlanması kimi qiymətləndirir. Belə olacağı təqdirdə, Azərbaycan Rusiyanın hərbi müttəfiqi olacaqmı?

 

“Bu, Azərbaycanın haqqıdır və ən doğru addımdır…”

 

Politoloq Qabil Hüseynli “Hürriyyət”ə açıqlamasında sözügedən məsələyə münasibətini bildirib:

                                                  

“Azərbaycan artıq öz mövqeyini ortaya qoyub. Onu da qeyd edim ki, müqavilə hələ parlamentdə ratifikasiya olunmayıb. Ona görə də müttəfiqlik ittifaqı haqqında müddəalara qoşula bilmərik.

Ukrayna ilə normal münasibətlərimiz var. Ukrayna ilə Azərbaycanın vəziyyəti oxşardır, yəni onun da torpaqlarının bir hissəsi işğal edilib, bizim dövlətin də suverenliyinə hələ tam daxil olmayan ərazilər var.

Azərbaycan Rusiya-Ukrayna konfliktinin sülh yolu ilə həll edilməsini təklif edirdi, vasitəçilik səyləri də irəli sürürdü. Amma Rusiya dediyini dedi və müharibə vəziyyətinin yaranmasına gətirib çıxardı.

Hazırkı şəraitdə Azərbaycan Ukraynaya kömək edir. Misal üçün, SOCAR-ın göstərişi ilə SOCAR-ın Ukrayna şəhərlərindəki yanacaqdoldurma məntəqələrində təcili tibbi yardım, yanğınsöndürən maşınlar və digər humanitar yardım maşınları pulsuz yanacaqla doldurulur. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilir. Rusiyanın buna olan münasibətindən asılı olmayaraq, Azərbaycan Ukraynaya yardımı davam etdirəcək, bu onun haqqıdır və ən doğru addımdır.

 

“Azərbaycan Rusiya əleyhinə heç bir addım atmır, sadəcə…”

 

Dediyim odur ki, Azərbaycan Rusiya əleyhinə heç bir addım atmır, sadəcə təcavüzə məruz qalan və possovet məkanında ən gözəl münasibətləri olan Ukraynaya bir növ hüsn-rəğbətini ifadə edir, müəyyən qədər də humanitar yardım göstərir. Bu isə beynəlxalq münasibətlərin normal addımlarından biridir”.

 

“Müharibə başlasa, ilk hədəf Rusiya olacaq…”

 

Qabil Hüseynli hesab edir ki, 3-cü Dünya Müharibəsinin baş vermə ehtimalı sıfıra yaxındır: “Amma müharibə başlasa, ilk hədəf Rusiya olacaq, Rusiya isə Amerika və bəzi Avropa ölkələri ilə müharibə edə bilər”.

“Rusiya anlayır ki, nüvə silahından istifadə etməklə belə, qalib tərəf ola bilməyəcək”

O ki qaldı Putinin dünyanı nüvə silahı ilə təhdid etməsinə, politoloq “Rusiya nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirib bundan bir şantaj vasitəsi kimi istifadə etməyə başlasa da, Dünya Müharibəsində nüvə silahınından istifadə etmək məsələsi kifayət qədər problemlidir və Rusiya anlayır ki, nüvə silahından istifadə etməklə belə, qalib tərəf ola bilməyəcək. Mütəxəssislər bilir ki, nüvə müharibəsi fikrinə düşən Rusiya rus xalqını məhvə sürükləyə bilər”, - deyə vurğuladı.

Hazırladı: RUNA