📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapanmaq üzrədir" - ŞAHİN CƏFƏRLİ

2023-09-28 12:28:11

"Ermənilər qonşusundan oğurluq etmək, onu arxadan vurub, torpağını qoparmaq kimi axmaq və alçaq əməllərdən birdəflik imtina edib, dinc birgəyaşayışın alternativsiz tək yol olduğunu dərk etməlidirlər"

"Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapanmaq üzrədir. Qanunsuz respublika 32 il əvvəl sentyabr ayında elan olunmuşdu. Yenə bir sentyabr ayında ömrünü tamamladı. Ermənilər ötən müddətdə həm bizi, həm də özlərini böyük bəlalara düçar etdilər. İndi papaqlarını qarşılarına qoyub, "biz nə etdik və bundan sonra nə etməliyik" deyə soyuq başla öz mühakimələrini aparmalıdırlar". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçi hesab edir ki, ermənilər bu balaca regionda qonşusundan oğurluq etmək, onu arxadan vurub, torpağını qoparmaq kimi axmaq və alçaq əməllərdən birdəflik imtina edib, dinc birgəyaşayışın alternativsiz tək yol olduğunu dərk etməlidirlər: "Azərbaycan mütəfəkkirlərinin hələ Avropada inteqrativ proseslərin başlamadığı, əksinə, qitənin 1-ci dünya müharibəsindən 2-ciyə doğru addımladığı bir dövrdə irəli sürdükləri dahiyanə "Qafqaz Evi" ideyası bölgədə azərbaycanlılar, gürcülər və ermənilərin sülh və əməkdaşlıq şəraitində yaşamının təməlini təşkil edə bilər. Yeri gəlmişkən, bu ideyanı 3+3 formatı ilə əlaqələndirənlərə inanmayın, heç bir əlaqəsi yoxdur".

Şahin Cəfərlinin fikrincə, bölgədə düşmənçiliklər bitməli, inkişaf mərhələsinə qədəm qoyulmalıdır: "Üç xalq olaraq Qafqaz Evi çərçivəsində bir əməkdaşlıq nümunəsi ortaya qoya bilsək, gələcəkdə bərabər Avropa Birliyinə (AB) də qəbul olunmağımız fantastik ehtimal kimi görünmür. (Yaxın həftələrdə Gürcüstana namizəd ölkə statusunun veriləcəyi gözlənilir.) Təbii ki, AB-yə qəbul mütləq şərt deyil, olmasa da olar. Üzeyir Hacıbəyli hələ 1906-cı ildə yazırdı: "...Biz hamımız Qafqaz balalarıyıq. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək. Əks surətdə heç bir işimiz düz gətirməz. Taleyimiz nifaq və ədavət üçün bizi bir-birimizə uğratmayıbdır... Biz hamımız Qafqaz balalarıyıq. Birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır. Bundan belə biz, qafqazlılar, bunu özümüzə rəhbər edib, buna müvafiq iş görməliyik..." Ermənilər şizofrenik xəyallardan tam və qəti şəkildə imtina edərək Üzeyir bəyin təsvir etdiyi düstur əsasında qonşuları ilə mehriban yaşamağı öyrənməlidirlər".

Şahin Cəfərli əlavə edib ki, erməni millətçilərinə bənzəməyə başlamış və onlarla öz tarixini yarışdıran, "bu bölgədə ən qədim məhz millət bizik, biz burda var olanda başqa heç kim yox idi, bu coğrafiyanın hamısı bizimdir" şəklində fikirlərə inanıb, təbliğ edən bəzi azərbaycanlılar da bu boş işlərdən vaz keçməlidir: "Bu tip iddiaların kimsəyə faydası olmadığını və ən əvvəl həmin iddia sahiblərinin özünə zərər vurduğunu ermənilərin timsalında hər kəs görmüş və dərk etmiş olmalıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az