Azərbaycan tezliklə erməni silahlı birləşmələrinə qarşı HƏRBİ ƏMƏLİYYATLAR KEÇİRMƏLİDİR
Məhəmməd Əsədullazadə: "Kəlbəcərdən Qafana kimi Ermənistanla şərti sərhəddə bufer zona yaradılmalı, Ermənistanın Zəngəzurdakı bütün hərbi hissələri məhv edilməlidir"
Nazim Cəfərsoy: "Paşinyanın məlum açıqlamaları siyasi baxımdan Azərbaycan üçün qəbuledilməz olsa da, onun mesajları daxili siyasətə yönəlib və müxalifətin "qazını almağa" hesablanıb"
Fuad Çıraqov: "Ermənistanın baş naziri yenə də ilk növbədə ölkəsi və xalqı, daha sonra isə bütövlükdə region üçün qızıldan da qiymətli vaxtı hədər verir"
Bugünlərdə, daha dəqiq desək, sentyabrın 2-də Ermənistanın paytaxtı İrəvanda eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın iştirakı ilə müxalifətin mitinqi keçirilib. Qeyd edək ki, mitinq iştirakçıları Ermənistanın düşdüyü mövcud çıxılmaz durumun əsas səbəbkarı kimi məhz baş nazir Nikol Paşinyanı göstərib və ünvanına ittihamedici fikirlər səsləndiriblər. O isə öz növbəsində, "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin qəbul edilməsi günü münasibətilə etdiyi müraciətində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı əsassız ittihamlarla çıxış edib.
Belə ki, Paşinyanın sözlərinə görə, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri həll olunmayınca, Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar əsassızdır. Ermənistanın baş naziri iddia edir ki, guya hazırda Qarabağda yaşayan ermənilər etnik təmizləmə təhlükəsi ilə üz-üzədirlər: "Dağlıq Qarabağla bağlı müzakirələr zamanı BMT Təhlükəsizlik Şurası da Dağlıq Qarabağda humanitar böhran olduğunu, 120 min əhalinin həyatı və təhlükəsizliyinin təhdid altında olması faktını təsdiqləyib. Eyni zamanda, insanların Laçın dəhlizi ilə hər iki istiqamətdə nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinin təmin edilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul 2023-cü il tarixli qərarlarının Azərbaycan tərəfindən icra olunmadığı vurğulanıb". Paşinyan eyni zamanda, Ermənistanın Dağlıq Qarabağda normal həyatı, təhlükəsizliyi və hüquqların müdafiəsini təmin etmək üçün səylərini davam etdirəcəyini də bildirib.
Görünür, Paşinyan bu yolla ona müxalif olan qüvvələri bir qədər də olsa, sakitləşdirməyi planlaşdırır. Lakin bu, mümkün olan iş deyil. Çünki Kremlin nəzarətində olan, Robert Köçəryan və Serj Sarkisyanın təmsil olunduğu "Qarabağ klanı"nın əsas məqsədi Paşinyanı devirmək və indiyədək əldə olunan razılaşmaların üzərindən xətt çəkməkdir. Təbii ki, bu planın arxasında dayanan əsas qüvvə məhz Rusiyadır. Paşinyan özü də bunu çox gözəl anlayır. Elə bu səbəbdən də ara-sıra Moskva əleyhinə açıqlamalar verərək, həm Ermənistan vətəndaşlarına, həm Azərbaycana, həm də Qərbə düşdüyü çətin və çıxılmaz durumu anlatmağa çalışır.
"Erməni silahlı birləşmələrini Rusiya qorusa da, bu, Azərbaycanın qarşısını almamalı, öz milli maraqlarının, təhlükəsizliyinin təminindən vaz keçməyə əsas verməməlidir"
Qeyd edək ki, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, Azərbaycan tezliklə erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməlidir: "Bildiyiniz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarına "müstəqillik" günü ilə bağlı məktub göndərib və Ermənistanın onları dəstəkləyəcəyini qeyd edib. Məhz bu fakt onu deməyə əsas verir ki, Ermənistan Qarabağ iddialarından əl çəkmir. Bu səbəbdən də Azərbaycan öz ərazisində erməni silahlı birləşmələrinin mövcudluğuna dözümlü yanaşmamalıdır. Odur ki, rəsmi Bakı tezliklə erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirməlidir".
Erməni silahlı birləşmələrini məhz Rusiyanın qoruduğunu vurğulayan Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, bunun özü belə, Azərbaycanın qarşısını almamalı, öz milli maraqlarının, təhlükəsizliyinin təminindən vaz keçməyə əsas verməməlidir: "Kreml öz geosiyasi maraqlarına görə erməni silahlı birləşmələrini qoruyursa, biz öz ərazimizdə təhlükəsizliyimizi təhdid edən erməni silahlı dəstələrini niyə məhv etməməliyik?! Hesab edirəm ki, Nikol Paşinyanın Azərbaycanla hərbi toqquşmaya getməsi mümkündür, çünki müxalifət ona qarşı siyasi təzyiqləri gücləndirir".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da əlavə edib ki, Kəlbəcərdən Qafana kimi Ermənistanla şərti sərhəddə bufer zona yaradılmalı, Ermənistanın Zəngəzurdakı bütün hərbi hissələri məhv edilməlidir: "Ümumiyyətlə, Zəngəzurda Ermənistana hərbi hissə yaratmağa icazə verilməməlidir. Çünki Ermənistan bundan istifadə edərək sülh prosesini pozur və hərbi təxribatlara əl atır".
"Paşinyan müxalifətin "qazını aldıqdan" sonra masaya oturub tələblərimizi mərhələli olaraq qəbul etməyə davam edəcək"
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy isə qeyd edib ki, Nikol Paşinyanın barəsində danışılan məlum açıqlamaları siyasi baxımdan Azərbaycan üçün qəbuledilməz olsa da, onun bu mesajları daxili siyasətə yönəlib və müxalifətin "qazını almağa" hesablanıb: "Fikrimcə, reallıqda bu mesajlar müzakirələrdə Azərbaycan baxımından heç bir neqativ praktika yarada bilmir və bilməyəcək. Hətta bu cür açıqlamaların bizim üçün iki praktiki xeyri var. Birincisi, bu cür mesajlar Azərbaycanın hər mənada ayıq olmasına və müzakirə prosesinə çox ciddi yanaşmağımızı təmin edir. Çünki bizim dövlətdə, cəmiyyətdə və fərdi şəkildə insanlarımızda həmişə arxayınçılıq, o cümlədən mərhəmət hissləri güclü olub. Ermənistan isə bu cür mesajlar verdikcə bizim ayıq qalmağımız zərurəti daha da güclü ortaya çıxır. İkincisi, bu mesajlar beynəlxalq arenada və vasitəçilər arasında Ermənistanın güvənilməz xarakterini yenə göstərərək Azərbaycanın İrəvana və Xankəndidəki separatçılara daha güclü təzyiqlər etməsinə yeni əsaslar və legitimlik şəraiti yaradır. Beləcə, rəsmi İrəvanı hər fürsətdə niyə döydüyümüzün nə qədər lazımlı olduğunu başqalarına göstərmək imkanımız artır". Politoloqun fikrincə, Paşinyan müxalifətin "qazını aldıqdan" sonra masaya oturub tələblərimizi mərhələli olaraq qəbul etməyə davam edəcək.
"Nikol Paşinyanı ölkəsi, insanları, gələcək maraqlandırmır, o, ancaq bu günü və özünü düşünür"
Ermənistanın baş nazirinin son günlər səsləndirdiyi sərsəm açıqlamalarına, əsassız ittihamlarına dair mövqeyini bölüşən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov isə Nikol Paşinyanın sözün əsl mənasında qatıqladığını bildirib: "2018-ci ildə Paşinyan hakimiyyətə gəldi. Sonradan məlum oldu ki, bizim prezidentə mesaj göndərib, birbaşa, heç bir vasitəçisiz kommunikasiyanın qurulmasını istəyib. Zaman istədi ki, birincisi məsələni ətraflı öyrənsin, ikincisi, hakimiyyəti əlində toparlaya və parlamenti yeniləyə bilsin. Həmin zaman ona verildi. Söz verdi ki, sülhlə həll üçün əlindən gələni edəcək. İlk ölkə başçısı idi ki, hakimiyyətə Qarabağ gündəliyi ilə gəlməmişdi. 2019-cu il cəbhə xəttində ən az itki olan, ən az qarşıdurma ili oldu. Paşinyan 2019-cu ildə bütün iclaslarda fəxrlə dedi ki, o, 90-cı illərdən sonra ən az atəşkəsin pozulmasına və itkiyə nail olan ilk lider idi. Ermənilər bu zamandan istifadə edərək, əvvəl atəşimiz altında olan, imkan vermədiyimiz yerlərdə mühəndis-istehkam mövqelərini gücləndirdi. Azərbaycan səbrlə reaksiya vermədi, atəşkəsin pozulmaması üçün əlindən gələni etməyə davam etdi. Nəhayət, 2019-cu il martın 31-də böyük gözləntilərin olduğu ATƏT Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada ölkə başçılarının görüşü keçirildi. Elə həmin gün Ermənistanın müdafiə naziri Tonoyan çıxıb dedi ki, "yeni ərazilər və yeni müharibə". Paşinyan da avqustda gedib Xankəndində dedi ki, "Qarabağ .....". Bir sözlə, çox böyük formada qatıqladı. Populistdir axı, kütlə nə istəyir onu deyir. Bununla da özünün sözünün üstündə durmayan, etibar edilməyən və pataloji yalançı olduğunu göstərdi. Müharibə oldu, olanlar oldu. Möcüzə ilə hakimiyyətdə qaldı. Bir təkcə ona görə ki, xalq keçmişdəkilərə bütün olanlara baxmayaraq, daha çox nifrət edirdi. Danışıqlar getdi, danışıqlarda yenə də arxa qapıda vasitəçilərin iştirakı ilə müəyyən sözlər verdi. Pataloji yalançını ancaq faktla nəyəsə məcbur etmək olar. Vətən müharibəsindən sonra da Azərbaycan addım-addım bunu etdi. Çünki xoşluqla və razılıqla heç nə vermədi. İndi də yenə çıxıb sözün əsl mənasında qatıqlayır".
Politoloqun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Nikol Paşinyanı ölkəsi, insanları, gələcək maraqlandırmır, o, ancaq bu günü və özünü düşünür: "Paşinyan 2018-2019-cu illər kimi böyük tarixi şansdan və imkanlar pəncərəsindən ölkəsi üçün istifadə edə bilmədi, zamanı hədər etdi. İndi görünən odur ki, eyni səhvi edir. Yenə də ilk növbədə öz ölkəsi və xalqı, daha sonra isə bütövlükdə region üçün qızıldan da qiymətli vaxtı hədər verir".
Vazeh BƏHRAMOĞLU