📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan üçün ən optimal variant MÜHARİBƏDİR

2023-09-05 10:57:44

Azərbaycan üçün ən optimal variant MÜHARİBƏDİR

Məhəmməd Əsədullazadə: "Rusiyanın 200 illik ənənəvi Cənubi Qafqaz siyasəti Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə qarşıdır"

"Artıq İranın neytrallaşdırılması gündəmdədir və Türkiyə Azərbaycan ətrafında baş verənlərin qaşrısını almaq üçün ciddi addımlar atır"

"ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin, yenidən Rusiya tərəfindən qarşısı alındı. Ermənistanın baş naziri Nikol Paşinyan 2 sentyabr tarixində verdiyi açıqlama ilə məhz Praqada ərazi bütövlüyü ilə bağlı imza atdığı sənədin üzərindən xətt çəkdi". "Hürriyyət" xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Nikol Paşinyanın Praqada Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyini deyən politoloqun fikrincə, Ermənistanın baş naziri son açıqlamasında isə Azərbaycanın ərazi bütövlüyünü tanımadığını ortaya qoydu: "Moskva Brüssel və Vaşinqton formatında aparılan danışıqlardan narahat idi. Bu xüsusda Rusiya Xarici İşlər Nazirliyi müstəvisində bir neçə rəsmi bəyanat da vermişdi. Hətta Nikol Paşinyanı Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına ikrahla cavab vermişdi. Moskva Praqada imzalanmış "Alma-Atı" bəyannaməsi və digər razılaşmaları qəti şəkildə qəbul etməyərək, davam edən prosesi separatçıların əli pozmağa nail oldu. Rusiyanın iki ölkə arasında davamlı olaraq bu siyasəti strateji deyil, taktikidir. Çünki yeni bir nizam qurulub və Rusiya Ukraynada müharibə ilə məşğuldur. Qərb isə Cənubi Qafqazda prosesi yenidən davam etdirməyə başlayacaq".

Hazırda davam edən böhranın arxasında Rusiyanın dayandığını vurğulayan Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Fransa da öz növbəsində, bundan istifadə edərək regionda yerləşməyə və Türkiyənin qarşısını almağa çalışır: "Azərbaycanın reinteqrasiya siyasətinin və Xankəndinə yüklərin aparılmasının qarşısını alanda məhz Rusiyadır. Amma Kremlin bu siyasətinə qarşı Türkiyə diplomatik müstəvidə fəallaşıb. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya səfərində Kremlin hazırkı siyasəti ətrafında müzakirələr aparılıb. Türkiyə Rusiyanın Qarabağda yaratdığı böhrandan geri addım atmasına çalışır. Soçidə prezident Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında bu məsələlər də müzakirə ediləcək. Ümumiyyətlə, Rusiya artıq Cənubi Qafqazda Türkiyənin varlığını qəbul edir. Düşünürəm ki, Qərbin regiona gəlməsinə qarşı Rusiya Türkiyə ilə əməkdaşlıq edib Azərbaycanın reinteqrasiya siyasətinə mane olmasa, Azərbaycanla Ermənistan arasında vasitəçiliyi obyektiv aparsa, o zaman müsbət irəlləyiş əldə edilə bilər".

Milli Cəbhə Partiyasının sədr müavini onu da əlavə edib ki, Kreml Azərbaycanın Xankəndidə nəzarəti bərpa etməsini istəmir: "Rusiyanın 200 illik ənənəvi Cənubi Qafqaz siyasətindən geri addım atacağı şübhəlidir. Kremlin Cənubi Qafqaz siyasəti xronikidir və iki ölkə arasında sülhün əldə edilməsinə qarşıdır. Əgər Rusiya Türkiyə ilə razılığa gəlməsə, onda Azərbaycan erməni silahlı birləşmələrinə qarşı hərbi əməliyyatlar aparacaq. Həmçinin, Ermənistanla sərhəddə "bufer zonanın" yaradılmasına getməlidir. Azərbaycan bunu etməsə, o zaman siyasi-hərbi böhran davam edəcək. Əgər hərbi eskalasiya baş verərsə, bundan sonra Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Odur ki, Azərbaycan üçün ən optimal variant müharibə ilə strateji planını həyata keçirməkdir. Çünki diplomatik danışıqlarla buna nail olunmayacaq. Onu da əlavə edim ki, Hakan Fidana İrana səfər edir. Və bu, o deməkdir ki, artıq İranın neytrallaşdırılması gündəmdədir. Bir sözlə, Türkiyə Azərbaycan ətrafında baş verənlərin qaşrısını almaq üçün ciddi addımlar atır".

Vazeh BƏHRAMOĞLU