📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü nə vəd edir?

2021-10-26 11:09:00

Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşü nə vəd edir?

"Moskvada keçiriləcək Əliyev-Paşinyan görüşü Azərbaycanın maraqlarına cavab verir"

Məhəmməd Əsədullazadə: "Rusiya prezidenti sərhəd məsələsində kompromis təklif edir, görünür, Azərbaycanın anklavları ilə bağlı məsələlər sonrakı prosesə saxlanıla bilər"

Elxan Şahinoğlu: "Nikol Paşinyan hələ sülh sazişinin imzalanmasına hazır deyil"

Elçin Mirzəbəyli: "Ermənistanın kapitulyasına aktına imza atdığı gündə bu cür sənədləri imzalayacağı inandırıcı görünmür"

İlqar Altay: "İrəvan üçün "Artsax" məsələsi bitib, Qarabağ tam şəkildə Azərbaycandır və bu söhbət yalnız Moskva ilə Bakıya aiddir"

Asif Nərimanlı: "Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasındakı görüşdə kommunikasiyaların açılmasının konkret tarixi üzərində razılaşma ola bilər"

Noyabrın ilk ongünlüyündə Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş baş tuta bilər. Bu barədə "RİA Novosti" agentliyində yer alan informasiyaya görə, təqribən noyabrın 8-9-da keçiriləcək görüşdə üçtərəfli bəyanatın imzalanması gözlənilir. "Sənəd Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Bu mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı "yol xəritəsini" müəyyən edəcəklər. Bundan əlavə, bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair bəyanatın da qəbul olunacağı gözlənilir. Bu məsələ hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapıb", - deyə xəbərdə bildirilib.

Ermənistan mətbuatı da diplomatik mənbələrə istinadən məlumat verib ki, noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında 2 yeni sənəd imzalanacaq. Qeyd olunur ki, sənədlərdən biri Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasına aiddir. Bu sənədə əsasən, rəsmi Bakı və İrəvan SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci il xəritələrinə əsaslanaraq bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır. Digər sənəd regionda kommunikasiya əlaqələrinin, xüsusilə dəhliz-yolların açılmasının detallarından, eləcə də Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqənin qurulmasından bəhs edir. Həmçinin, məlumatda o da bildirilib ki, sənədin imzalanması üçün 9 noyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki, 2020-ci ilin məhz bu günü Azərbaycan prezidenti və Ermənistanın baş naziri Rusiya prezidentinin vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırılması haqqında üçtərəfli bəyanat imzalamışdılar.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2022-ci ilin dövlət büdcəsi layihəsini parlamentdə təqdim edərkən, ölkəsinin özgə torpaqlarını işğal etmək planı olmadığını vurğulayıb: "Təhlükəsizlik sistemi baxımından isə ordunun modernləşdirilməsi ilə yanaşı, Ermənistan, Qarabağ və region üçün sülh dövrünün açılması naminə münbit şərait yaradılmalıdır". O, eyni zamanda sülh dövrünün başlanmasına düşmənçiliyin aradan qalxması, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının bərpası, regionun iqtisadi və infrastruktur kommunikasiyalarının açılmasını arqument gətirib.

"Ermənistan Zəngəzurda dəmir yolu və avtomobil yolunun çəkilməsinə ayrılan vəsaiti Azərbaycanın qarşılamasını qaldıra bilər" 

Beləliklə, mövzu ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Kremlin proseslərə müdaxiləsi belə bir görüşün Moskvada keçirilməsini labüd etdi: "Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşü gözlənilir. Müharibənin bitməsinin bir illiyinə təsadüf edən bu görüşə tərəflər bir neçə aydır ki, hazırlaşır və qarşılıqlı isti mesajlar verməklə yeni görüşə şərait yaradıldı. Halbuki, prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan təkbətək görüşə hazırlaşırdı. Amma Kremlin proseslərə müdaxiləsi belə bir görüşün Moskvada keçirilməsini labüd etdi. Qeyd edim ki, Rusiya prezidenti Vladimir Putinin "Valday" diskussiya klubundakı çıxışı zamanı verdiyi mesajlar Azərbaycanı qane edirdi. Ona görə də Moskvanın vasitəçiliyi ilə keçiriləcək görüş Azərbaycanın maraqlarına cavab verir".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Rusiyada keçiriləcək görüşdə bir neçə məsələdə razılaşmalar əldə edilə bilər: "Eyni zamanda, Rusiya da burada öz maraqlarının təmini istiqamətində təkliflərini razılaşmalara sala bilər. İlk növbədə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlar başlayacaq. Sərhədlərin müəyyənləşməsi Rusiyada saxlanılan sovet xəritələrinə uyğun olaraq aparılacaq. Rusiya prezidenti sərhəd məsələsində kompromis təklif edir. Görünür, Azərbaycanın anklavları ilə bağlı məsələlər sonrakı prosesə saxlanıla bilər". Politoloq qeyd edib ki, nəqliyyat və kommunikasiyaların açılması, xüsusilə Zəngəzur dəhlizinin açılması da razılaşdırılacaq: "Ermənistan tərəfi nə qədər "dəhliz" sözünü işlətməsə də, açılacaq yolda Rusiya FTX nəzarət edəcək. Bu da dəhliz deməkdir. Ermənistan Zəngəzurda dəmir yolu və avtomobil yolunun çəkilməsinə ayrılan vəsaiti Azərbaycanın qarşılamasını qaldıra bilər. Əgər bu deyilənlər danışıqlarda tam razılaşdırılsa, o zaman Bakıda saxlanılan diversantlar geri veriləcək və mina xəritələri Bakıya təqdim ediləcək". Məhəmməd Əsədullazadə  da əlavə edib ki, Azərbaycan Qarabağdakı silahlı erməni birləşmələrinin ləğvini Rusiya qarşısında qaldıracaq: "Bu proses uzun olmasına baxmayaraq, sonda silahlı birləşmələr ləğv ediləcək. Ermənistanla sülh müqaviləsinə gəldikdə isə bu, əldə olunan razılaşmalardan asılı olacaq".

"Əgər sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlayacaqca və kommunkasiya xətləri açılacaqsa, növbəti addım iki dövlətin bir-birlərinin ərazi bütövlüklərini tanıyan sülh sazşinin imzalanması olacaq" 

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Kremlin görüşün bu tarixdə, yəni İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamında keçirilməsinə üstünlük verməsi təsadüfi deyil: "Bununla Kreml həm ətraf aləmə mesaj göndərir ki, "proses Kremlin nəzarətindədir", həm də demək istəyir ki, "məsələni həll edə biləcək tək ölkə Rusiyadır". Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl "Valday" diskussiya klubunun iclasında Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində vasitəçi ola biləcək yeganə ölkənin Rusiyanın olduğunu vurğulayıb. Kreml sahibi bunu belə əsaslandırıb ki, keçmiş sovet respublikalarının sərhədlərini müəyyənləşdirən xəritələr Moskvadadır. Digər tərəfdən, müharibətin bitməsindən sonra Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində keçirilən bir neçə üçtərəfli görüşün bu mərhələsini məntiqi sonluğa yaxınlaşdırmaq lazımdır".

"RİA Novosti"nin Rusiya hökumətinə bağlı informasiya agentliyi olduğunu vurğulayan politoloqun fikrincə, məhz bu səbəbdən də liderlərin noyabrın 8-i və ya 9-da görüşəcəyi ehtimalı yüksəkdir: "Azərbaycan prezidenti hər iki sənədi imzalamağa hazırdır. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması Azərbaycanın maraqlarına uyğundur. Buna artıq Ermənistanın baş naziri Nikol Paşinyan da etiraz etmir. O, son açıqlamasında Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən nəqliyyat yollarının açılması mümkünlüyünü bildirib. Yəni, Paşinyan erməni cəmiyyətini buna hazırlayıb. Rusiya prezidenti Vladimir Putin də Naxçıvana uzanan kommunkasiya xətlərinin açılması zərurətini "Valday"dakı müzakirələrdə səsləndirib. Buna baxmayaraq, "RİA Novosti"nin yayımladığı xəbərdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə heç nə yoxdur. Paşinyan buna hələ hazır deyil. Ancaq əgər sərhədlərin müəyyənləşməsi məqsədilə danışıqlar başlayacaqca və kommunkasiya xətləri açılacaqsa növbəti addım iki dövlətin bir-birlərinin ərazi bütövlüklərini tanıyan sülh sazşinin imzalanması olacaq".

"Ola bilsin ki, Qərb dairələri imzalanması nəzərdə tutulan hansısa sənədlərlə bağlı məlumat alıblar və Ermənistanın ictimai rəyini bu prosesin əleyhinə yönəltmək üçün hərəkətə keçiblər" 

Siyasi ekspert Elçin Mirzəbəyli isə bildirib ki, Ermənistan mediasının noyabrın 9-da Moskvada Azərbaycanla Ermənistan arasında iki yeni sənədin imzalanacağına dair yaydığı malumatla bağlı rəsmi mövqe açıqlanmadığından, bu, həmin informasiyanın həqiqiliyini şübhə altına alır: "Digər tərəfdən, SSRİ-nin yaranması haqqında bəyannamə 1922-ci il dekabrın 29-da imzalanıb. Məhz bu baxımdan, SSRİ Silahlı Qüvvələrinin Mərkəzi Qərərgahının 1920-ci il tarixli xəritələrinin olması mümkün deyil. Çünki 1920-ci ildə nə SSRİ, nə də onun silahlı qüvvələrinin baş qərargahı vardı. Məlumatda yer alan "əgər fors-major hal baş verməzsə" ifadəsi də, xəbəri Ermənistan mediasına ötürən "etibarlı mənbə"nin etibarsızlığından xəbər verir".

Siyasi ekspertin sözlərinə görə, xəbərin, əsasən Ermənistanın qərbyönümlü mediasında yayımlanması isə bəzi şübhələrə yol açır: "Ola bilsin ki, Qərb dairələri imzalanması nəzərdə tutulan hansısa sənədlərlə bağlı məlumat alıblar və Ermənistanın ictimai rəyini bu prosesin əleyhinə yönəltmək üçün hərəkətə keçiblər. Xəbərin həqiqiliyini şübhə altına alan məqamlardan biri də "diplomatik mənbədən verilən məlumatda" sənədlərin məhz noyabrın 9-da imzalanacağının qeyd olunmasıdır. Ermənistanın kapitulyasına aktına imza atdığı gündə bu cür sənədləri imzalayacağı inandırıcı görünmür".

"Saziş imzalandıqdan və Ermənistanın Qarabağı buraxmasından sonra statussuz ermənilər orada qalmayacaq" 

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay isə hesab edir ki, keçən hər gün Azərbaycanın Qarabağ münaqişəsindəki siyasi-diplomatik zəfərinə və regionda sülh sazişinin baş tutmasına doğru irəliləyişdir: "Belə görünür ki, prosesdəki hər bir tərəf, yəni Azərbaycan və Ermənistan, eləcə də Türkiyə və Rusiya, hətta Qərb də sülhə və onun şərtlərinə hazırdır. Belə aydın olur ki, qarşıda Moskva, Bakı və İrəvan arasında 2 razılaşma var. Birincisi, 1920-ci il xəritələrinə əsaslanaraq Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Yəqin ki, bu formatlı xəritə bizi qane edir. İkinci məsələ isə kommunikasiya və dəhlizlərin açılışıdır. Qeyd edim ki, bu, Rusiya üçün vacib məsələdir. Çünki Moskvanın istəyinə görə, Zəngəzur dəhlizi Rusiyanın uzun müddətli yurisdiksiyasında geniş sahəli və statuslu koridor olmalıdır".

Son vaxtlar Vladimir Putin və Nikol Paşinyanın keçmiş Dağlıq Qarabağ məsələsi ilə bağlı danışmadığını vurğulayan İlqar Altayın fikrincə, bu, o deməkdir ki, İrəvan üçün "Artsax" məsələsi bitib, Qarabağ tam şəkildə Azərbaycandır və bu söhbət yalnız Moskva ilə Bakıya aiddir: "Belə görünür ki, bu məsələ ilə bağlı prinsipial fikir ayrılığı yoxdur. Odur ki, razılıq əldə edildikdən sonra növbəti mərhələdə Qarabağdakı bütün erməni silahlıları ləğv edilir, ya da çıxarılır. Daha sonra keçmiş Dağlıq Qarabağda yaşamış əhalimiz oraya köçürülür, sülhməramlıların nəzarətindəki bir xeyli ərazi Azərbaycana verilir və həmin ərazilərdə bizim inzibati nəzarətimiz təmin olunur. Sülhməramlılar isə müvəqqəti Xankəndidə və kiçik ərazidə qalır, bir müddət sonra çıxıb gedir. Onların heç 5 il qalacaqlarına inanmıram. Ümumiyyətlə, saziş imzalandıqdan və Ermənistanın Qarabağı buraxmasından sonra statussuz ermənilər orada qalmayacaq".

"Mümkündür ki, Moskvada üçtərəfli görüşə qədər erməni qoşunların Qarabağdan çıxarılması prosesi yekunlaşsın" 

Kommunikasiyaların açılmasının 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarda öz əksini tapdığını deyən siyasi şərhçi Asif Nərimanlı bu qənaətdədir ki, detallar üçtərəfli qaydada müzakirə edildiyindən Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasındakı görüşdə kommunikasiyaların açılmasının konkret tarixi üzərində razılaşma ola bilər: "Görüşdə imzalanacaq sənədin sərhəd müqaviləsi olacağı istisna deyil. Putinin "Valday" klubunda çıxışı da bu fikri gücləndirir. Qeyd edim ki, kommunikasiyanın açılmasına başlamaq üçün öncə sərhədlərin müəyyənləşməsi prosesi həyata keçirilməlidir. Misal üçün, rusların da xüsusi marağında olan Qazax-İcevan yolunun işə düşməsi üçün Qazaxın 7 kəndinin taleyi həll edilməlidir. Burada ən vacib məqamlardan biri 10 noyabr bəyanatının imzalanmasından bir il sonra razılaşmanın bəndlərinin yerinə yetirilməsində irəliləyişə nail olmaqdır".

Moskva və İrəvanın kommunikasiya məsələsində maraqlı olduğunu qeyd edən siyasi şərhçi bildirib ki, Bakının prioritetlərindən biri də bəyanatın 4-cü bəndinin, yəni erməni qoşunların Qarabağdan çıxarılmasının icra edilməsidir: "Mümkündür ki, Moskvada üçtərəfli görüşə qədər qoşunların çıxarılması prosesi yekunlaşsın. İlham Əliyevin məlum 4-cü bənd haqqında ilk dəfə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin Soçi görüşündən öncə açıq şəkildə danışması da təsadüfi deyildi. Bu, regionun gələcəyinin müəyyənləşdiyi Soçi görüşündə Əliyevin bu tələbinin də müzakirə edildiyi, qərar verildiyi ehtimalını gücləndirir. Sərhəd müqaviləsi Azərbaycan və Ermənistanın dövlət sərhədlərini qarşılıqlı tanıması deməkdir və erməni qoşunları Azərbaycan sərhədləri daxilində qaldığı müddətdə bu tanınma hüquqi baxımdan da mümkün deyil".

Vazeh BƏHRAMOĞLU