“Azərbaycan və Ermənistanla birlikdə vahid dövlətin tərkib hissəsi olmuşuq” – Putindən nostalji çalarlı açıqlama
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin KTMT Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında çıxış edərkən, Rusiyanın Bakı ilə İrəvanın arasındakı münasibətlərin normallaşdırılmasından kənarda qala bilməyəcəyini söyləyib.
Putin Rusiyanın Cənubi Qafqazda sabitlik yaranmasında maraqlı olduğunu söyləyərək deyib: “Yaxın keçmişdə həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya olaraq, biz hamımız vahid dövlətin tərkib hissəsi olmuşuq. Bizim həm İrəvan, həm də Bakı ilə çoxlu sayda əlaqələrimiz var və bunu nəzərə almamaq sadəcə olaraq mümkün deyil. Təbii ki, hamımız kifayət qədər çətin vəziyyətdəyik. Amma təbii ki, biz Rusiyaya yaxın dövlətlər arasında problem və ziddiyyətlərdən kənarda qala bilmərik və onların sülh yolu ilə həllinə hər zaman töhfə verməyə hazırıq”.
Putin vurğulayıb ki, tərəflərin Rusiya, Azərbaycan və Ermənistan başçılarının birgə bəyanatlarının bütün müddəalarına əməl etməsi regionda sülhün bərqərar olması üçün yeganə mümkün və real yoldur. Onun sözlərinə görə, delimitasiya, nəqliyyat kommunikasiyalarının açılması, humanitar məsələlərin həlli ilə bağlı sazişlərin ardıcıl icrası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq.
"Ermənistanın baş naziri ilə mən bu barədə dəfələrlə danışmışıq və mənim fikrimcə, həmkarımız bununla tam razıdır. Söhbət ondan gedir ki, bu həll yollarını necə tapmaq olar, bu asan deyil, ancaq siz onları yalnız bu yolda tapa bilərsiniz. Gələcəkdə bu, sülh müqaviləsinin bağlanmasına imkan verəcək”.
Hürr Tərcüman