📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Özbəkistan gəncləri üçün yeni imkanlar – mühüm memorandum imzalandı

2026-09-18 11:50:52

Azərbaycan və Özbəkistan gəncləri üçün yeni imkanlar – mühüm memorandum imzalandı

Özbəkistanda səfərdə olan “İslahatçı Gənclər” İctimai Birliyi ilə Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişikliyinin Öyrənilməsi Dövlət Universiteti – Green University arasında təhsil və gənclər siyasəti sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

Hurriyyet.media  xəbər verir ki, memorandum Azərbaycan və Özbəkistan gəncləri arasında əlaqələrin genişləndirilməsini, təhsil və elm sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, birgə layihələrin həyata keçirilməsini, tələbə mübadiləsinin təşkilini və gənclər üçün yeni imkanların yaradılmasını nəzərdə tutur.

Sənəd iki qardaş ölkənin gənclər təşkilatları və ali təhsil müəssisələri arasında uzunmüddətli əməkdaşlığın formalaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilib.

Səfər çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyinin nümayəndələri Green University-nin rektoru, eyni zamanda Özbəkistan Respublikası Ali Məclisinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi Məsələləri üzrə Komitəsi sədrinin müavini Baxtiyor Pulatovla görüşüblər.

Görüşdə Azərbaycan və Özbəkistanda həyata keçirilən dövlət ekologiya siyasəti, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması və bu prosesdə gənclərin iştirakının artırılması məsələləri müzakirə edilib.

Tərəflər ekologiya və iqlim dəyişiklikləri sahəsində aparılan elmi araşdırmaların, maarifləndirmə proqramlarının və gənclərin iştirakı ilə keçirilən beynəlxalq layihələrin əhəmiyyətini xüsusi vurğulayıblar.

Bildirilib ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində Azərbaycanla Özbəkistan arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib. İki ölkə arasındakı strateji tərəfdaşlıq siyasi, iqtisadi və mədəni sahələrlə yanaşı, təhsil, elm, ekologiya və gənclər siyasətini də əhatə edir.

Görüş iştirakçıları Azərbaycan və Özbəkistan arasında imzalanmış “Əbədi dostluq haqqında” müqavilənin ikitərəfli münasibətlərin möhkəm hüquqi və siyasi əsaslarından biri olduğunu diqqətə çatdırıblar.

Müzakirələr zamanı iki ölkənin gəncləri üçün qarşılıqlı faydalı layihələrin hazırlanması, tələbə mübadiləsinin təşkili, ortaq elmi və maarifləndirici proqramların reallaşdırılması, gənclərin beynəlxalq tədbirlərdə iştirak imkanlarının genişləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb.

Tərəflər Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələri, gənclər təşkilatları və müvafiq dövlət qurumları arasında əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Gənclərin müasir ekoloji çağırışlar, iqlim dəyişiklikləri və “yaşıl inkişaf” istiqamətində bilik və bacarıqlarının artırılması əsas əməkdaşlıq sahələrindən biri kimi müəyyənləşdirilib.

İmzalanmış memorandum çərçivəsində birgə konfrans və seminarların, maarifləndirici proqramların, tələbə və gənclər mübadilələrinin təşkil edilməsi nəzərdə tutulur. Həmçinin təhsil, elm, ekologiya və iqlim dəyişiklikləri sahələrində müxtəlif layihələrin hazırlanaraq həyata keçirilməsi planlaşdırılır.

Memorandumun Azərbaycan və Özbəkistan gəncləri arasında birbaşa əlaqələrin qurulmasına, onların ortaq təşəbbüslər ətrafında birləşməsinə və beynəlxalq layihələrdə daha fəal iştirakına əlavə imkanlar yaradacağı gözlənilir.

Görüşün sonunda Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığının gənclər, təhsil, elm və ekologiya sahələrində yeni təşəbbüslərlə zənginləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılıq əldə olunub.