Azərbaycana qarşı böyük ekotəhlükə: Dünya buna da susacaq?
Azərbaycan hökuməti Ermənistandan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev adından Ermənistanın ekologiya nazirinə həmin zavodun ətraf mühitdə yaradacağı təhlükələri ilə bağlı məktub ünvanlanıb. Məktubda bildirilib ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddən bir neçə yüz metr aralıda yerləşən Yerasx qəsəbəsi (Arazdəyən) yaxınlığında inşa edilən metallurgiya zavodunun təhlükələri ilə bağlı “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya” (Espo Konvensiyası) əsasında müvafiq prosedur başlanılıb.
Məktubda, həmçinin vurğulanıb ki, Espo Konvensiyasının 3.1-ci maddəsinə uyğun olaraq, Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Ancaq təsirə məruz qalan tərəf olaraq Azərbaycan Ermənistandan bu layihə ilə bağlı heç bir bildiriş almayıb. Espo Konvensiyasının 3.7-ci maddəsinə uyğun olaraq, Azərbaycan təsirə məruz qalan Tərəf kimi ilkin mərhələdə Ermənistandan layihənin mənfi transsərhəd təsiri ilə bağlı müzakirələrin aparılması məqsədilə məlumat mübadiləsinin aparılmasını tələb edir.
Eyni zamanda Azərbaycan hökuməti layihənin transsərhəd təsiri ilə bağlı suallar tam aydınlaşdırılana və adekvat şəkildə baxılana qədər Ermənistan tərəfindən zavodun tikintisinin dərhal dayandırılmasını tələb edib. Nazirlik Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.
Azərbaycanın ekotəhlükə ilə bağlı çağırışı beynəlxalq səviyyədə ciddi diqqətə alınmalıdır.
Məsələ ilə bağlı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ermənistanda 10-dan çox dağ-mədən sənaye müəssisəsi Azərbaycanın və bütövlükdə bölgənin ərtaf mühitinə təhdid yaradır, regional və qlobal ekosistemi deqradasiyaya uğradır:

“Bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara, Ermənistan rəhbərliyinə müraciət ünvanlamışıq. Bizi daha çox narahat edən Arazdəyəndə inşası planlaşdırılan metallurgiya zavodudur. Məlumdur ki, ermənilər bu nəhəng emal müəssisəsini ABŞ şirkəti ilə birgə inşa edirlər. Tikintiyə 70 milyon dollar vəsait ayrılacaq. 16 500 kvadratmetr sahədə tikiləcək müəssisənin inşası beynəlxalq konvensiyaların pozulması hesabına həyata keçiriləcək.
Ermənistan tərəfi bu layihənin icrasına “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanı kobud şəkildə pozaraq başlayıb. Xatırladım ki, hazırda 45 dövlətin tərəfdar çıxdığı və Ermənistanın özünün də imzaladığı həmin konvensiyaya əsasən transərhəd çayları üzərində hər hansı dağ-mədən sənayesinin inşasına başlarkən qonşu dövlətlərin rəsmi qurumlarının, ekologiya və səhiyyə üzrə ekspertlərinin, hətta yerli sakinlərin rəyi nəzərə alınmalıdır. Birlikdə həmin müəssisənin ətraf mühitə təsirinin qiymətləndirilməsi həyata keçirilməlidir. İrəvan isə bu tələbi pozur”.
Bu problemə beynəlxalq çərçivədə reaksiya verilməsinə gəlincə, Elman Cəfərli vurğulayıb ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir:
“BMT-yə üzv olan dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlıq, ətraf mühitin mühüm amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tamamilə əleyhinə çıxış edir. Son otuz ildə Ermənistan işğal altında saxladığı Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ekosid həyata keçirib. Meşə zolaqlarımız talanıb, su resurslarımız isə məhv edilib.
Ermənistanın Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı, Qafandakı dağ-mədən kombinatı xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları ilə Oxçuçayı və Araz çayını çirkləndirir. Bu mədənlərdə heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir. Bizi narahat edən odur ki, Arazdəyəndəki metallurgiya zavodu da ekoloji norma və standartlara uyğun olmadan fəaliyyət göstərəcək.
Ağır metallarla zəngin sənaye çirkab suları əsas içməli su qaynağımız olan Araza axıdılacaq. Bu, Arazboyu ərtaf mühitin, bu çayda yaşayan canlı aləmin məhvi, milyonlarla insanın sağalmaz xəstəliklərə yoluxma təhlükəsi qarşısında qalması deməkdir. Bu baxımdan Azərbaycan hökumətinin Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılması ilə bağlı tələbinin qanuni hesab edirik, dəstəkləyirik”.