📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda da “Omikron” aşkarlandı - karantin sərtləşdirilə bilər

2022-01-11 10:42:00

Azərbaycanda da “Omikron” aşkarlandı - karantin sərtləşdirilə bilər

Həkimlər yoluxma sayında artım olacağını deyir;  çıxış yolu kimi vaksinasiya göstərilir

Ötən gün Azərbaycanda koronavirusun “Omikron” ştamının aşkarlanması rəsmən təsdiqləndi. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilib ki, “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir: “Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni ”Omikron" variantı bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkədə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusun genetik variantlarına dair mütəmadi analizlər aparılır".

Birgə məlumatda o da bildirilib ki, aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12-də SARS-CoV-2 21K “Omikron” variantı aşkarlanıb: “Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub”.

Həkimlər də bir müddət əvvəl bildirirdilər ki, virusun ölkəmizdə yayılması indiki məqamda təhlükəli ola bilər. Çünki hazırda bir çox virus infeksiyalarının yayıldığı dönəmdə, xəstəliklərin bir-birinə qarışması fəsadlara səbəb ola bilər.  Bəs görəsən, yeni virus variantının geniş yayılmasının qarşısını necə almaq olar? Nəzərə  alınsa ki, yeni ştam daha çox yoluxuculuq qabiliyyətinə görə digərlərindən fərqlənir, o zaman yenidən sərt karantin rejimi tətbiq olunmalıdırmı?

Eyni zamanda bəzi iddialara görə, vaksinlərin yeni ştama qarşı təsiri azdır. Hansı vaksin “Omikron”a qarşı effektli olacaq? 

Karantin olmasa, pik nöqtəyə 15 günə çatarıq”

Mərdan Əliyev

Həkim-infeksionist Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “”Omikron" ştamı Azərbaycanda da aşkar olundu, özü də 12 nəfərdə. Hər halda, bu, on iki nəfər də deyil, bu say daha artıqdır. Sadəcə, bizdə müayinə olunanlar arasında on iki nəfərdə aşkarlanıb.  Yəqin həmin on iki nəfər də artıq bir neçə nəfəri yoluxdurub. Biz bundan sonra yoluxmada müəyyən qədər artım gözləməliyik, çox böyük ehtimalla artım olacaq. Təbii ki, bundan sonra əks epidemik tədbirlərə, profilaktik qaydalara, karantin qaydalarına və şəxsi gigiyena qaydalarına mütləq şəkildə riayət etməliyik. Maskanın taxılmasına daha ciddi əməl olunmalıdır. Bir qədər bu qaydaları gücləndirməliyik, həm fərdi şəkildə, həm də ümumi dövlət tərəfindən nəzarət bir qədər artırılmalıdır. Xüsusən hər kəs ciddi şəkildə maska taxmalıdır. Toplum yerlərə getməmək lazımdır. Əgər belə olsa, yoluxma sayında nisbətən daha az artım qeyd edilə bilər. Amma digər tərəfdən, “Omikron” ştamı pandemiyanın sonunu gətirə bilər. Niyə?  Çünki “Omikron” ştamının virulent və patogenliyi xeyli dərəcədə aşağıdır və pnevmoniya törətmək qabiliyyəti koronavirusdan on dəfəyə qədər aşağıdır. Yəni ağırlaşma, xəstəxanaya yerləşmə ehtimalları azdır. Amma sürətlə yoluxdurur. Çünki yuxarı tənəffüs yollarında “Delta”dan 70 dəfə daha sürətli artıb-çoxalma qabiliyyətinə malikdir. Yaxşı xəbər də ondan ibarətdir ki, ağciyərlərdə bu on dəfəyə qədər daha aşağı artıb-çoxalma göstərir. Buna görə çox da panika olmağa ehtiyac yoxdur. Bu, “Delta” ştamından xeyli dərəcədə yüngül keçir. Ağırlaşma ehtimalı olmur və qripə oxşardır. Təbii ki, koronavirus kimi gedişata malikdir. Qripdən fərqli olaraq koronavirusa oxşar kliniki gedişatı  var".

Əliyev sərt karantin rejiminin tətbiqinə zərurətin olmayacağını da bildirib: “Çünki xəstəxanada ağırlaşan xəstələrin sayını çox artmayacağını düşünürəm”.

Təyyar Eyvazov: Hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan  şəxslərdir

Təyyar Eyvazov

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov isə “Yeni Müsavat”a bildirib ki, hazırda koronavirusla mübarizədə ən effektiv vasitə yenə də vaksinasiya olaraq qalır: “Sadəcə olaraq, nəzərdə tutulmalıdır ki, vaksinasiya prosesi nəticəsində yaranmış immunitet müəyyən vaxt çərçivəsində təsirli olur və vaxt keçdikcə təbii ki, qoruyuculuq səviyyəsi azalır. Xüsusən də  ”Omikron" ştamı daha yüksək səviyyəli immunitet tələb edir və buna görə də insanlar buster, yəni gücləndirici dozanı mütləq almalıdırlar. Yalnız belə halda immunitet həmin şəxslərdə təzələnir və daha yüksək səviyyədə insanı qoruyur. Vaksinasiya ilə “Omikron” ştamına xəstələnmə hallarının sayını azalda bilərik".

Qeyd edək ki, səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.

“Yeni Müsavat”