📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda dərman bazarında ciddi bahalaşma baş verə bilər – ARAŞDIRMA

2022-04-01 13:40:00

Azərbaycanda dərman bazarında ciddi bahalaşma baş verə bilər – ARAŞDIRMA

Rusiya-Ukrayna müharibəsi Azərbaycanın dərman bazarına ciddi təsir edəcək

Azərbaycanın dərman bazarında bir təlatüm yaşanmaqdadır. Rusiya-Ukrayna müharibəsi ərzaq və digər sənaye malları bazarı kimi dərman bazarında gərginlik yaratmağa başlayıb. Düzdür Rusiya və Ukrayna dünya dərman sənayesində aparıcı rol oynamırlar.

Bununla belə regionda əsas dərman istehsalçısı və ixracatçılarıdır. Avropa dərman bazarlarında böyük paya sahib olmasalar da MDB məkanında Rusiya və Ukraynanın əczaçılıq firmaları mühim rol oynayırlar. Bu baxımdan Azərbaycan Rusiya və Ukrayna ilə dərman bazarında mühim iqtisadi əlaqələrə malikdir. İndilikdə daha aşağı qiymətə təklif edilən Rusiya və Ukrayna dərmanları ölkə apteklərində azalmağa başlayıb. Müharibə səbəbindən logistik problemlər yerli aptek şəbəkələrinin dərman stoklarının təminatında bir sıra problem yarada bilər.

“Hürriyyət”in əməkdaşları ilə söhbətində əczaçılıq firmalarından birinin sahibi deyir ki, bir neçə aylıq dərman ehtiyatları mövcud olsa da saxlama müddəti az olan dərmanların təminatında problemlər artıq hiss edilməyə başlayıb. Həmsöhbətimiz bildirir ki, dərman təminatı əsasən Rusiya və Hindistanla aparıldığından birinci ilə daşınma problemləri ortaya çıxıb. Pandemiya dönəmində dərman preparatlarına olan təlabatın yüksəlməsi səbəbindən daha çox dərman ehtiyatları toplayan kiçik aptek sahibləri yaxın aylar üçün depolama prossesində çətinliklərlə üzləşə bilərlər. 

Qeyd edək ki, Azərbaycanın əsas drəman və dərman preparatlarını idxal etdiyi ilk 10 ölkə arasında Rusiya və Ukraynanın da payı kifayət qədər çoxdur. Sıralamaya görə Türkiyə, Rusiya, Almaniya, Hindistan, Fransa, İsveçrə, İtaliya, Ukrayna, Avstriya, Polşa ölkəmizə əsas dərman idxal edən ölkələr arasındadır.

Məsələn, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən 2021-ci ildə Azərbaycan Rusiya və Hindistandan dərman idxalını müvafiq olaraq 2 dəfədən çox artırıb. Yəni Azərbaycanın yerli dərman bazarının böyük bir hissəsi faktiki olaraq Rusiyadan və Hindistandan asılıdır. Bununla belə ilk onluqda yer tutan ölkələrdən biri də Ukraynadır. Azərnbaycanın Ukrayna ilə ticarət dövriyyəsində əsas tərəfdaşlarından olan Ukrayna bizə dərman satan ölkələr arasında 8-ci yerdə qərarlaşıb.

Apardığımız araşdırmalar zamanı məlum olur ki, Tarif Şurasının «Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə» 10 saylı, 30 iyun 2021-ci il tarixli Qərarı əsasında qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları sayı 13 minə yaxındır.

Bunlar əsasən Türkiyə, Ukrayna, Hindistan, Çin, Portuqaliya, ABŞ istehsalı olan dərmanlardır. Eyni zamanda dəyişiklik həm də istehsalçının adı ilə bağlıdır. Bir qayda olaraq aptek işlədən sahibkarlar dərmanları baha satmaq üçün siyahıda adı olmayan şirkətlərin dərmanlarını gətirməyə üstünlük verirlər ki, dərmanı sərbəst bazar qiymətinə sata bilsinlər.

Məsələn, Ukraynanın Farmak İSC şirkətinin istehsalı olan Deksametazon dərmanının qiyməti tənzimləndiyi halda həmin ölkənin Zdorovye Əczaçılıq şirkəti MMC-nin istehsalı olan eyniadlı dərmanın adı siyahıda yoxdur. Yəni Ukrayna şirkəti alternativ olaraq bazarda iştirakçı olduğu halda hazırda Azərbaycan bazarına dərman təminatı həyata keçirə bilmir.

Bu baxımdan da müharibənin başlanması səbəbindən altertaiv təminatçı rolunu oynayan Ukrayna şirkətləri artıq fəaliyyətlərini dayandırıblar. Nəticədə son bir həsftə ərzində Ukrayna istehsalı olan KALSİUM QLUKONAT dərmanı 37 faiz bahalaşıb.

“Hurriyyət”in apardığı araşdırmalar zamanı bəlli olub ki, hazırda qiyməti tənzimlənən dərmanların siyahısında mövcud olan 12 min 689 dərmanın cəmi 68-i (0,5%-i) yerli istehsala məxsusdur. Digər dərmanlar isə 100 faiz idxal olunur.

Məsələn bu yaxınlarda əczaçılıq üzrə ixtisaslaşmış iri korparasiyalardan biri DSM Group-un baş direktoru Sergey Şulyak bildirir ki, Azərbaycanın pərakəndə dərman bazarı Rusiya, Qazaxıstan və Ukraynadan sonra MDB ölkələri arasında yalnız 4-cü yerdədir, dövriyyəsi isə 1,5 milyard. səviyyəsindədir.

Yəni bu ilkin olaraq yerli bazarda mövcud olan dərman ticarətinin rəsmi dövriyyəsdir. Lakin araşdırmalar göstərir ki, Türkiyə, İran, Rusiyadan istehlak məqsədilə gətirilən dərmanların da yarısı bir qayda olaraq bazarlarda satışa çıxarılır. Bundan başqa rəsmi olaraq gömrükdə bəyan edilməyən, xammal halında bioloji və üzvü maddələr də idxal edilir ki, sonradan onlar Azərbaycan daxilində qablaşdırılaraq satışa hazır məhsul kimi təqdim edilir. Bu baxımdan da bazar üzrə araşdırmaçıların fikirincə Azərbaycanda dərman bazarının illik həcmi ABŞ dolları ifadəsində ən azı 3 milyard manata bərabərdir.

Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən 2022-ci ilin fevral ayında ölkəyə 119 milyon 507 min 28 ABŞ dolları həcmində əczaçılıq məhsulu idxal edilib. Bu isə ölkənin ümumi idxalatında 6.06 faiz deməkdir.

Müqayisə üçün qeyd edək ki, DGK-dan verilən məlumata əsasən fevral ayında ölkə üzrə ümumi idxalat 1 milyard 972 milyon 485 min 46 ABŞ dolları təşkil edib. Ümumilikdə isə Azərbaycanın yerli dərman bazarı faktiki olaraq 99 faiz idxaldan asılı haldadır.

Məlumata əsasən Azərbaycanda dərman vasitələrinin idxalı və topdan satışı ilə məşğul olan 73 şirkət fəaliyyət göstərir.

“Hüriyyət”in ilkin araşdırmalarına əsasən Azərbaycanda dərman vasitələrinin idxalı və ixracatı ilə məşğul olan 73 şirkətin 42-si Rusiya, Ukrayna və Türkiyə istiqamətində idxalat həyata keçirir.

Hazırda Ukrayna-Rusiya müharibəsi davam etdiyindən bu şirkətlər idxalatı reallaşdırmaqda ciddi çətinliklərlə üzləşməkdədir. Bildirilir ki, müharibənin uduzacağı təqdirdə Azərbaycanda dərmanların qiymətində kəskin bahalaşma gözlənilir.

Alternativ bazarlar olsa da daşınma xərclərinin artması, eyni zamanda dünya bazarında əczaçılıq mallarının qiymətindəki bahalaşma Azərbaycanda da idxal infilyasiyası yaradacaq. Qısa desək, yaxın aylarda 99 faizini idxal etdiyi dərmanların qiyməti ölkəmizdə ciddi şəkildə bahalaşa bilər. Və ya bazarda çoxişlənən dərman preparatları ümumiyyətlə tapılmaya bilər.

“Hürriyyət”