Azərbaycanda dövlət uşaqları ailələrdən alacaq: - Bu hallarda...
Azərbaycan Respublikasının qanunvericilinə görə, valideynlər yetkinlik yaşına çatana qədər uşaqların qayğısına qalmalıdırlar.
Valideynlər uşaqları maddi cəhətdən təmin etməli, müdafiə etməli, zəruri hallarda onları məhkəmələrdə və digər dövlət orqanlarında təmsil etməlidir. Bununla yanaşı, qanunvericilik valideynlərə uşağı təhqir etmək və onunla zorakı rəftarı qadağan edir. Uşağı qəsdən, bilərəkdən və ya bilməyərəkdən heç kim təhqir edə və döyə bilməz. Uşaqla yüksək tonla danışmaq qadağandır. Uşağı döymək qəti qadağandır. Ancaq uşağın valideynləri ilə qalması onun hüquqlarını pozursa və sağlamlığına ziddirsə, o zaman nə etməli?
Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Əsabəli Mustafayev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 72-ci maddəsində öz əksini tapıb:
"Orada göstərilir ki, əgər ailədə uşağın həyatına təhlükə yaranarsa, müvafiq icra hakimiyyəti orqanı dərhal həmin uşağın valideynlərdən alınmasını təmin edir. Müvafiq icra hakimiyyəti orqanı dedikdə, ilk növbədə rayon-şəhər icra hakimiyyətləri nəzdində olan azyaşlıların işləri, qəyyumluq və himayədarlıq üzrə qurumlar nəzərdə tutulur. Bu orqanlar uşağın valideynlərdən götürülməsi qərarını çıxarır və bu prosesi icra edirlər. Daha sonra bu qurumlar valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edirlər".
O qeyd edib ki, bu maddə ilə bağlı yenilik gözlənilir:
"Parlamentdə məişət zorakılığının qurbanı olmuş uşaqların valideynlərdən alınması müzakirə olunur. Ailə Məcəlləsinin 72-ci maddəsindəki “uşağın sağlamlığına təhlükə yaradan amillər” qeyri-müəyyən ifadədir. Burada isə artıq dəqiqləşdirmə də aparılır. Məişət zorakılığının açıqlaması da qanunda var, yəni uşağa qarşı psixoloji, iqtisadi, fiziki zorakılıqlar olanda bu, məişət zorakılığı hesab olunur. Hələ ki qanun qüvvəyə minməyib, amma qüvvəyə minərsə, məişət zorakılığına məruz qalan uşaqlar ailədən alınıb dövlət himayəsinə veriləcək. Əgər uşağa qarşı hər hansı zorakılıq tətbiq olunubsa və bu cinayət xarakterlidirsə, o zaman təkcə uşağın alınmasından söhbət getmir, həmçinin bu əməli törətmiş valideynlərə qarşı cinayət işinin başlanması və onların cinayət məsuliyyətinə cəlbindən də söhbət gedir".