Azərbaycanda əlilliyi olan şəxslər tam hüquqsuz durumdadırlar
3 dekabr – Beynəlxalq Əlillər günündə də əlillər hüquqlarından yararlanmadı
3 dekabr bütün dünyada 1992-ci ildən başlayaraq BMT -nin qərarı ilə “əlillər günü” kimi qeyd olunur. Azərbaycan 2006-cı ildə BMT Baş Məclisinin qəbul etdiyi “Əlillərin hüquqları haqqında” Konvensiyaya 02.10.2008-ci ildən qoşulub. Konvensiyanın başlıca amacı əlillərin hüquq və azadlıqlarını qorumaq, ayrı-seçkiliyin qadağan edilməsi, bütün sosial-tibbi, siyasi, iqtisadi hüquqlardan yararlanmanın təmin edilməsi, məhkəməyə əlçatanlıq və digər təminatları təşviq edib həyata keçirməkdir.
Əvvəllər bizdə rəsmi təbliğat bu gündə əlillərin pensiya və müavinətlərlə təmin edilməsini dövlətin özəl diqqət və qayğısı kimi vurğulayırdı. Bu il sözügedən “diqqət və qayğı” təbliğatı işə yaramır. ƏƏSMN -in yüz minlərlə əlilliyi olan şəxslərin dərəcələrini ləğv etməsi, yüz milyonlarla vəsaiti geri qaytarması “öyüncündən” heç 15 gün keçmir, necə əlillərə qayğıdan söz açılsın? Azərbaycanda əlillərə olan diqqət və qayğı deklarativ xarakter daşıyır və saxtadır, sözdədir, işdə əlillərin heç bir hüququ yoxdur! “Diqqət”ə baxın, bir aralar metro stansiyalarında, reklam lövhələrində əlillərə dəstək sloganları asırdılar, “sən əlil deyilsən, fiziki qüsurlu insansan “ (?-M.B.) deyə. Fiziki qüsurlu olmaq - elə əlil olmaq deməkdir də ! Bu təbliğatın elə də işə yaramadığını görüb, “əlil” sözünü leksikondan çıxarmaq qərarına gəldilər :”SƏN ƏLİL DEYİLSƏN, ƏLİLLİYİ OLAN ŞƏXSSƏN!” Belə “söz -termin oyunbazlığı” ilə, sağlamlığını itirən şəxsin “adının ildən - ilə dəyişdirilməsi”ni qanunlaşdırmaqla problem çözülmür axı! Bu cür “addəyişmə qanunvericiliyi” statistikaya xidmət edir, sosial müdafiəyə yox. “Halva” deməklə ağızın şirin olmadığı kimi, “əlil”ə “əlilliyi olan şəxs” deməklə də əlillik problemi çözümünü tapmır və tapmayacaq da. Əlillərin başlıca problemi məhkəmə təminatı hüququndan məhrum edilmədir. BMT konvensiyasında da, yerli qanunvericilik aktlarında da əlilliyi olan şəxslərin məhkəmə müdafiəsi hüququndan yararlanmalarının , məhkəməyə əlçatanlığın təmin edilməsi doğrulanıb. Di gəl, bu imperativ maddi hüququn gerçəkləşməsinin prosessual yolu bağlı olaraq qalır. Başqa sözlə, hüquq var, amma necə həyata keçirilməsi yoxdur. Biz dəfələrlə prosessual qanunvericiliyə əlillərin məhkəməyə əlçatanlığının istənilən formada təmin edilməsi haqqında bənd salınmasını təklif etsək də, baxılmır. Təklifimiz əlillərin mülki və inzibati işlərdə ixtisaslaşmış məhkəməni , yəni əlilin yaşayış yeri üzrə ən yaxın birinci instansiya məhkəməsini seçmək hüququnun tanınması, yaxud əlillərin məhkəməyə gəlmədən onlayn rejimdə - videokonfrans əlaqə sistemi vasitəsilə iclasda iştiraklarının təmin edilməsi haqqındadır. Yataq xəstəsi əlilin məhkəmədə hüquqlarını qorumaqda imkansız olması kimə gizlindir ki? ! Di gəl, məhkəmələr ədalət, humanizm, vicdan hissini unudub , əlillərin iştirakını distant yolla nəinki təmin edir, əksinə, elektron qaydada verilən iclasda iştirakın videokonfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi vəsatətlərinə də baxmırlar. Vəkillə təminata gəldikdə, əlillərin Azərbaycan Respublikasının Konstitusiyası, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsi ilə doğrulanan prosesin istənilən mərhələsində müdafiəçi ilə pulsuz -dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmaq hüququna da elə məhkəmələrin özləri qadağa qoyub.
Sosial təminat , pensiya, reabilitasiya hüququndan məhrum edilən əlillər siyasi azadlıqlardan və hüquqlardan da məhrumdurlar. Əvvəllər ƏƏSMN yanında Əlillərin sosial müdafiəsi baş idarəsi əlillərə xidmət göstərirdi, təşkilati -hüquq formasından asılı olmayaraq, bütün qurumların dövriyyəsinin 1 faizi əlillərin sosial müdafiəsi üçün ayrılırdı. Sonra bu baş idarənin əlillərə “yekə” olduğunu “əsas” tutub, “əlil tənha və ahıllara sosial xidmət şöbəsi” ilə əvəzlədilər. Daha sonra əlillər onda ayrıldılar ki, bu şöbə də ləğv olunub. İndi “əlil” adına bircə əlillik siyasəti şöbəsi qalıb ki, onun da işinin nədən ibarət olduğu bilinmir. Yəni, bu şöbənin əlillərin hüquqlarının qorunmasına heç bir müsbət yetkisi gözə dəymir. Yeni yaradılan Sosial Xidmətlər Agentliyi isə əlillərə qarşı ayrı-seçkilik edir, qazilərə xidmətdən imtina edir, mənzilləri rüşvətlə bölür. ƏƏSMN-dəki struktur dəyişiklikləri əhalinin hüquqlarının qorunmasını daha da çətinliyə salıb. Təsəvvür edin, nazirlik özünü əhalidən, əlillərdən elə “qoruyur” ki, tabeliyində 6 publik hüquqi şəxs yaradıb və insanlar bilmir ki, hansı quruma üz tutsunlar. Bəlirsizlik o həddə çatıb ki, məhkəməyə müraciət edəndə də ƏƏSMN iddianı, ona aid olmadığı “əsası” ilə mümkün saydırmır. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsi 3 illik süründürməçilikdən sonra qərara alıb ki, ƏƏSMN -in tabeliyindəki publik hüquqi şəxslər “müstəqil” qurumlardır . ƏƏSMN-in tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qarabağ qazisinin pensiyasını başqa şəxsə ödəməsi dələduzluğuna da sözügedən məhkəmə 3 ildir hüquqi qiymət verilməsini təmin etmir. Bakı Apellyasiya Məhkəməsi isə 4 aydır qərarını vermir ki, qazi kassasiya hüququndan yararlansın.
Siyasi hüquq və azadlıqlara gəldikdə, əlillərin ildə bircə gün – 3 dekabr “əlil bayramı”nda da yarım saatlıq piket keçirmələrini BŞİH yasaqlayıb. Bakı İnzibati Məhkəməsi isə 2 günə baxmalı olduğu işə 2 həftədir baxmır. Elə bu faktın özü də əlillərin BMT konvensiyası və yerli qanunvericilik aktları ilə doğrulanan sosial, siyasi, iqtisadi hüquq və azadlıqlarının gerçəkdə kağız üzərində “qorunmasını” deməyə əsas verir.
Məğrur BƏDƏLSOY