📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda ən yaşlı vəkil VƏFAT ETDİ

2022-02-08 21:23:00

Azərbaycanda ən yaşlı vəkil VƏFAT ETDİ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun müdiri Eleonora Rəcəbova vəfat edib.

Tanınmış vəkil bu gün 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rəcəbova Eleonora Viktorovna 6 aprel 1933-cü ildə Bakı şəhərində anadan olub, 1951-ci ildə Bakı şəhəri 66 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1955-ci ildə oranı bitirib. Həmin ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub və vəkil kimi fəaliyyət göstərmək üçün Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasına təyinatla göndərilib. Əvvəlcə qısa müddət stajçı kimi, daha sonra peşəkar vəkillik fəaliyyətinə başlayıb. Həyat yoldaşının diplomatik vəzifə tutması ilə bağlı, qısa müddət fasilələrlə Suriya, Livan, Küveytdə yaşaması ilə əlaqədar vəkillik fəaliyyətinə ara versə də, sonradan öz peşəsini davam etdirib.

Rəcəbova Eleonora Viktorovna 1989-cu ildə Bakı şəhəri 5 saylı hüquq məsləhətxanasının müdir müavini, 1994-cü ildə isə həmin məsləhətxananın müdiri təyin edilib.

1985-ci ildə Eleonora Rəcəbovaya işindəki naliyyətlərinə görə Azərbaycan SSRİ-nin ədliyyə naziri tərəfindən “Təşəkkür” elan olunub, həmçinin 1987-ci ildə “Əmək veteranı” adına layiq görülüb.

1995-2004-cü illər ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, 2005-2010-cu illərdə Vəkillərin İxtisas Komissiyasının və Hakimlərin Seçki Komitəsinin üzvü olub.

2008-ci ildə “Vəkillər Kollegiyasının Fəxri Vəkili” adına layiq görülüb.

2011-2013-cü illərdə Vəkillər Kollegiyasının ictimai həyatında səmərəli fəaliyyəti və 80 illik yubileyi münasibətilə Vəkillər Kollegiyasının fəxri fərmanları ilə təltif edilib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 4 aprel 2018-ci il tarixli qərarı ilə Eleonora Rəcəbova səmərəli fəaliyyəti, peşəkar təşkilatçılıq bacarığı və 85 illik yubileyi münasibətilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adına layiq görülüb.

Allah rəhmət eləsin!

E--huquq.az