📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

2026-11-04 17:21:54

Azərbaycanda hava çirklənməsinə qarşı Milli Fəaliyyət Planı hazırlanacaq

Azərbaycanda atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planı hazırlanacaq.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamı ilə yaradılmış İqlim Dəyişmələri və Atmosfer Havasının Mühafizəsi üzrə Dövlət Komissiyası atmosfer havasının çirklənməsinin qarşısının alınması və keyfiyyətinin yaxşılaşdırılması sahəsində sistemli və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında atmosfer havasının çirklənməsinə qarşı mübarizəyə dair 2028–2035-ci illər üçün Milli Fəaliyyət Planı”nın layihəsini 2027-ci il noyabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Milli Fəaliyyət Planının layihəsi hazırlanarkən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən edilmiş təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetlərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında (COP21) qəbul olunmuş Paris Sazişi, habelə Tərəflərin 29-cu Konfransının (COP29) nəticələri və ölkəmizin “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” sənədi və “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nın hədəfləri ilə kompleks şəkildə həyata keçirilməsi, atmosfer havasının keyfiyyətinin mövcud vəziyyətinin, əsas çirklənmə mənbələrinin və hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənfi təsirinin qiymətləndirilməsi, atmosfer havasının keyfiyyətinin monitorinqi sisteminin təkmilləşdirilməsini, atmosfer havasına atılan zərərli maddələrin, zərərli fiziki təsirlərin və onların mənbələrinin inventarlaşdırılması və dövlət uçotu mexanizmlərinin gücləndirilməsini, habelə transsərhəd çirklənmə üzrə məlumat mübadiləsi mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, əsas iqtisadi sahələr üzrə atmosfer havasına atılan zərərli maddələrin azaldılmasına yönəlmiş tədbirlərin müəyyən edilməsinini və müvafiq ekoloji standartların təkmilləşdirilməsi, qabaqcıl texnologiyaların və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini və təkmilləşdirilməsi, şəhər və digər yaşayış məntəqələrinin planlaşdırılmasında atmosfer havasının keyfiyyət meyarlarının nəzərə alınmasını, iri şəhərlərdə atmosfer havasının çirklənməsi səviyyəsinə uyğun zonalaşdırma prinsipinin tətbiqini və çirklənmə səviyyəsi yüksək olan ərazilər üçün əlavə tədbirlər planının hazırlanması, iqtisadi stimullaşdırma alətlərindən, yaşıl maliyyələşmə və dövlət–özəl tərəfdaşlığı mexanizmlərindən istifadə imkanlarının müəyyən edilməsi, atmosfer havasının keyfiyyəti barədə məlumatlara ictimaiyyətin çıxışı imkanlarının genişləndirilməsi təmin edilməlidir.

Milli Fəaliyyət Planı layihəsinin hazırlanması zamanı qabaqcıl beynəlxalq təcrübədən yararlanmaq məqsədilə beynəlxalq təşkilatların, mütəxəssislərin və ixtisaslaşmış məsləhətçi şirkətlərin cəlb olunması, habelə yerli elmi təşkilatların və mütəxəssislərin, eləcə də vətəndaş cəmiyyəti institutlarının bu sahədə potensialından istifadə edilməsi imkanlarını qiymətləndirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.