📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZƏRBAYCANDA HƏKİMLƏRİN SAYI NİYƏ AZALIR? – Professor səbəbləri açıqladı

2026-10-06 22:01:07

AZƏRBAYCANDA HƏKİMLƏRİN SAYI NİYƏ AZALIR? – Professor səbəbləri açıqladı

Azərbaycanda son bir ildə həkimlərin ümumi sayında azalma qeydə alınıb. 2025-ci ilin əvvəlində ölkədə 35 233 həkim çalışdığı halda, 2026-cı ilin əvvəlində bu rəqəm 34 776 nəfər olub. Yəni bu, bir il ərzində 457 həkimlik, təxminən 1,3 faizlik azalma deməkdir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, azalma ayrı-ayrı ixtisaslarda daha ciddi olub. 

Bəs həkimlərin sayı niyə azalır? Bunun səbəbləri nədir və qarşısını necə almaq olar?

Mövzunu "Azpolitika" ya şərh edən Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, əslində bu məsələnin iki tərəfi var. Bir tərəfdən 65 yaşını tamamlayan həkimlərin sistematik şəkildə əmək fəaliyyətindən uzaqlaşdırılması onların işsiz qalmasına səbəb olur. Digər yandan isə yeni nəslin, yəni müəyyən ixtisaslar üzrə təhsil alan gənc həkimlərin işlə təmin olunması məsələsi ortaya çıxır:

"Bütün bunların fonunda səhiyyə sahəsində kadr çatışmazlığı da yaşanır. Bir tərəfdən təcrübəli həkimlər pensiyaya göndərilir, digər yandan isə yeni nəsildən gələn həkimlərin sayı kifayət qədər olmur. Pensiyaya göndərilən və müxtəlif səbəblərdən fəaliyyətini dayandıran həkimlərlə müqayisədə yeni nəsildən gələn mütəxəssislərin sayı daha azdır. Əhalinin doğum səviyyəsinin azalması da gələcəkdə bu məsələyə mənfi təsir göstərə bilər. Bu baxımdan, ilk növbədə uzun illər ərzində öz peşə və təcrübəsini formalaşdıran həkimlərin əməyindən səmərəli istifadə edilməlidir. Bunlar kifayət qədər təcrübəli və peşəkar şəxslərdir. Əgər həmin həkimlərin özləri işləmək istəyirlərsə, onları müəyyən yaşa çatdıqları üçün avtomatik şəkildə əmək fəaliyyətindən uzaqlaşdırmaq düzgün yanaşma deyil. Onların təcrübəsindən mümkün qədər səmərəli istifadə edilməlidir".

Professorun sözlərinə görə, digər tərəfdən, müxtəlif səbəblərdən xaricdə çalışan həkimlərin Azərbaycana qayıtması üçün də stimullaşdırıcı tədbirlərə ehtiyac var:

"Bu, çox vacib məsələdir. Çünki müəyyən müddət xaricdə çalışaraq təcrübə qazanan həkimlər vətənə qayıtmırlar və başqa ölkələrdə işləməyə üstünlük verirlər. Ona görə də, həmin kadrların ölkəyə cəlb edilməsi üçün müəyyən stimulverici addımlar atılmalıdır. Eyni zamanda regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün mütəxəssislərin rayonlarda işləməsinə əlavə stimullar yaradılmalıdır".