📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda inflyasiya 5,6 faizə çatıb – Ərzaq qiymətləri daha da yüksələcək?

2026-11-17 18:22:44

Azərbaycanda inflyasiya 5,6 faizə çatıb – Ərzaq qiymətləri daha da yüksələcək?

Azərbaycanda qiymət artımı davam edir. Xüsusilə ərzaq məhsulları üzrə inflyasiyanın ümumi göstəricini üstələməsi əhalinin gündəlik xərclərinə təsirini artırır. İlin sonuna yaxınlaşdıqca isə bazarlarda bahalaşma təzyiqinin daha da güclənəcəyi ehtimal olunur. Mövsümi amillər, yerli məhsulların bazardan çəkilməsi və Yeni il ərəfəsində tələbatın artması ərzaq qiymətlərinə təsir göstərən əsas səbəblər sırasındadır.

Bəs ilin sonuna qədər hansı ərzaq məhsullarının bahalaşma riski daha yüksəkdir? Yeni il ərəfəsində qiymətlərdə hansı dəyişikliklər gözlənilir?

Hurriyyet.net  xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,4 faiz yüksəlib.

Cari ilin oktyabr ayında istehlak qiymətləri sentyabr ayı ilə müqayisədə 0,3 faiz, ötən ilin oktyabr ayına nisbətən isə 5,2 faiz artıb.

NATİQ CEFERLİ.jpg (27 KB)

İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanda ərzaq inflyasiyası hazırda 6,8-6,9 faiz civarındadır və ilin sonuna doğru bu göstəricinin daha da yüksəlməsi mümkündür. Onun sözlərinə görə, dekabr ayında ərzaq inflyasiyasının artması Azərbaycanda müşahidə olunan mövsümi tendensiyadır.

“Dekabr ayında hər il bizdə inflyasiya, xüsusilə də ərzaq inflyasiyası daha da yüksəlir. Bu, həm mövsümi amillərlə bağlıdır – yerli məhsulların bazardan çəkilməsi prosesi başlayır, həm də Yeni il ərəfəsində ərzaq məhsullarına tələbat artır. Tələbatın yüksəlməsi isə qiymətlərin artmasına səbəb olur”, – deyə iqtisadçı bildirib.

Natiq Cəfərli qeyd edib ki, bu ilin dekabrından başlayaraq Novruz bayramına qədər ərzaq inflyasiyasının artmasını gözləmək mümkündür.

Rəsmi statistikada ərzaq məhsulları üzrə qeydə alınan 6,8 faizlik bahalaşma ilin son aylarında daha da yüksələ bilər. Bununla belə, ayrı-ayrı məhsullar üzrə qiymət dəyişikliklərinin miqyası mövsümi təklifdən, bazar tələbatından və idxal xərclərindən asılı olacaq.